“Onlara baxanda mehriban düşmənlər kəlməsi yadıma düşür” – Partiya rəhbərlərindən açıqlama

Xəbər verdiyimiz kimi, martın 10-da Milli Şura mitinq keçirib.

Metbuat.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin mitinqlə bağlı yaydığı məlumatda bildirilir ki, martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15:00-dan 17:00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinqlə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib ki, onların mitinqinin sayına diqqət etməyib və bunu o qədər də əhəmiyyətli hesab etmir: “Mitinq keçirənlər deyirlər ki, seçkilərə qatılmırıq, amma tələbləri də budur ki, görüşlər keçirmək istəyirlər, televiziyadan vaxt istəyirlər. Bu, çox məntiqsiz yanaşmadır. Seçkilərə qatılanda görüşlər üçün yer ayrılır, mitinqlərə icazə verilir və televiziyada canlı olaraq pulsuz efir verilir. Bunlar verildiyi halda, bunu niyə tələb edirlər anlamaq mümkün deyil. Yəni bu, bəhanədən başqa bir şey deyil. Üstəlik də seçki zamanı daha geniş auditoriya ilə görüşmək istəyirsənsə, seçkiyə qatılmaq lazımdır, belə olan halda şərait yaradılır. Ona görə də, güman edirəm ki, həmişəki kimi başqa ölkələrdə hazırlanmış, qurulmuş Milli Şura öz iradəsilə çıxış eləmir. Xalq da artıq bunu anlayır və hesab edirəm ki, əhəmiyyət vermir. Çünki orada iştirak edənlərin tərkibi məlumdur. Həm də “Müsavat Partiyası” Milli Şura ilə birlikdə olmaqdan imtina eləmişdi ki, Milli Şuranı Rusiya yaradıb və onları xəyanətkar qurum adlandırmışdı. Ondan sonra Milli Şurayla bir tədbirə getmək onu göstərir ki, prinsipiallıq yoxdur, müttəfiqlik də heç nəyə söykənmir, istənilən mərkəz onları bir araya gətirə bilir. Ona görə də mən buna o qədər əhəmiyyət vermədim”.

Millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli isə Metbuat.az-a açıqlamasında qeyd edib ki, mitinqin başlıca çıxışlarına diqqət edəndə başlıca meyarı ilə, deyilən şüarlarla razılaşa bilmirəm: “Mitinqdə iştirak edənlərin hamısı bir mövzuya toxunurdu ki, prezident seçkiləri vaxtından əvvəl təyin olunub, bu düzgün deyil və s. Çox maraqlıdır, əgər bu, 6 aydan sonra olsaydı, müxalifət hansı addımı atacaqdı ki? Yəni, hətta müxalifətin öz cəbhəsində, NİDA-nın rəhbərlərindən olan Natiq Cəfərlinin video-müraciətinə baxdım, orada birbaşa özləri göstərir ki, bir seçki qurtardıqdan sonra dərhal digər seçkiyə hazırlaşmalıdırlar. İndi müxalifət sən, 4 ildən artıq bir vaxtda seçkiyə hazırlaşmamısansa, 6 ay ərzində hazırlaşıb nə əldə edəcəksən ki? Deməli burada sənin niyyətin nə idi? Sənin hazırlığın ondan ibarət ola bilərdi ki, xaricdən hansısa yeni bir dəstəyin olsun, Rüstəm İbrahimbəyov kimi yeni sima olsun, ya da “Milyarderlər İttifaqı” kimi bir İttifaq yaransın. Halbuki bunun özü də istisna olur, çünki 5 il əvvəlki təcrübə göstərdi ki, artıq xalq bunları başa düşür. Məsələn, indi o Rüstəm İbrahimbəyov və ya “Milyarderlər İttifaqı” haradadır? O ssenari artıq o cür təşkil oluna bilməz. Müxalifət nahaq yerə buna ümid bağlayırdı. Ona görə də istənilən halda seçkiyə hazır olmalı idi.


Bir şeyi də nəzərdə saxlayaq, növbədənkənar prezident seçkisi elan etmək, prezidentin Kontitusiyada nəzərdə tutulan hüququdur. Burada hansı qanun pozulub, Konstitusiyanın hansı maddəsi pozulub? Bu cür deyimlər əslində müxalifətin özünün zəifliyinin etirafıdır. Hər dəfə də eyni şeylər deyilir. Bir də onlara baxanda mehriban düşmənlər kəlməsi yadıma düşür. Müsavatla AXCP bir-birlərinə o qədər nifrət edirlər ki, heç iqtidara o qədər nifrət etmirlər. İndi onların birgə mitinqi necə səmimi xarakter daşıya bilər? Bütün bunlar gözə kül üfürməkdir ki, “biz birik, ümumi mübarizə aparırıq”. Mən bunu qəbul edə bilmirəm. Cümhuriyyətin 100 illiyi ərəfəsində heç bir gücü olmayan müxalifət öz təşkilatlarını sonrakı dağılmalardan qorumaqdan ötrü konstruktiv mövqe sərgiləməliydilər. Onların 10 illərlə işləməyən üzvləri var, onların işlə təmin olunması, hakimiyyətin idarə olunmasında müxalifətin də iştirakının təmin olunması istiqamətində daha konstruktiv, daha ağıllı addımlar atmaq olardı. Yoxsa ömür boyu şikayətlər, narazıçılıqlar əlbəttə ki, heç nə vermir. Amma indi hər halda mitinqi başa vurublar. Düşünürəm ki, burada müxalifətin özünün böyük dərs almalı olduğu mitinq oldu”.

Günay Elşadqızı / METBUAT.AZ

“Onlar özlərinin varlığını təsdiq etmək üçün şou göstərməyə təşəbbüs edirlər” – Vüqar Rəhimzadə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı