“Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində iri dövlətlər işin mahiyyətini başa düşüb” – Mübariz Əhmədoğlu

Xəbər verdiyimiz kimi, Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində “Ermənistanın yeni çağırışları: Qərb necə münasibət bildirməlidir?” mövzusunda “dəyirmi masa” keçirilib.

Metbuat.az-ın məlumatına görə, tədbirdə Ermənistanın daxili və xarici siyasəti, 2015-ci ilin dekabrında bu ölkədə parlament idarəçiliyi sisteminə keçid və 2016-cı ilin aprelində Azərbaycan Ordusu tərəfindən strateji yüksəkliklərin erməni işğalından azad edildiyi dördgünlük müharibə müzakirə olunub.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin “Rusiya və Avrasiya” Proqramının direktor müavini və elmi işçisi Ceffri Mankoffun moderatorluğu ilə keçirilmiş paneldə Demokratiyaya Dəstək Milli Fondunun (NED) “Rusiya və Avrasiya” Proqramının direktoru Miriam Lanskoy, “Beynəlxalq sülh naminə Karnegi Fondu”nda Rusiya və Avrasiyanın öyrənilməsi Proqramının böyük elmi işçisi Pol Stronski və Vudro Vilson Mərkəzinin elmi işçisi, ABŞ-ın Belarusda və Gürcüstanda sabiq səfiri Kennet Yalovits çıxış ediblər.

M.Lanskoy öz çıxışında 2008-ci ilin mart ayında keçirilmiş prezident seçkilərində əvvəlki prezident Robert Koçaryanın davamçısı Serj Sarkisyanın qələbəsindən sonra Yerevanda baş verən hadisələrdən, bu hadisələr zamanı Sarkisyanın hökumət ordusu tərəfindən 10 nəfər dinc nümayişçinin və Ermənistan paytaxtının sakinlərinin güllələnməsindən danışıb. 2015-ci ilin iyununda Sarkisyan rejiminə qarşı #ElectricYerevan adı almış ümumi nümayişlər də müzakirə edilib.

2016-cı ilin aprelində hərbi əməliyyatların yenidən başlanmasını müzakirə edən M.Lanskoy deyib ki, dördgünlük müharibə və döyüşlərin nəticəsi ermənilər üçün çox gözlənilməz oldu və Ermənistan ordusunun müharibəyə hazır olmadığını göstərdi. M.Lanskoy bilidirib ki, 2016-cı ildən başlayaraq, Azərbaycanın regiondakı dövlətlərlə əlaqələrinin möhkəmlənməsi də daxil olmaqla, qarşılıqlı münasibətlərin regional dinamikasında radikal irəliləyişlər baş verib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə münasibət bildirən M.Lanskoy vurğulayıb ki, ABŞ ATƏT-in Minsk qrupu vasitəsilə diplomatik səylərdən istifadə etməklə daha çox iş görə bilər.

Pol Stronski çıxışında Ermənistanın siyasi sistemində hazırda baş verən dəyişiklikləri xüsusi nəzərə çatdırıb. O qeyd edib ki, 2008-ci ildə hakimiyyət Serj Sarkisyana ötürüləndə Sarkisyanın Robert Koçaryanın “marionetka”sı olacağı gözlənilirdi. P.Stronski deyib ki, Ermənistan parlamentinə namizədlər arasında cəmi 9 müxalifətçi var və Sarkisyana demokrat kimi baxılmır.

Səfir Kennet Yalovits, öz növbəsində, Ermənistan-Azərbaycan münaqişəsi və iki ölkə arasında baş verə biləcək yeni müharibənin potensial faciəvi nəticələrini barədə danışıb. O bildirib ki, hər iki ölkədə yeni müasir silahların mövcudluğunu nəzərə alsaq, yeni müharibə 1990-cı illərin müharibəsindən xeyli fərqlənəcək. Diplomat bildirib ki, müharibə yenidən başlanarsa, döyüş əməliyyatları bilavasitə münaqişə zonasından kənara çıxa bilər və tərəflər Azərbaycanın, eləcə də Ermənistanın özünün digər regionlarında yerləşən strateji obyektlərə zərbə endirə bilərlər.

Qeyd olunub ki, münaqişə həll olunmazsa, Ermənistan əhalisinin sayı azalacaq və ölkənin iqtisadi vəziyyəti daha da ağırlaşacaq, Azərbaycan əhalisi və iqtisadiyyatı isə, əksinə, hətta neft ixracatı azalsa belə, nisbətən yaxşı vəziyyətdə olacaqdır. “Dəyirmi masa”da Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü, Sarkisyan rejiminə qarşı potensial sanksiyalar və suveren Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi məsələləri də müzakirə olunub.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu bildirib ki, Ermənistanın əvvəlki kimi dəstəyi yoxdur, bu bəllidir: “Dağlıq Qarabağ münaqişəsi başlayanda ermənilər qarşılarına məqsəd qoymuşdular ki, 15 milyonluq real, virtual dövlət qursunlar. Erməniləri bütün dünya dövlətləri dəstəkləyirdi, onlar özləri də bir-birinə can deyib, can eşidirdilər. O zamanki SSRİ Nazirlər Kabineti təkcə Spitak zəlzələsini bəhanə edərək Ermənistana 2 illik büdcəsi qədər, 7 milyard dollar hədiyyə verdi. Bunlar hamısı sonradan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yeyildi. İndi hazırda Ermənistanın heç bir müttəfiqi yoxdur. ABŞ da, Rusiya da, hətta İran da hazırda Ermənistanın müttəfiqi deyil”.

Politoloqun sözlərinə görə, vaxtilə Ermənistanın xeyrinə danışan adamlar da indi artıq onların əleyhinə danışırlar: “Onlar ermənilərə məsləhət verirlər ki, əraziləri Azərbaycana qaytarmalısan, Azərbaycanla iqtisadi əməkdaşlıq kursunu götürməlisən. Yəni, əslində istər Vaşinqtandakı “dəyirmi masa”dakı ekspertlər olsun, istər dünyanın digər dövlətlərində olan ekspertlər olsun, onları bu işə təhrik edən öz dövlətlərinin apardığı siyasətdir. Yəni, ABŞ Dövlət Departamenti, o cümlədən Tramp Administrasiyası çalışır ki, Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələr yaransın, Ermənistanı buna təhrik edirlər. Hətta ABŞ Ermənistanın enerji sahəsinə 8 milyard dollar investisiya qoymağa hazırdır, amma bir şərtlə ki, Ermənistan zəmanət versin ki, o istehsalla elektrik enerjisini Azərbaycana sata biləcək. Yəni, Ermənistanın Azərbaycanla münasibəti gərək elə olsun ki, bu dövlətə elektrik enerjisi satsın. Bunun üçün də gərək Azərbaycanla normal münasibət olsun. Normal münasibətin olması üçün isə hökmən gərək Dağlıq Qarabağdakı işğalçı siyasətindən əl çəksin.

Eləcə də bildiyiniz kimi, prezident İlham Əliyev bir müddət əvvəl İrəvanın, Zəngəzurun, Göyçə mahalı tarixi Azərbaycan torpaqları olduğu, azərbaycanlıların ora qayıtması ilə bağlı bəyənat verdi. Gördünüz ki, istər ABŞ, istər Rusiya, istər Fransa xarici işlər nazirlikləri ermənilərə lazım olan sözü demədilər. Yəni, buradan ekspertlər də özləri üçün müəyyən nəticə çıxarırlar və istəyirlər Ermənistana məsləhət versinlər, tövsiyə etsinlər ki, öz işğalçılıq siyasətindən əl çəksin. Vaşinqtondakı tədbirdən əlavə, bir neçə gün əvvəl Yerevanda Böyük Britaniya səfirliyi də Dağlıq Qarabağ münaqişəsinin indiki tənzimlənməsi ilə bağlı tədbir keçirmişdi. Böyük Britaniya rəsmən dedi ki, yenilənmiş Madrid prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərəfdarıdır. Hətta son vaxtlar erməniləri müdafiə edən Tomas de Val da onları qane etməyən fikirlər səsləndirir. Yəni, Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində iri dövlətlər işin mahiyyətini başa düşüb, həmin dövlətlərin ekspertləri də hərəkətə keçib erməniləri ağıllandırmaq istəyirlər”.

Günay Elşadqızı / METBUAT.AZ

“Aprel hadisələri hər an təkrarlana bilər” – Hərbi ekspertlərdən açıqlama


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı