ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Nikki Haley, “ABC” televiziyasının “This Week” proqramında gündəmlə bağlı sualları cavablandırıb.
Metbuat.az-ın məlumatına görə, ABŞ prezidenti Donald Trampın Şimali Koreya ilə danışıqlara açıq olduğu istiqamətindəki şərhinin ardından Vaşinqtonun siyasi dəyişikliyə gedib-getməyəcəyi ilə bağlı suala cavabında Haley deyib: “Dəyişiklik yoxdur, Şimali Koreya ilə görüşü biləcəyimizi, amma əvvəlcə bir çox şeyin gərəkli olduğunu bildirmişik. Şimali Koreya nüvə sınaqlarını dayandırmalıdır. Eyni zamanda, nüvə silahlarının qadağan edilməsi mövzusunda danışmağa istəkli olmalıdırlar”.
Şimali Koreya ilə birbaşa danışıqların başlaması üçün ilkin mərhələnin Pxenyanın nüvə sınaqlarını dayandırması olduğuna diqqəti çəkən Haley, Şimali Koreya ilə Cənubi Koreya arasında qış olimpiadaları çərçivəsində reallaşdırılacaq görüşlə bağlı da açıqlama verib: “İki ölkə istəsə görüşə bilər, bildiyim qədərilə ancaq olimpiada haqqında danışacaqlar. İki ölkənin yaxşı münasibətdə olması yaxşıdır, bu olarsa, ABŞ üçün də yaxşı olardı”.
Şimali Koreya ilə nüvə müharibəsi istəmədiklərini daha əvvəl bir neçə dəfə dilə gətirdiklərini, ancaq ortada təhlükəli həqiqətin olduğunu deyən Haley, Trampın nüvə düyməsi şərhini də belə müdafiə edib: “Şimali Koreyaya bizim də onları yox edə biləcəyimizi xatırlatmaq istəyirik. Bu səbəblə sözlərinə və nə etdiyinə çox diqqət etməlidilər. Bunun insanları narahat etdiyinin fərqindəyəm, amma belə etməsək daha çox təhlükədə olarıq”.
Qeyd edək ki, Donald Tramp, Şimali Koreya lideri Kim Çen Inın Yeni il çıxışındakı açıqlamasından sonra Tvitter hesabında ona cavab verib: “Şimali Koreya lideri Kim Çen In nüvə düyməsinin masasında hazır olduğunu bildirib. Tükənmiş və aclıq çəkən rejimin nümayəndələrindən biri ona desin ki, mənim də nüvə düyməm var. Ancaq bu onun düyməsindən daha böyük və daha güclüdür”.
Günay Elşadqızı / METBUAT.AZ