“Dördtərəfli görüş və Bakı Bəyənnaməsi Ermənistanda təşvişlə qarşılanıb” – Elman Nəsirov

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib.

Metbuat.az-ın məlumatına görə, görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze iştirak edib.

Dördtərəfli görüşdə ikitərəfli və üçtərəfli əsasda olan əməkdaşlığı tamamlayaraq dördtərəfli əsasda region ölkələri arasında regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadi, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Görüşün sonunda isə Bakı Bəyənnaməsi imzalanıb. Bəyənnamədə sülh və sabitliyin möhkəmlənməsi, regional və beynəlxalq təhlükəsizlik kimi mühüm məsələlər yer alıb və növbəti görüşün Gürcüstanda keçirilməsi razılaşdırılıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, politoloq Elman Nəsirov bildirib ki, Azərbaycanın xarici siyasətində yeni bir format diqqəti cəlb edir ki, bu da dördtərəfli formatdır: “Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin Bakıda keçirilən toplantısı belə bir formatın əsasını qoydu. Bu formatın yaranması bir daha təsdiq edir ki, Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olan ikitərəfli münasibətlər formatı çox vacib, əhəmiyyətli formatdır. Çünki ikitərəfli münasibətlərin yüksək səviyyəsinin əldə edilməsi, xüsusilə də qonşularla münasibətlərin prioritet səviyyəyə qalxması ona gətirib çıxardı ki, üçtərəfli münasibətlər formatı formalaşdı. İkitərəfli münasibətlər üçtərəfli münasibətlərin formalaşması üçün çox mühüm bir fundament rolunu oynadı. İndi isə artıq dördtərəfli münasibətlər formatından bəhs edirik. Bu bir daha onu göstərir ki, dövlətimizin yeritdiyi balanslı, çevik, ilk növbədə milli maraqları nəzərə alan uğurlu xarici siyasət bu formatın formalaşmasına da gətirib çıxarıb.

Dördtərəfli format çərçivəsində aparılan danışıqların məntiqi nəticəsi olaraq Bakı Bəyənnaməsi imzalandı. Bu Bəyənnamənin imzalanması ilə dörd tərəf birmənalı şəkildə onu ifadə etdi ki, regionda sabitliyin, təhlükəsizliyin təmin olunması əsas prioritet məsələlərdən biridir. Eyni zamanda enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət sahəsində, humanitar sferalarda əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin çox geniş imkan və potensialı var, bundan maksimum istifadə etmək lazımdır. Təbii ki, bunlar çox mühüm, vacib məsələlərdir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə keçirilən bu danışıqlar və imzalanmış Bakı Bəyənnaməsi Ermənistanda çox böyük təşvişlə qarşılanıb: “Erməni ziyalıları həyəcan təbili çalırlar ki, “görürsünüzmü, Azərbaycanın ikitərəfli, üçtərəfli, dördtərəfli münasibətləri inkişaf edir”. Onlar deyirlər ki, “bəlkə biz də üçütərəfli format formalaşdıraq, yəni, Ermənistan, Rusiya və İran formatı. Amma ardınca özləri də etiraf edirlər ki, bu formatın perspektivi olmayacaq, çünki Rusiya və İranın böyük iqtisadi potensialı fonunda Ermənistanın daha kiçik bazarı o rəqabətə davam gətirməyəcək. Bu isə Moskva və Tehran üçün elə bir maraq kəsb etməyəcək. Deməli, ideya cəlbedicidir, amma reallaşmaq imkanları olduqca məhduddur. Bunun müqabilində isə Azərbaycanın çox geniş imkan və potensialı var. Hesab edirəm ki, dördtərəfli formatın formalaşması da bunu bir daha təsdiqlədi və bütün tərəflər uduşlu tərəfdədir. Burada yeganə uduzan tərəf Ermənistan və onun işğalçılıq siyasətidir. Nəticədə də Ermənistan təcrid olunmuş vəziyyətdədir, amma Azərbaycanın çoxtərəfli bu cür münasibətləri inkişaf etməkdədir”.

Qeyd edək ki, 2017-ci ilin 6 sentyabr tarixində Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü, 20 dekabr tarixində isə Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.

Günay Elşadqızı / METBUAT.AZ

“Bu təlimlər sabahkı Qarabağ döyüşləri üçün növbəti addımdır” - Polkovnik


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI