“Əvvəllər bazara daha çox insan gələrdi. Söhbətləşib, qiymətdə endirim də edərdik. İndi hamı marketlərdən bazarlıq edir. Bizim də bazarımız ölür”.
Bakının Nəsimi Bazarının satıcısı Vaqif Seyfullayev belə deyir.
Yeni il bayramına sayılı günlər qala Metbuat.az olaraq yollandıq paytaxtın adla tanınan, ən qədim bazarlarından biri olan Nəsimi Bazarına. Düzü, bazarın son illər alıcı problemi yaşadığını bilsək də, bazarlığın ən qızğın günlərində bu mənzərənin şahidi olmaq istədik. Deyilənlər bəzi məqamlarda özünü doğruldu. Bazarda demək olar ki, alıcı ilə qarşılaşmadıq. Bir neçə saat ərzində bazara sadəcə 3-4 alıcı daxil oldu. Onlar da konkret bir neçə məhsul aldıqdan sonra getdilər. Uzun-uzadı bazar söhbətləri, qiyməti aşağı salmaq üçün edilən danışıqlara burada rast gəlmədik.

26 ildir bazarda satıcı işləyən Vaqif Seyfullayev deyir ki, əvvəllər şəhərin müxtəlif yerlərində bazara alış-veriş üçün gələrdilər. İndi sadəcə Nəsimi Bazarı ətrafından yaşayan bir neçə nəfər buraya gəlir.

Bazardakı qiymətlərə gəlincə isə, deyildiyi qədər baha deyildi. Qiymətlər belədir:
Kartof (70 - 80 qəpik);
Soğan (50 - 60 qəpik);
Kök (60 qəpik - 1 manat);
Alma (1 - 2 manat);
Nar (1.5 - 2 manat);
Mandarin (1.5 - 2 manat);
Armud (2 - 5 manat);
Banan (2.5 - 3 manat);
Portağal (2 - 5 manat);
Xiyar (3 - 4 manat);
Pomidor (3.5 - 5 manat);
Kənd toyuğu (6 – 8 manat);
Hinduşka (9 – 12 manat);
Mal əti (11 - 13 manat);
Qoyun əti (12 – 14 manat);
Balıq (5 – 20 manat).
Xəyalə Məmmədova / Metbuat.az
Fotolar: Sərvan Şəldiyev
"Bitcoin" yenidən bahalaşır - Qiymət – Oxumaq üçün tıklayın!