Xalq artisti Nisə Qasımovanın Milli.Az-a müsahibəsi.

- Nisə xanım, həmişə sənətinizin zirvəsində olmusunuz. O zirvədən aşağı baxanda kimləri görmüsünüz?

- Təəssüflər olsun ki, mən heç bir zaman o zirvədən aşağı baxa bilmədim. Həmişə hər şeyi bərabər gördüm, hamıya bərabər baxdım. Mən heç kimə, ələxüsus da həmkarlarıma yuxarıdan aşağı baxmadım. Çünki bu sənətdə hər kəs çalışır ki, nələrsə əldə etsin. Onların da zəhmətini dəyərləndirmək lazımdır.

- 2017 ildə sizin yaradıcılığınızda səs-küy yaradan ən böyük yeniliklərdən biri də "Yalan dünya" mahnısını yeni-rok tərzində duet oxumağınız oldu.

- Yeri gəlmişkən mən sizin vasitənizlə Qara Dərvişə öz təşəkkürümü bildirirəm. Çünki "Yalan dünya" mahnısının rok ifasını o etdi. Çox gözəl də alındı. Ümumiyyətlə, rok musiqisini ara-sıra dinləyirəm. Mən öz həyatımı musiqi janrlarına görə bölsəm, deyə bilərəm ki, bütünlükdə həyatım, sən demə, rok imiş. İnsan öz həyatını rənglərə, mərtəbələrə bölür. Bəzi insanlar var ki, heç bilmirlər həyatları necədir. Amma mən uzun illər əvvəl hiss etmişdim bunu. Rokun özü daha çox fəryadı, canfəşanlığı ön plana çəkir. Hamı bilir ki, mən tez küsüb, tez barışan insanam. Barışmaq üçün mənə balaca bir qığılcım yetərdir. Bəzən ağlayıram, bəzən ürəkdən gülürəm. O xarakter ki, məndə var, gizlin -gizlin bəzən güzgüdə özümə baxanda deyirəm ki, "sən neynirsən, sən nəyə görə yaşayırsan?". Amma dərhal bu suallarıma cavab tapılır. "Kim olursan ol, səmimi ol, qondarma insan olma". Onda rahatlıq tapıram ki, şükür mən qondarmalıqdan uzağam. Necə varamsa eləyəm, bir gün çılğın, bir gün əsəbi, bir gün qəmli.

- "Səni gözləyəcəyəm" mahnınızı oxuyanda, yəqin ki, gizlin hisslər yaşamısınız. Çünki bu mahnı başdan-ayağa sirrlərlə doludur.

- Mahnılar saf, səliqəli hisslərlə oxunmalıdır. Təbii ki, emosiya da olmalıdır. O mahnı bir sevgi, intizar, sədaqət dünyası idi. Mahnıda belə bir nəqarət var: "Səni gözləyəcəyəm, gəlsən də, gəlməsən də, əgər sən xoşbəxtsənsə, bil ki, xoşbəxtəm mən də" İnsan çox sevdiyi insanlara xoşbəxtlik arzu edir. Amma özü əzilər, sıxılar.

- Deməli, eqoizmdən uzaq birisiniz...

- Sizə bir sirr açım? Mən elə eqoist insanam ki...

- Heç inana bilmirəm.

- Vallah inanın. Çox eqoistəm. Özümü sevmək deyil mənim eqoizmim, yəni mən özümü sevməkdən uzaəam. Mən, məni sevənlərin həsrətini çəkən bir eqoistəm. Onların sayının azalmamasını istəyən bir eqoizm var məndə. Həqiqətən də, onların arasından 1 insan da olsa azalarsa, 1 insana görə dünyanı da dağıdaram. Məni sevənlərin sayı azalmamalıdır. Hər dəfə İnstaqram səhifəmdə 100 adam artdıqca uşaq kimi sevinirəm (gülür).

- Ətrafınıza həmişə gəncləri toplamısınız. Onlardan xüsusi bir güc alırsınızmı?

- Mən gənclərlə çalışmağı sevirəm. Repertuarımda elə mahnılar var ki, gənc bəstəkarlar yazıb. Əvvəl mən onlara ehtiyatla yanaşırdım, sonra düşündüm ki, ay Nisə, məgər sən gənclik illərində addım atanda az səhvlərə yol vermisən? Onu düşünəndə gənclərə güzəşt edirsən ki, eybi yox. 3 il, 5 ildən sonra onlar öz yollarını tapacaqlar. Sözün əsl mənasında, onlara dəstəyəm.

- Nisə xanım hansı mahnısında taleyini yaşayıb?

- Əslində, bütün oxuduğum mahnıların içində bir Nisə Qasımova var. Amma "Yalandır dünya" mahnısı mənə daha yaxındır. Çünki bu mahnıda insan taleyi var. Elə mənim də taleyim yaxşı ola bilərdi, amma müəyyən maneələr olmasaydı. Hər bir müğənninin həyatında bir maneələr, sədlər olur. Necə ki, süni və təbii fəlakətlər var. Mənim də başıma vaxtilə süni fəlakətlər gəldi. Bu mənada "Yalandır dünya", elə bil, mənim üçün yazılıb. Şən mahnılarda öz yaşımı göstərə bilmirəm, uşaq oluram. Amma utanıram da. Çünki mən gənclik illərimi yaşamadım. İndi başlamışam cavanlaşmağa, bütün oynaq mahnılarımı gülə-gülə oxuyuram. İtirdiyim cavanlığımı bu gün tapıram.

- Həyatda ən böyük dostunuz kim olub?

- Allah cəmi dünyadan köçənlərə rəhmət etsin, həmçinin mənim anama da. Həyatda ən böyük dostum anam olub. Hərdən həddindən çox ağlamağımı yaxınlarım mənə irad tutur. Ağlamaq gözəl şeydir, daxili dünyadır. Ana mənim üçün bir başqa dünyadır. Bu sözü onun sağlığında da demişəm, indi də deyirəm, ölənə qədər də deyəcəyəm. Bütün anaların əllərindən öpürəm. Anamın yoxluğunu bir Allahım şahiddir ki, hər dəqiqə, hər saniyə hiss edirəm. Qara rəngli libas geyinəndə anamın səsi qulağımda canlanır: "Nisə, sən Allah qara paltar geyinmə" (kövrəlir).

- Mahnının sözləri sizin üçün önəmlidir, yoxsa musiqisi?

- Mütləq şəkildə həm söz, həm də musiqi vəhdət təşkil etməlidir. Necə ki, insan təpədən dırnağa qədər vəhdətdən ibarətdir. Poeziya və musiqi qardaşdır. Bəzən görürsünüz ki, musiqi gözəldir, amma söz ona uyğun deyil. Mənim üçün söz vacibdir. Neçə illərdir mən yeni mahnı oxuya bilmirəm. Üz tutmuşam digər ölkələrin mahnılarına. Mahnılar göstərirlər, boğazda oxunur, amma daxilə sirayət etmir.

- Bu günə qədər kimləri həyatınızdan silmisiniz?

- Həyatımda mənə nüfuzsuzluq gətirən, işlərimdə mane olan insanları silmişəm. Bəzən elə bilirlər ki, onlar mənim həyatımda önəmli yer tuturlar. Onları bir-bir silmişəm, sadəcə olaraq, salam qalıb. İt ilidir, artıq mən özüm-özümə sadiq qalmağı tərciyə edirəm. Mən, ümumiyyətlə, sadiqliyi sevən insanam və qarşı tərəfdən də sadiqlik gözləyirəm. İnsanın özünün-özünə sadiq qalmağı böyük bir fəlsəfə imiş, sən demə.

- Nisə xanım, uzun illərdir konsert vermirsiniz. Buna səbəb nədir?

- Sözün düzü, tamaşaçılar mənə də bu haqda yazırlar. Etiraf edim ki, konsert vermək çox çətindir. Bu həm də maddi problemdir. Ümumiyyətlə, layihə haqda düşünmək çətindir. Mən konsertdə mahnı oxuyacağam, amma hər bir mahnıya görə daxildə quruluş olmalıdır. Uzun sözün qısası, hələ ki, konsert haqqında düşünmürəm. Mən sizin gördüyünüz Nisə deyiləm. Gördüyünüz Nisənin içində bir başqa Nisə var. Onu göstərmək istəyirəm, amma alınmır ki, alınmır. Yaş artır, tənbəlləşirəm, kökəlirəm. Amma hələ də o Nisəni üzə çıxara bilmirəm.

- Nisə xanım, uğurlu müğənnisiniz. Bir sənətkar kimi sənətdə hər şeyə nail olmusunuz. Bəs bundan sonra özünüzə nələr arzu edirsiniz?

- Mən özümə, yaxınlarıma, tamaşaçılarıma yalnız can sağlığı arzu edirəm. Dostlar, doğmalar çalışırlar ki, özəl günlərimdə mənə qızıl əşya bağışlasın, edirlər də çox sağ olsunlar. Mən burdan həmin insanlara səslənirəm ki, mənə qızıl ürək bağışlayın. Həmişə parlaq, həmişə saf olsun. Onun əvəzini görəcəksiniz. Yalançı ifadələri, sözləri xoşlamıram. Mənim fəhmim çox güclüdür, yalanla riyakarlığı ayıra bilirəm. Sadəcə olaraq, üzüm həmişə gülür, deyirəm ki, sən elə düşün ki, mən onu həzm elədim.

Əli Rəhimoğlu
Milli.Az