“Nikahdan əvvəl tibbi müayinələr aparılsa da, ölkədə talassemiyalı xəstələr dünyaya gəlir”.

Publika.az-ın xəbərinə görə, bu sözləri Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov bu gün Heydər Əliyev Fondunun dəstəyi və Talassemiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

V.Hüseynov bildirib ki, bunun başlıca səbəbi xüsusən cənub bölgəsində nikah yaşından əvvəl ailə qurulması və uşaqların dünyaya gəlməsidir:

“Talassemiya daşıyıcılarının ailə qurması səbəbinə görə xəstələrin sayında artım müşahidə edilirdi. Son illərdə dövlət tərəfindən qəbul olunan proqramlar əsasında nikaha daxil olan cütlüklərin yoxlanılması nəticəsində 2017-ci ildə talassemiya xəstələrinin doğulması sayında önəmli dərəcədə azalma müşahidə edilib. Qəbul olunan proqramlar qısa müddətdə öz nəticəsini vermir. Aralıq dənizi hövzəsi ölkələrinin təcrübəsinə dayanaraq deyə bilərik ki, bu cür problemin aradan qaldırılması üçün regionda aparılan maariflənmə önəmlidir. Bu məsələdə önəmli hissə talassemiyanın uğurlu müalicəsi deyil, eyni zamanda profilaktik tədbirlərin həyata keçirilməsidir. Məqsədimiz talassemiyalı uşaqların doğulmasının azalmasına nail olmaqdır. Bu tədbirdə nikaha girən cütlüklərin müayinəsi əhəmiyyət daşıyır. Müayinə zamanı cütlükdə talassmiya daşıyıcılığı müəyyən edilirsə, onlara düzgün konsultasiya verilməlidir. Bu cütlüklərdən ailə quranlar olsa, beynəlxalq diaqnostika apararaq xəstə uşaqların doğulmasının qarşısını ala bilərik”.

Tədbirdə çıxış edən Millət vəkili Musa Quliyev bildirib ki, dünyada bu cür mərkəzlərin sayı çox azdır:

“Nikahdan əvvəl tibbi müayinələr aparılsa da, xəstələrin sayında azalma müşahidə edilmir. Bunun da səbəbi bəzi bölgələrdə nikah yaşından əvvəl ailə qurulmasıdır. Hesab edirəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələdə həssaslıq göstərməli, regionlarda talassemiya xəstəliyi ilə doğulan uşaqların reysteri aparmalıdır. Bu qanun qəbul edilən ölkələrdə 20 il sonra talassemiya xəstələrinin sayı sıfıra enib. Bizim də məqsədimiz bu cür göstəriciyə nail olmaqdır”.

Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov qeyd edib ki, talassemiyalı uşaqların bütün lazımi ehtiyaclarının təmin edilməsi Fondun əsas məqsədidir:

“Fondun Prezidenti Mehtiban Əliyeva və vitse-prezident Leyla Əliyeva bu xəstələrə lazımi qayğının göstərilməsinə daim həssas yanaşır. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin xaricə göndərilməsinin qarşısı alınıb”.

Qeyd edək ki, tədbiribin keçirilməsində əsas məqsəd kütləvi informasiya vasitələri ilə birgə talassemiyadan əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsi, həmçinin xəstəliyin yayılmasının qarşısının alınması üçün cəmiyyətin maarifləndirilməsidir.

Tədbirin sonunda “Ən yaxşı jurnalist layihəsi” adlı müsabiqə elan edilib. Müsabiqə çərçivəsindı Talassemiya ilə mübarizəyə kompleks yanaşmanı təmin etmək məqsədilə cari il boyunca jurnalistlərin ən kreativ, inkişayönümlü, maarifləndirici layihələrinin icrasi həyata keçiriləcək.

Gülxar