“Azərbaycan-İran arasındakı dostluq münasibətləri istənilən dövlət üçün yaxşı nümunədir” – Aydın Mirzəzadə

Xəbər verdiyimiz kimi, ötən gün İran prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfər edib.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevlə İran prezidenti Həsən Ruhani arasında təkbətək və geniş tərkibdə görüş olub. İran dövlət başçısının səfərinin çox uğurlu olacağına əmin olduğunu qeyd edən prezident İlham Əliyev bildirib ki, ölkəmələrimiz arasında dostluq və qardaşlıq əlaqələri inkişaf edəcək:

“Bütün sahələr üzrə çox yaxşı əməkdaşlıq edirik. Həm siyasi, həm iqtisadi, mədəni, enerji, nəqliyyat – bütün sahələrdə yaxşı nəticələr var və imzalanacaq sənədlər əlaqələrimizin inkişafına yeni təkan verəcək. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Görüşlər zamanı əldə edilmiş razılaşmalar, verdiyimiz tapşırıqlar yerinə yetirilir. Bunun nəticəsində bu gün İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatıb”.

Həsən Ruhani isə bildirib ki, regionun iki böyük milləti, iki böyük xalqı ortaq tarix və mədəniyyətə sahibdir. Eyni zamanda, ortaq məqsədlər də müəyyənləşdirilib ki, qarşıdakı hədəflərə nail olunsun: “Biz Azərbaycanın təhlükəsizliyini və suverenliyini öz təhlükəsizliyimiz və suverenliyimiz hesab edirik. İki dövlət, iki millət və iki xalqın iradəsi ilə biz bu əlaqələri daha da inkişaf etdirəcəyik”.

Bu gün isə Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər. Dövlət başçıları Neftçala Sənaye Məhəlləsində yaradılan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıblar.

İran prezidentinin səfəri ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bildirib ki, Azərbaycan və İran arasında tarixi köklərə gedən çox dərin, möhkəm dostluq əlaqələri var: “İran prezidentinin Azərbaycana iki günlük səfəri, münasibətlərin bundan sonra daha da genişləndirilməsində hər iki tərəfin böyük marağının olduğunu göstərir. Münasibətlər tək siyasi tərəfləri əhatə etməyib, eyni zamanda beynəlxalq aləmdə bir-birinin milli maraqlarını qorumağa yönələn siyasətin qurulması, texniki, iqtisadiyyat, hərbi sahədə əməkdaşlıq məsələləri öz əksini tapıb. Təsadüfi deyil ki, İran prezidentinin bu səfərində həm beynəlxalq aləmdə gedən proseslərlə bağlı fikir mübadiləsi aparıldı, eyni zamanda əməkdaşlığın yeni sahələri üzrə bir sıra mühüm sənədlər imzalandı. Qeyd edim ki, İranın Azərbaycanın ərazi bütövlüyünü tanıması və verdiyi bəyənat bir daha Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ifşa edilməsində böyük rol oynayır.

İqtisadi formada əməkdaşlıq isə artıq özünün yeni formalarını tapmaqdadır. Belə ki, bu gün İran tərəfinin iştirakı ilə Neftçalada “Xəzər” minik avtomobili zavodunun açılışı əməkdaşlığımızın çox parlaq nümunəsi oldu. Bu avtomobil tək iki ölkədə deyil, dünya bazarına da çıxarılacaq. Tərəflərin Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyət göstərməsi üçün Astara (Azərbaycan) - Astara (İran) arasında dəmir yolunun modernləşdirilməsi ilə bağlı razılıqlara gəlməsi, İranın Astara şəhərindəki dəmir yolu qovşağının Azərbaycana 15 illik icarəyə verilməsi də tərəflərin bir-birinə etibar etdiyini, bir-birinin investisiyasında, texniki dəstəyində maraqlı olduğunu göstərir. Bu gün birmənalı şəkildə demək olar ki, iki ölkənin dostluq-qardaşlıq münasibətləri istənilən dövlət üçün çox yaxşı bir nümunədir”.

Qeyd edək ki, İran prezidentinin Azərbaycana rəsmi səfəri bu gün bitib.

Günay Elşadqızı / METBUAT.AZ

“Sərhədə tel çəkib, konserva qabları yapışdırıblar ki...” – Mübariz Əhmədoğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı