Xaricilər üçün qapalı ada, ABŞ-a nifrət, lider sevgisi - Bəxtiyar Hacıyev Şimali Koreyayadan yazır - FOTOLAR

Xaricilər üçün qapalı ada, ABŞ-a nifrət, lider sevgisi - Bəxtiyar Hacıyev Şimali Koreyayadan yazır - FOTOLAR
10:44 23 Fevral 2018
177 Digər
Ölkə mətbuatı
A- A+

 

 

 

16-21 fevral tarixləri arasında dünyanın ən sirli, qapalı ölkəsi olan Şimali Koreyaya səfər etmiş ictimai fəal Bəxtiyar Hacıyev öz səfər qeydlərini qələmə alıb. Lent.az xebernet.az saytına istinadən Bəxtiyarın Şimali Koreyadan yazdığı reportajı təqdim edir.

 

**

 

Həyatımda ikinci dəfə idi ki, hərhansı bir səfərə qalan günləri geri sayırdım. Birincisi, orta məktəb illərində Beynəlxalq Fizika Olimpiadasında iştirak üçün ilk dəfə səfərə çıxacağım İtaliya səfəri idi. İkincisi isə Şimali Koreyaya (Koreya Xalq Demokratik Respublikası). İkinci səfərin həyəcanı qorxu və narahatlıqdan yox, macəra axtarışı və dünyanın ən sirli ölkəsi barədə maraq hissindən idi. Səfərdən əvvəl beynəlxalq mətbuatda Şimali Koreya barədə xəbərlərin sayı artdıqca, bu həyəcan da artırdı.

 

Şimali Koreyaya səfər zamanı həm valideynlərimizin yaşadığı bənzər sistemi, keçmişi görmək, həm də bu səfərdən sonra gedəcəyim Cənubi Koreyanı da görüb, iki fərqli sistemin, iki fərqli idarəçiliyin bir millət-iki dövlətdə hansı problemlər və inkişaf yolu yaratdığını müşahidə etmək idi. KXDR-a səfər ideyası ABŞ-da birlikdə təhsil aldığımız çinli dostumuzla bir neçə il əvvəl söhbət zamanı yaransa da, səfərin məhz fevralda olmasının xüsusi səbəbi vardı. Kim Çen İrin doğum günü münasibəti ilə 16 fevralda keçiriləcək 30-cu "Kimjonguliya Gül bayramı -Parlayan ulduz  günü" çərçivəsində keçiriləcək kütləvi tədbirləri görmək istəyirdik.   

 

Şimali Koreya vizası indiyə qədər aldığım ən asan viza olmuşdu. Pasportumun surətini və bir ədəd fotonu elektron poçtla göndərib, vizanı Çində sərhəddə götürmüşdüm. Ölkəyə girişi Çindən qatarla edəcək, çıxışı isə gün ərzində cəmi bir reys həyata keçirən Pxenyan hava limanından KXDR-ın AirKoryo hava yolları ilə edəcəkdim. Bununla da həm qatar, həm hava yolu təcrübəsini yaşamış olacaq, həm də qatar səfəri zamanı ətrafı müşahidə edib, qatardakı yerli əhali ilə təmasda olmaq şansım yaranmışdı.

 

Çinin Dandong şəhərindən qatara sənədlərin yoxlanması başlanmışdı. Gözləmə zalında bir neçə yüz nəfər Çin, KXDR vətəndaşı, 20-yə yaxın əcnəbi vətəndaş gözləyirdi. Qeydiyyata yaxınlaşan ilk şəxslərdən biri olsam da, Azərbaycan pasportunu görən sərhədçilər müxtəlif yerlərə zəng edib, suallar soruşmağa başladılar. Hamı bir-bir qeydiyyatdan keçmişdi, sərhədçilər isə mənim pasportumu götürüb, öz aralarında nəyisə müzakirə edir, məndən səbrlə gözləməyi xahiş edirdilər. Vaxt keçdikcə, narahat olmağa başladım. Aylarla planlaşdırdığım, illərdir getmək istədiyim ölkəyə bu qədər yaxın yerdə problem çıxmasını istəmirdim. Artıq qatarın hərəkət saatı çatmışdı, sərhədçilər isə pasportumu qaytarmırdılar. Sərhədçilər "narahat olmayın, sizsiz qatar hərəkət etməyəcək" dedilər.

 

Təxminən yarım saat qatarı gözlətdikdən sonra pasportumu mənə qaytardılar və qaçaraq qatarın vaqonlarından birinə girdim. KXDR-lı bələdçi həyəcanla məni öz vaqonuma qədər müşayiət etdi. Sonradan öyrəndim ki, KXDR və Çin arasında hərəkət edən qatarda əcnəbilər üçün ayrıca vaqon saxlamaqla, əcnəbilərin yolda yerli əhali ilə təmasını minimuma endirməyə çalışırlar.

 

Qatar qısa hərəkətdən sonra Çin-Koreya Dostluq Körpüsünü keçdi və KXDR ərazisində sənədlərimiz, əşyalarımız yoxlandıqdan sonra, yola davam etdi. Artıq dünyanın ən qapalı, ən sirli ölkəsinin ərazisində idik və Pxenyana qədər yanımızda bələdçi olmayacaqdı. Fürsətdən maksimum istifadə edib, ətrafı görmək, foto və videolar çəkmək, yerli əhali ilə danışmaq istəyirdim. Qatarın vaqonları arasında gəzişib, sağ və sol pəncərələrdən fotolar çəkərkən Şimali Koreyalı bir şəxs özü mənə yaxınlaşdı, rus dilində danışmağa başladı, keçmiş SSRİ-də təhsil aldığını bildirdi. Həmin sərnişin və bir neçə başqa sərnişin dəfələrlə jurnalist olub-olmadığımı israrla soruşdular.

 

- Bilirəm, yazma, çəkmə desəm də, yazacaqsan. Ancaq xahiş edirəm ki, yazanda gördüyün müsbət məqamları da yaz və nəzərə al ki, gördüyün ölkə uzun illərdir beynəlxalq sanksiyalara məruz qalmış ölkədir.

 

Həmin sərnişin bir müddət yanımda dayanaraq, ətrafda mənfi görünə biləcək hər şey haqqında müsbət şərh verməyə çalışırdı.

 

- Bax, yollarımız köhnədir, görürsən. Ancaq necə təmizdir, elə deyil? Çində isə yollar müasirdir, ancaq insanlar küçələri zibilləyirlər.

- Bax, tarlalarda gübrələri görürsən? Onları dövlət bizə pulsuz verir. Biz tərəvəzləri çətinliklə yetişdiririk, ancaq hər şey təbiidir. Çində tərəvəz yemisən? Süni şəkildə yetişdirilmiş tərəvəzlərlə təbii gübrə ilə yetişdirilmiş tərəvəzin dadı bir olar?

- Görürəm, ağır yük daşıyan qadınların fotosunu çəkirsən. Qadınlarımız çətin şəraitdə işləyirlər, ancaq onlar zəhmətkeş, qürurlu və namusludurlar.

 

Qatar saatda 50-60 km sürətlə hərəkət etdikcə, sərnişinlərlə ölkənin durumu, siyasət, iqtisadi problemlər barədə danışırıq. Onlar bütün problemlərin kökünün ABŞ-ın bütün dünyaya ağalıq etmək istəyində olduğunu bildirir, Şimali Koreyanın isə ABŞ-a baş əyməyəcəyini deyirdilər. Qatarın müxtəlif vaqonlarında müxtəlif yaş kateqoriyalarından Şimali Koreya vətəndaşları ilə danışdıqca, onların hamısının ABŞ-a dərin nifrətini hiss etməmək mümkün deyildi. Onlar Cənubi Koreyalılar barəsində isə xeyli müsbət danışırdılar və ən qısa zamanda Koreyanı bütöv görmək istədiklərini deyirdilər.

 

Beləcə, Çindəki qatarların sürəti ilə 1-2 saatda qət edə biləcəyimiz yolu 7-8 saata qət edərək, yol kənarında kilometrlərə torpaq yollarda minlərlə koreyalının velosipedlərlə hərəkətini, ağır yükləri bellərində daşımaqlarını izləyərək paytaxt Pxenyan vağzalına çatırıq. Mən və alman dostumuz üçün ayrılmış bələdçilər vaqonun çıxışında bizi salamlayıb, axşam yeməyi üçün yerli restoranlardan birinə apardılar. Onlar bizim pasportlarımızı alıb, bir də KXDR-ı tərk edəcəyimiz vaxt qaytaracaqlarını dedilər. Biz isə yolda gördüyümüz hər şeyin fotosunu çəkməyə çalışırdıq. Gördüyümüz ilk Kim İr Sen və Kim Çen İr portretlərinin olduğu lövhəni çəkməyə çalışdıqda, bələdçilərimiz gülümsəyərək "Narahat olmayın, o portretlərdən Pxenyanda çoxdur və çəkməyə vaxtınız çox olacaq" dedilər.

 

Axşam yeməyindən sonra bizi qalacağımız otelə apardılar. Xarici vətəndaşların saxlandığı Yangakdo oteli Pxenyanın mərkəzindəki bir adada yerləşir. Turistlər bələdçilərin müşayiəti ilə ora gəlirlər və adadan kənara bələdçisiz çıxmaq qadağandır. Bütün qrupların, fərdi səyahət edən turistlərin bələdçiləri də həmin oteldə, xüsusi mühafizə olunan mərtəbədə qalırlar. Axşam saatlarında oteldən bir az uzaqlaşmaq və adadan çıxmaq istəyən turist mütləq bələdçisinə zəng etməli, onunla birlikdə çıxmalıdır.

 

 

Səfərin ikinci gününü səbirsizliklə gözləyirdim. 16 fevral tarixində Kim Çen İrin doğum günü - Parlayan Ulduz Günü münasibəti ilə təşkil edilmiş Kimjongiliya - Gül bayramında iştirak edəcək, Pxenyan mərkəzində hər il təşkil olunan kütləvi rəqs mərasimini izləyəcək və Koreya Müharibə Muzeyində olacaqdıq. Xüsusi ilə Koreya Müharibə Muzeyinin yaxınlığında saxlanan, 1968-ci ilin 23 yanvarında Şimali Koreya tərəfindən ələ keçirilmiş və böyük böhrana səbəb olmuş ABŞ hərbi donanmasına məxsus kəşfiyyat gəmisi - Pueblonun içini görmək şansımız olacaqdı.

 

Bu il 30-cu dəfə keçirilən Kimjongiliya Gül festivalı - Parlayan Ulduz günündə yenə də yüz minlərlə Şimali Koreyalı Kim Çen İrin şərəfinə yetişdirilmiş Kimjongiliya güllərindən ibarət sərgiyə gəlmişdilər. Bu gül yaponiyalı və Şimali Koreyalıların qəbul etdiyi Çuçxe (insan özünün və ətrafındakı baş verənlərin sahibidir) ideyasının daşıyıcısı, botanik Kamo Mototerunun 20 illik təcrübələri nəticəsində yetişdirilib və Kim Çen İrin şərəfinə Kimjongiliya (Kim Çen İr gülü) adlandırılıb.

 

Bu gülə həsr edilmiş mahnılardan birində deyilir:

 

Ölkəmizdə çiçəklənən qırmızı güllər

Bizim qəlbimiz kimidir: Liderimizə məhəbbətlə dolu

Qəlblərimiz Kimjongiliyanın gənc qönçələri kimidir

Oh! Sədaqətimizin gülü!

 

Gül bayramının keçirildiyi salonun qarşısında Şimali Koreyalıların kilometrlərlə davam edən növbəsi vardı. Onlar müxtəlif dövlət qurumlarının, bəzi xarici özəl şirkət rəhbərlərinin Kimjongiliya güllərindən hazırlatdıqları xüsusi ekspozisiyaları izləyir, öz rəhbərlərinə sevgilərini ifadə edirdilər. Hər qurumun stendi həmin qurumun sahəsinə uyğun olaraq bəzədilmişdi. Gül bayramının keçirildiyi salonun mərkəzində Kimjongiliyalardan hazırlanmış əsas ekspozisiyada bütöv Koreya xəritəsi vardı. Bələdçilərimiz Şimali Koreya ilə Cənubi Koreyanın yenidən birləşəcəyinə ümid və inamlarını ifadə edib, həmin günün çox da uzaqda olmadığını bildirdilər. Sərgini ziyarət etdikdən sonra sərginin xatirə dəftərinə bu xalqın daha azad, daha firavan gələcəyinə ümid etdiyimi yazıb, sərgi salonundan ayrıldıq. Çünki eyni saatda şəhərin başqa bir tərəfində daha bir maraqlı mərasim keçirilirdi.

 

Avtobusla qısa müddət yol getdikdən sonra Parlayan Ulduz Gününün ikinci əsas tədbiri - kütləvi rəqsin keçirildiyi meydana çatdıq. Biz ora çatana qədər artıq rəqslərin bir çoxu bitmişdi və bizim rəqsləri izləmək üçün yarım saatdan da az vaxtımız qalmışdı. Bu qısa müddətdə həm rəqsləri izləmək, həm də görüntüləri foto və video kameralarımızın yaddaşına köçürməyə çalışırdıq. Koreya milli geyimləri geyinmiş xanımlar və səliqəli geyim və saç düzümləri ilə seçilən minlərlə gənc öz liderlərinin doğum gününü müxtəlif musiqilərə birlikdə rəqs etməklə qeyd edirdilər. Hətta bir neçə yerdə əks cinsdən tərəf müqabili tapa bilməyən bəylərin öz həmcinsləri ilə rəqs etdiklərinin şahidi olduq. Bələdçilərimiz bu rəqslərin məcburi yox, könüllü olduğunu və orada kütləvi rəqs edən gənclərin hər birinin Çuçxe ideologiyasına, Şimali Koreyanın rəhbərlərinə sadiq olduqlarını, onların əsgərləri olduqlarını bildirdilər.

 

Növbəti dayanacağımız 1950-1953-cü illərdə Şimali Koreya və (Çin və SSRİ-nin dəstəyi ilə) Cənubi Koreya (ABŞ-ın dəstəyi ilə) arasında olmuş, yüz minlərlə insanın həyatını itirdiyi Koreya müharibəsi muzeyi idi. Muzeyin həyətinə gedən yolun sağında və solunda ABŞ, Britaniya və Cənubi Koreyaya dəstək vermiş digər ölkələrə məxsus hərbi texnika, helikopter, sualtı qayıqların qalıqları nümayiş etdirilirdi. Şimallılar bu hərbi texnikanı nümayiş etdirməklə başda ABŞ olmaqla, Cənubi Koreyaya dəstək vermiş ölkələrin biabırçı məğlubiyyətini öz vətəndaşlarına göstərdiklərini deyirlər. Koreya müharibə muzeyinin ərazisində ən diqqət çəkən yer isə ABŞ donanmasına məxsus, əvvəllər tədqiqat gəmisi olmuş, sonradan kəşfiyyat məlumatları toplamaq üçün Şimali Koreya sərhədinə yaxınlaşmış, 1968-ci ilin yanvar ayında ələ keçirilən Pueblo gəmisidir. Gəmiyə daxil olan kimi gəminin tarixi, ələ keçirilməsi, ABŞ rəsmilərinin və gəmi kapitanının üzr, əfv ərizəsi yazması, onların azad edilməsi ilə bağlı hazırlanmış xüsusi təbliğat videosu izlətdirilir.

 

Pueblo Şimali Koreyalılar tərəfindən ələ keçirilərkən heyətdən bir nəfər öldürülür, qalan 82 heyət üzvü isə təxminən 1 ilə yaxın Şimali Koreyada saxlanılır. Uzun sürən danışıqlardan sonra ABŞ tərəfi gəmi heyətini xilas etmək üçün Şimali Koreyalılar tərəfindən hazırlanmış mətni imzalayırlar. Mətndə gəmi heyətinin kapitanı Şimali Koreya sularında kəşfiyyat işləri apardıqlarını etiraf edir və üzr istəyir. ABŞ tərəfi həm də onunla razılaşır ki, bir daha Şimali Koreya dəniz sərhədlərinə kəşfiyyat məqsədi ilə yaxınlaşmayacaq, bu hal bir daha yaşanmayacaq. Etiraf və üzr mətninin imzalanması gəmi heyətini ölkədən sağ çıxarmaq üçün olsa da, bizə göstərilən videoda və həmin etiraf və üzr məktublarının təqdimatında Şimali Koreyalılar bunu ABŞ-ın "bir daha düzəlməyəcək biabırçı məğlubiyyəti" kimi təqdim edirdilər.

 

Gəmi heyətinin 1968-ci ilin sonunda DMZ (Şimali və Cənubi Koreya arasında silahsızlaşdırılmış zona) ərazisindəki "Geri qayıdışı olmayan körpü" vasitəsi ilə ölkədən çıxarılması görüntüləri isə "Koreya xalqı qarşısında diz çökmüş ABŞ imperialistləri ABŞ əsgərlərinin şərəf və ləyaqəti olmayan şəkildə, arxaya baxmadan, qaçaraq körpüdən keçirdilər" məzmunu ilə təqdim edilirdi.

 

Pueblo gəmisini gəzdikdən sonra Koreya Müharibə Muzeyinə daxil olduq. Nədənsə, bu muzeydə çəkiliş aparmağımıza icazə vermədilər. Muzey sözün əsl mənasında müasir standartlara cavab verən, hər tərəfi mərmərlə döşənmiş, gözəl işıqlandırılmış və isidilmiş, Koreya Müharibəsinin hər mərhələsini, bəzən müəyyən əsgər postlarını təkrarlamış, 3D ekspozisiyalarla doldurulmuşdu. Muzeyin daxili girişində isə 2011-ci ildən etibarən Şimali Koreyanın Ali Lideri olan Kim Çen Inın böyük heykəli yerləşdirilib.

 

Səfərimin ilk günündən etibarən deyib-güldüyümüz bələdçilərimiz heykəli gördükdə yan-yana dayanıb, təxminən 90 dərəcəyə yaxın əyilərək, heykələ təzim etdilər.

 

Ardı olacaq...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR