Şimali Kipr Türk Respublikasında keçirilən ümumi seçkilərdə heç bir partiya tək başına iqtidar əldə edəcək millət vəkili sayına çatmayıb.
Metbuat.az-ın məlumatına görə, ŞKTR-da ötən gün keçirilən seçkilərdən sonra sandıqların 93%-i açılıb. Nəticələrə görə, seçkilərdə iştirak edən 8 partiyadan 6-sı Milli Məclisdə təmsil olunmaq haqqı qazanıb. Baş nazir Hüseyn Özgürgün liderliyindəki Milli Birlik Partiyası (UBP) səslərin 35%-ni toplayaraq birinci olub, Respublikaçı Türk Partiyası (CTP) və Demokrat Partiya (DP) isə böyük səs itkisi yaşayıb.
Seçkidə Milli Məclisdə təmsil olunmaq şansı qazanan partiyalar Milli Birlik Partiyası (UBP), Respublikaçı Türk Partiyası (CTP), Xalqın Partiyası (HP), Yenidən Doğuş Partiyası (YDP), Demokrat Partiya (DP) və Toplumcu Demokratiya Partiyası (TDP) olub.
Ölkədə qeydiyyatda olan 190 min seçicinin 61,5%-nin səs verdiyi seçkilərdə, qeyri-rəsmi məlumata görə, UBP 35% səs toplayaraq 50 yerlik məclisdə 21 millət vəkili ilə təmsil olunmaq hüququ qazanıb. CTP 21,05% səslə 12 millət vəkili, HP-17,05% səslə 9, TDP 8,64% səslə 3, DP 7,87% səslə 3, YDP isə 6,96% səslə 2 millət vəkili ilə təmsil olunmaq şansı qazanıb. Ancaq heç bir partiyanın tək başına iqtidarı əldə edəcək qədər millət vəkili seçilməyib. Bu səbəbdən 2-3 partiyanın birləşərək koalisiya yaratmağı gündəmə gəlib.
Qüdrət Özersayın lider olduğu Xalqın Partiyası, ilk dəfə girdiyi seçkilərdə 17,05% səs toplayaraq məclisin 3-cü partiyası olub. UBP isə əvvəlki seçkilərə nisbətən 8% daha artıq səs toplayaraq seçkinin qalibi olub. Seçkilərdə CTP 17%, DP isə 16% səs itirib.
Günay Elşadqızı / METBUAT.AZ