Kinoteatrlar AÇIQLADILAR

Əhali arasında son illər kinoteatrlarda nümayiş olunan filmlərə maraq artıb.

Bu filmlər arasında yerli istehsalla yanaşı, xarici filmlərə də maraq olduqca böyükdür. Lakin xarici filmlərin yayımı ilə bağlı bəzi problemlər hələ də qalmaqdadır. Belə ki, ingilis dilində olan filmlərin Azərbaycan dili əvəzinə rus dilinə tərcümə ilə verilməsi, Azərbaycan dilinə subtitrla verilən fimlərdə isə qrammatik səhvlərin olması tamaşaçıda narazılığa səbəb olur.

Problemlərlə bağlı kinoteatrlar hansı işlər görür?

Nizami Kino Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Arzu Əhmədova Metbuat.az saytına açıqlamasında bildirib ki, problemlər tədricən aradan qaldırılır:

“Son zamanlar demək olar ki bütün filmlər Azərbaycan dilində subtitrlarla və dublyajlarla təqdim olunur. Onların arasında türk və Azərbaycan dilində olanları var. Bizdə rus dilində tərcümə ilə verilən filmlər çox azdır. Əksər filmlər türk, yaxud Azərbaycan dilində tərcümə ilə nümayişə çıxarılır.

Subtitrlarda səhvlər olur. Bununla bağlı filmi təqdim edən distribütorlara iradlarımızı bildiririk. Onlara tərcümələri edərkən diqqətli olmalarını deyirik. Problem tədricən aradan qaldırılır. Əvvəllər türk dilindən tərcümədə belə problemlər çox idi. İndi tədricən 60-70% azalıb. Əslində çox da ciddi səhvlər deyildi. Sözlərin qısa forması yazılırdı. Biz də öz distribütorlara iradımızı bildirdik. İndi həmin məsələlər aradan qaldırılıb. Ola bilər ki, arada hansısa səhvlər gedə bilər. O da zamanla aradan qaldırılacaq.

Filmlərin dublyajla verilməməsi kinotertrın problemi deyil. Düzdür, bizim üçün bu məsələ problemdir. Biz kinoteatr olaraq dublyajla məşğul olmuruq. Filmlərin subtitr deyil də dublyajla gəlməsini distribütorlara bildirə bilərik. Deyə bilmərik ki, bütün filmlər dublajla gəlir. Amma filmlərin 50-60%-i Azərbaycan dilində dublyajla təqdim olunur. Bəzi filmlər bizim studiyalarda dublyaj edilir. Artıq dublajlar başalyıb. Demək olar ki, irəliləyiş var. Bütün filmlər də olmasa, onların 50%-ı dublyajla verilir. Biz də filmlərin dublaj olunmasına maraqlıyıq. Filmlərin 80%-i Azərbaycan dillidir. Filmlərin dublyajı kinoteatrlara tamaşaçı axını deməkdir. Ona görə, bu məsələdə ən çox kinoteatrlar maraqlıdır. Kinoteatrların dublyaj studiyaları olmadığına görə, onu ancaq distribütorlardan tələb etmək mümkün olur”.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin marketinq şöbəsinin direktoru Musabəy Axundov isə qeyd edib ki, subtitrlarda hərf səhvlərinin getməsi texniki məsələlərdir:

“Dublyaj çox böyük kütlə tələb edir. Nümunə kimi Türkiyəni götürsək, bu ölkədə dublyaj edilmir. Halbuki ölkə əhalisi qat-qat bizdən çoxdur. Türkiyədə nadir hallarda animasiyalar və irimiqyaslı filmlər dublyaj edilir. İngilis dilində olan filmlərin rus dilində dublyajla verilməsinə gəlincə, həmin filmlər ölkəmizə Rusiya üzərindən gəlir. Film Rusiyada dublyaj edildikdən sonra Qazaxıstan, MDB ölkələri və Azərbaycana paylanılır. Çünki bu ölkələrdə rus dilində olan filmlərə baxan kifayət qədər tamaşaçı var.

Subtitrda hərf səhvlərinin getməsi texniki məsələlərdir. Tərcümələr bizdə olunmur. Subtitrlar distribütorlar tərəfindən edilir. Onunla bağlı biz studiyalara yox, distribütor şirkətlərinə xəbərdarlıq edirik”.

“Cinema Plus” kinoteatrlar şəbəkəsinin PR meneceri Nərmin Həsənova Metbuat.az-a açıqlamasında əlavə edib ki, kinoteatr hər zaman yerli filmlərə dəstək olmaqla yanaşı, əcnəbi filmlərin məhz Azərbaycan dilində nümayiş olunmasının tərəfdarıdır:

“Bu məqsədlə, “Cinema Plus” xarici yayım şirkətlərinə əcnəbi dildə təqdim olunan filmlərin Azərbaycan dilində peşəkar dublyaj olunması təklifi ilə müraciət edir. Lakin bildiyiniz kimi, filmlərin yayım hüquqları kinoteatra məxsus deyil. Təəssüf ki, WDSSRP. FOX, Universal, Warner Brothers və sair nəhəng kinostudiyaların yayım şirkətləri təqdim etdiyi filmlərin Azərbaycan dilinə dublyaj olunması təklifinə müsbət cavab vermədiyindən, o filmləri yalnız onların təqdim etdiyi xarici dillərdə nümayiş etdirmək məcburiyyətindəyik. Vurğulamaq istəyirik ki, Azərbaycan dilinə dublyaj etmək təklifimiz dəfələrlə rədd olunub.

Azərbaycan altyazıların tərcüməsi isə bu kinostudiyalar tərəfindən müxtəlif şirkətlərə sifariş olunur və kinoteatr bu prosesə müdaxilə edə bilmədiyindən tərcümələrin qeyri-səlistliyinə görə məsuliyyət daşımır. Buna baxmayaraq, altyazılarda səhv aşkar etdiyimiz halda, xarici yayım şirkətlərinə dərhal məlumat verib səhvlərin aradan qaldırılmasında təkid edirik. Qeyd etməliyik ki, nəhəng kinostudiyalar dövlətimizin kino yayımı haqqında qanununa əməl etmək məqsədilə filmləri Azərbaycan dilində altyazıları ilə təmin edirlər. Studiyalar bu işdə tamaşaçı sayını artırmaq və ya zövqünü oxşamaq məqsədi daşımırlar. Bu səbəblə təəssüf ki, altyazılar yüksək peşəkarlıqla işlənmir.

Nəzərinizə çatdırmaq istəyirik ki, əcnəbi müstəqil kinostudiyaların filmlərini Azərbaycan dilində nümayiş etdirməkdən məmnunluq hissi duyuruq və bu ənənənin davam etməsi və daha geniş miqyas almasına çalışırıq. Bu günədək cizgi filmləri daxil olmaqla, “Sualtı era”, “Spark. Bəşəri qəhrəman”, “Hamıya qarşı”, “Amerika pastoralı”, “Super alibi”, “Bəd Santa 2”, “Qan bahasına”, “Qonşu”, “Doktor Nokun fırıldağı”, “Paddinqton 2”, “Cırtdanlar”, “Vinçester”, “Ruhların tikdiyi ev”, “Ruhlar ölkəsi”, “Həşaratların gizli həyatı”, “İbtidai insan”və digər filmləri geniş tamaşaçı kütləsinə doğma dilimizdə yüksək peşəkar dublyajda təqdim olunub. Növbəti həftədə isə “Taksi 5”, “Təhlükəli biznes” və “Quşcuğazlar” filmləri Azərbaycan dilində işıq üzü görəcək. Əcnəbi filmlərin Azərbaycan dilinə peşəkar çoxsəsli dublyajı “Cinemazadeh” studiyası tərəfindən həyata keçirilir. “Cinemazadeh” studiyasının dublyaj fəaliyyəti kommersiya marağı deyil, Azərbaycan kino dilinin zənginləşdirilməsi, Azərbaycan dilli tamaşaçıların kinoteatr ekranlarına cəlb olunması, xüsusilə yetişən gənc nəslin doğma dildə gözoxşayan filmləri izləməklə vizual zövqünün formalaşdırılması məqsədini daşıyır”.

Nəsimi adına Dilçilik İnstitunun monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva kinoteatrlardakı dil problemi məsələsi ilə bağlı Metbuat.az-a açıqlamasında qeyd edib ki, kinoteatrlarda ortaya çıxan yanlışlar birbaşa insanların təfəkkürünə yol aça, şüurun fotmalaşmasında böyük rol oynaya bilir. Eyni zamanda, zövqün korlanmasına gətirib çıxarır:

“Azərbaycan əhalisinin çox hissəsi kinoteatrlara axır. Onlar televiziyadan fərqli olaraq kinonu izləməyə maraq göstərirlər. Ona görə, bu sahədə olan problemlərin aradan qaldırılması vacibdir. Məsələ burasındadır ki, bu, monitorinq şöbəsinin yox, birbaşa Dilçilin İnstitutunun nəzdində olmalıdır. Yəni, tərcümə mərkəzi birbaşa bu işə nəzarət etməlidir. Çünki istər kitabların, istərsə də filmlərin tərcüməsində ortaya çıxan problemlər həmişə gündəmdədir. Bu gün Azərbaycan izləyicisini çox asanlıqla yanılmaq mümkündür. Çünki bizim gənc nəsil böyüyür. Bilirsiniz ki, onlarda fikir formalaşır. Onların dünya görüşünün formalaşması çox aktual məsələdir. Ona görə də, kitabların, filmlərin tərcüməsində bu məsələ gündəmdə olmalıdır. Film çox gözəl ola bilər. Amma onun tamaşaçıya çatdırılması tərcümədən çox asılıdır. Tərcümədə gedən hər hansı bir yanlış cümlə fikri ifadə etməyə bilər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Telefonunuza gələn bu nömrələrə ZƏNG ETMƏYİN!- Pulunuz OĞURLANACAQ – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR