“Astara-Rəşt dəmir yolu region ölkələri üçün çox əhəmiyyətlidir” – Aydın Hüseynov

İran prezidenti Həsən Ruhaninin Azərbaycana iki günlük rəsmi səfəri zamanı bir sıra məsələlərlə bağlı mühüm addımlar atılıb. Bunlardan biri də Astara-Rəşt dəmir yolu hissəsinin tikintisi ilə bağlı məsələdir.

Azərbaycanla cənub qonşusu İran İslam Respublikası arasındakı münasibətlər artıq yeni mərhələyə qədəm qoyur. Ölkələrimiz arasında illərə söykənən siyasi, iqtisadi, mədəni və s. bir çox sahələrdə yaxın əlaqələrimiz mövcuddur. Bunun əsas səbəblərindən biri ölkələrimiz arasında yaxın qonşuluq, tarixi bağlar, dini, mədəni, mənəvi dəyərlər və s.-dir.

Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş, müvafiq tikinti işlərinə başlanması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluğu aradan qaldıracaq. Qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq.

Azərbaycan və İran dövlət başçıları mətbuata birgə bəyənatlarla çıxış edən zaman prezident İlham Əliyev bildirib ki, İranla nəqliyyat sahəsində böyük uğurlara imza atmışıq: “Keçən il mən İranda səfərdə olarkən biz Azərbaycandan İrana birinci qatarın qəbul olunmasını qeyd etmişik. Astaraçay üzərində tikilmiş körpü vasitəsilə birinci qatar İrana qədəm qoymuşdur. Bu gün isə biz Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı çox önəmli və tarixi əhəmiyyəti olan sazişi imzaladıq. Əminəm ki, Şimal-Cənub nəqliyyat dəhlizinin çatışmayan hissəsi - Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və beləliklə, bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaqdır.

Şimal-Cənub nəqliyyat dəhlizi bizim və qonşu ölkələrin birgə səyləri nəticəsində artıq reallaşır. Bununla paralel olaraq, biz artıq Cənub-Qərb nəqliyyat dəhlizinin yaradılması ilə bağlı fəal işlərə başlamışıq və gələcəkdə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri birləşəcək. Bizim ölkələrimiz bu istiqamətdə çox önəmli rol oynayırlar. Tam məsuliyyətlə deyə bilərəm ki, Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı bu gün imzalanan saziş tarixi əhəmiyyətə malikdir və hesab edirəm ki, gələcək illərdə hər kəs bunu görəcək”.

İran prezidenti Həsən Ruhani isə qeyd edib ki, iki ölkənin Rəşt-Astara dəmir yolu barəsində qərarı dövlətlərimizin bu layihəyə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidir.

Astara-Rəşt dəmir yolunun əhəmiyyəti ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib ki, Azərbaycan elə bir coğrafi mövqedədir ki, Şərqlə Qərbi Şimalla Cənubu birləşdirən böyük logistik mərkəzdə yerləşir: “Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi regionda, eləcə də Şərqlə Qərbin birləşməsində, yüklərin daşınmasında böyük əhəmiyyət kəsb edir. Şimal və Cənub istiqamətində nəqliyyat qovşağının buradan keçməsi bu layihəni daha da dəyərləndirəcək. Astara-Rəşt dəmir yolu işə düşəndən sonra cənub regionlarda İran körfəzi ilə bütün coğrafiya birləşəcək. Bu isə region üçün, xüsusilə də Azərbaycan və İran üçün çox mühüm əhəmiyyət kəsb edir.

Bu, artıq İranın özünün Avropaya çox asan çıxışıdır. Rəşt yolu ilə bu, Bakı-Tbilisi-Qarsa birləşir. Bu bizim iqtisadi, mədəni, tarixi əlaqələrimizi daha da genişləndirəcək. Eyni zamanda, bizim milli, ölkə iqtisadiyyatı üçün yüz illərə hesablanmış dividentlər verəcək, gəlirlər gətirəcək. Digər tərəfdən isə regionda Azərbaycanın nüfuzunu daha da artıracaq. Astara-Rəşt dəmir yolu bütün region ölkələri üçün çox əhəmiyyətlidir”.

Günay Elşadqızı / METBUAT.AZ

“Silahlı Qüvvələrimiz bu gün Azərbaycan xalqının qürur mənbəyidir” - ŞƏRHLƏR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı