Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan
iclasında Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan
Xalq Cümhuriyyəti ili” elan edib.
Bu qərarı alqışlayan Milli Məclisin Gənclər və idman komitəsinin
sədri Fuad Muradov Publika.az-a açıqlamasında
deyib ki, Azərbaycan Prezidentinin indiyə kimi atdığı hər bir addım
ölkəmizin milli mənafeyinə, dövlətimizin maraqlarını qorumaqla
perspektivli inkişafa xidmət edib: “Bu hadisə bütövlükdə Azərbaycan
cəmiyyəti, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yaşayan
soydaşlarımız tərəfindən yüksək rəğbətlə qarşılanıb. Hətta Məhəmməd
Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə bu hadisə ilə bağlı cənab
Prezidentə təşəkkür də edib. Xaricdəki azərbaycanlı ziyalılar
dünəndən Prezidentin bu addımına görə ona minnətdarlıq edirlər.
Yəni 2018-ci ilin ölkəmizdə “Cümhuriyyət ili” elan edilməsi tək
Azərbaycanın daxilində deyil, bütün dünyada qəbul edilir. Buna görə
də hər bir azərbaycanlı cənab Prezidentlə qürur duymalı və onun
ətrafında sıx birləşməlidir”.
Fuad Muradov qeyd edib ki, bu qərardan irəli gələn öhdəliklərlə
bağlı hər bir Azərbaycan vətəndaşı Prezidentə dəstək olmalıdır:
“Cənab Prezident özü də çıxışında qeyd etdi ki, indiki müstəqil
Azərbaycan dövləti, Azərbaycan xalqına məxsusdur. Bu varisliyi
dövlətimiz öz üzərinə götürür. Ölkə başçısı son addımı ilə əvvəllər
söylədiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrini
bir daha təsdiqlədi. Hər kəs bunun şahididir ki, İlham Əliyev bütöv
azərbaycanlıların, eyni zamanda ölkə hüdudlarından kənarda yaşayan
həmyerlilərimizin prezidentidir. Bunu hər bir Azərbaycan vətəndaşı
görür və yüksək qiymətləndirir”.
Şərqdə ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu qeyd
edən komitə sədri bundan hər bir azərbaycanlının yararlanacağını
vurğulayıb.
“Şərqdə ilk dəfə olaraq qadınların müstəqil şəkildə seçkilərə
qatılması tariximizdə qürurverici hadisə kimi yaddaşlara həkk
olunub. Yüzillik tarixin varisi indiki müstəqil Azərbaycandırsa,
biz bununla öz dövlətimizi dünya miqyasında təbliğ etmək
imkanlarına malik olacağıq. Bu bizim üçün böyük avantajdır və cənab
Prezidentin bu addımı bizlərin hər birinə daha düzgün yol göstərmiş
oldu. Təsadüfü deyil ki, ümummilli lider Heydər Əliyev
M.Ə.Rəsulzadə ailəsinə, Azər Rəsulzadəya, Rais Rəsulzadəyə daim
diqqət və qayğı göstərib. Bu qayğı və diqqət bu gündə ümummilli
liderin siyasi davamçısı olan cənab İlham Əliyev tərəfindən davam
etdirilir. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan
Respublikasının ilk Parlamentinin rəhbəri Əlimərdan bəy
Topçubaşovun Fransanın paytaxtı Parisiin Seb Klu (Saint-Cloud)
məzarlığında yerləşən məzarı üstündə qəbirüstü abidə ucaldılıb və
tarixi əhəmiyyətə malik sinə daşı ölkəmizə gətirilərək Nizami
muzeyinin ekspozisiyasına daxil edilib. Prezident İlham Əliyevin
göstərişi ilə əməkdar rəssam Rais Rəsulzadənin 70 illik yubileyi
keçirilib, fərdi sərgisi açılıb və kitabı nəşr edilib. Cənab
Prezidentin təşəbbüsü ilə daim İstiqlaliyyət qurucuları, onların
ailələri ilə münasibət saxlanılıb, sonradan ikinci dünya müharibəsi
qəhrəmanı olmuş Mehti Hüseynzadəyə də Sloveniyada Xatirə muzeyi
açılıb. “Cümhuriyyət ili” elan edilməsi dövlətiçiliyimizin daha da
inkişaf etdirilməsində, dünya səviyyəsində Azərbaycanın
tanınmasında atılan mühüm addımların davamıdır. Azərbaycan gəncləri
adından Prezidentin bu addımını alqışladığımızı bildirir və hər
zaman dövlətçilik və müstəqilliyimizin qorunub saxlanmasına töhfə
verəcəyimizə söz veririk. Bizim borcumuz da tarixin bizə bəxş
etdiyi lideri qorumaq və ona ölkəmizin inkişafı naminə gördüyü hər
bir işdə dəstək olmaqdır”, - deyə deputat vurğulayıb.