Prezident Rəcəb Tayyib Ərdoğan Konstitusiya Məhkəməsinin 56-cı ildönümü ilə bağlı tədbir mərasimində bir sıra vacib məsələlərə toxunub.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan 24 iyun seçkilərilə bağlı danışan zaman “Yeni Türkiyə” ifadəsindən istifadə edib: “Demokratiya və hüquq dövlətinə olan bağlılığımızdan güzəştə getmədən təhdidin öhdəsindən gəlməyi bacardıq. İndi 24 iyunda ediləcək seçkilərin ardından həyata keçəcək olan yeni rəhbərlik sistemimizlə idarəçiliyi daha da gücləndirməyi, mühakiməni daha etibarlı, daha müstəqil hala gətirməyi planlaşdırırıq. Türkiyə ədalət mövzusunda daha yaxı dövrə girir”.

Rəcəb Tayyib Ərdoğanın danışıqlarından daha vacib hissələri təqdim edirik:

- Ədalət üçün həsrət çox ifadə edilirsə, orada zülm var deməkdir. Dünya ölkələrinin və cəmiyyətlərimizin keçmiş qaranlıq günlərinə geri dönməsini gözləmədən insanlığın ədalət tələbinə qulaq vermək lazımdır.

- Dünyanın hər tərəfindən məzlumların ahı ərşə yüksəlirsə, demək, ədalət problemi var. Suriyada torpaqlarından didərgin düşən 3,5 milyon insanı güvən içərisində yaşadan Türkiyə, mübarizəsində tək qalırsa, durub düşünmək məcburiyyətindəyik.

- Türkiyənin milyonlarla qaçqına göstərdiyi xidmətlərə dəstək verməyənlər, terror təşkilatlarına milyardlarla dollar axıdırsa, bu, ağacların deyil, tikanların sulanması deməkdir. Biz, hər şeyə rəğmən ümidliyik.

- Türkiyə, mədəniyyətində mövcud olan ədalət mirası sayəsində demokratiya və hüquq dövləti yolunda işlərini güclü şəkildə həyata keçirir. Bütün mənfiliklərə baxmayaraq, sürətlə bərpa edilərək yenidən hüquq dövləti vəziyyətinə dönə biliriksə, bu, çox önəmlidir.

Günay Elşadqızı / METBUAT.AZ