“Yaqland Azərbaycanda keçirilən islahatları dərindən öyrənib” – Millət vəkillərindən açıqlama

Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında çıxış edən baş katib Torbyorn Yaqland Azərbaycanda son dövrdə aparılmış hüquqi islahatları yüksək qiymətləndirib, onların əhəmiyyətli irəliləyiş olduğunu vurğulayıb.

Nəzərə alsaq ki, AŞPA sədrinin daha əvvəl ölkəmizlə bağlı həqiqəti əks etdirməyən çıxışları olub, Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan şəxslərdən biridir, təbii ki, son açıqlaması təəccüblə qarşılanır.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Elman Məmmədov bildirib ki, bəzən avropalı siyasətçilər həqiqəti bilmədən kimlərinsə deməyi ilə, kimlərinsə qərəzli, təhrif olunmuş məlumatlarına, yazılarına əsaslanıb fikir söyləyirlər: “Yaqlandın da Azərbaycana qarşı olan müəyyən ədalətsiz, haqsız fikirləri düşünürəm ki, yoxlanılmamış məlumatlara əsaslanırdı. Ancaq onun Azərbaycanla bağlı sonuncu səsləndirdiyi fikirlər bunu deməyə əsas verir ki, ölkəmizdə siyasi, iqtisadi, idarəetmə və digər sahələrdə həyata keçirilən islahatları dərindən öyrənib, məlumatlanıb, beynəlxalq hesabatlarda ölkəmizə verilən dəyərləri öyrənib və fikir söyləyib. Təbii ki, bu bizə xoşdur, arzu edərdik ki, bu insanlar Azərbaycanla bağlı demirik ki, yalandan tərifləsinlər, xoş sözlər desinlər, xeyr, sadəcə həqiqətdə olanı desinlər. Azərbaycanda son illərdə aparılan islahatları, bu islahatların nəticəsində ölkəmizin əldə elədiyi uğurları, qazandığı nailiyyətlər, beynəlxalq aləmə, elə Avropanın özünə enerji təhlükəsizliyi sahəsində verdiyi töhfələr və s. nüansları qeyd etməliyik. Həmin siyasətçilər bunlara əsaslanıb fikir söyləsinlər. Onda bu reallıq olacaq”.

Millət vəkili qeyd edib ki, Azərbaycan çox uğurla inkişaf edir, məqsədyönlü siyasət aparır, bütün istiqamətlərdə yüksək nailiyyətlər qazanır: “Bunu da davam etdirəcəyik. Təbii, istəyirik ki, ən böyük uğuru ərazi bütövlüyümüzün bərpası məsələsində qazanaq. Yəni torpaqlarımızı işğaldan azad edək, ərazi bütövlüyümüzü bərpa edik. Biz, ərazi bütövlüyümüzün bərpa olunmasına yönəlmişik. Bütün sahələrdə siyasi, iqtisadi, diplomatik, mədəni, hərbi sahədə güclənməyimizin son məqsədi nədir? Dövlətçiliyimizi möhkəmləndirmək, qoruyub saxlamaq, ərazi bütövlüyümüzü bərpa etmək, torpaqlarımızı işğaldan azad etmək. Mən bir vətəndaş kimi arzu edərdim ki, Yaqland və digər siyasətçilər bizim torpaqlarımızın işğaldan azad olunması işində də özlərinin ədalətli mövqeyini ortaya qoysunlar. Demirəm bizim tərəfimizdə dursunlar, sadəcə haqlı-ədalətli olsunlar. Bu kifayət edəcək, çünki bizim işimiz haqq işidir, ədalət işidir. Bizim heç kimin torpağında gözümüz yoxdur, öz torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bu sahədə istəyirik ki, Avropa Şurasının, Avropa İttifaqının, digər beynəlxalq qurumlarda təmsil olunan siyasətçilərin mövqeləri ədalətli olsun”.

Millət vəkili Azər Badamov isə bildirib ki, AŞPA sədri əvvəlki açıqlamalarda hansısa maraqlı dairələrin dediyi sözlər əsasında açıqlama vermişdi:

“Sonra gördü ki, dediyi fikirlər həqiqəti əks etdirmir, artıq Azərbaycan reallığını öyrənib deyə düz fikirlər səsləndirib. Bugünkü Azərbaycan bütün dünyada hörmətlə qarşılanan nüfuzlu, demokratik, hüquqi ölkədir. Yaqlandın obyektiv fikirləri də məhz buna görə formalaşıb”.

Günay Elşadqızı / METBUAT.AZ

“Kəmiyyətdən keyfiyyətə keçid məsələsində ciddi çətinliklər qüvvədədir” – Elman Nəsirov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı