Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev növbəti dəfə prezident seçildikdən sonra ilk xarici səfərini qardaş Türkiyəyə edib. Görüş zamanı Azərbaycan və Türkiyə prezidentlərinin görüşü və birgə mətbuat konfransı zamanı bir sıra vacib məqamlara toxunublar.
Prezident İlham Əliyev bildirib ki, Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir və bu birliyin böyük gələcəyi var. Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə qədər Azərbaycana dəstək verən ölkə olmayıb.
Türkiyə və Azərbaycanın Avrasiyanın energetika və nəqliyyat xəritəsini tərtib etdiyini deyən prezdent İlham Əliyev deyib ki, həyata keçirdiyimiz layihələr sabitliyi və təhlükəsizliyi möhkəmləndirir.
Millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı Metbuat.az-a açıqlamasında bildirib ki, həqiqətən də elə bir ölkə yoxdur ki, Azərbaycanla Türkiyə qədər yaxın münasibətləri olsun, ikinci bir analoq yoxdur: “Bu əlaqələrimiz ildən-ilə, hətta aydan-aya daha da yaxınlaşır, dostluğumuz daha da möhkəmlənir. Bütün sahələrdə olan əməkdaşlığımız daha da möhkəmlənir. Bununla da sözsüz ki, hər bir azərbaycanlı qürur duyur. Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı, Türkiyənin dövlət başçısı bir daha bildirdi ki, biz, bir millət, iki dövlətik. Bunun da təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. O, bir millət, iki dövlət dedi və onu da reallaşdırdı, bu da gələcəyimizin yol xətti oldu. Cənab Ərdoğan da çıxışı zamanı bildirdi ki, “bir millət, iki dövlət” kəlamı boş yerdən yaranmayıb. Bu kəlama görə Heydər Əliyevi rəhmətlə anırıq. Həmin görüşdə də ikitərəfli strateji müttəfiqlik və əməkdaşlığın yüksək səviyyədə iclası idi. Bu iclas zamanı çox önəmli mesajlar verildi.
Prezident İlham Əliyev Böyük Millət Məclisində olarkən, spiker İsmayıl Kahraman bildirdi ki, “cənab prezident, siz, təkcə Azərbaycan üçün, Türkiyə üçün deyil, ümumilikdə bölgə üçün, dünya üçün əhəmiyyətli şəxsiyyətsiniz”. Yəni, Türkiyə kimi 80 milyonluq əhalisi olan böyük bir parlament rəhbərinin Azərbaycan prezidentinə verdiyi qiymət idi ki, siz, dünya üçün əhəmiyyətli şəxsiyyətsiniz. Həqiqətən bu gün dövlət başçımızın rəhbərliyi altında həyata keçirilən layihələr beynəlxalq səviyyəli logistik, nəqliyyat layihələri tək ölkəmiz üçün deyil, bütövlükdə dünya üçün də əhəmiyyətlidir. Dövlət başçılarının birgə mətbuat konfransında cənab Ərdoğan İlham Əliyevlə danışan zaman “sizin geniş və uzaq vizyonunuz və liderliyiniz” ifadəsini dilə gətirdi.
Bildiyiniz kimi, R.T.Ərdoğan dünyanın ən tanınmış, xarizmatik liderlərindən biridir. Ərdoğan bunu bizim dövlət başçımıza dostluq, qardaşlıq münasibətlərinə görə yox, cənab İlham Əliyevin gördüyü işlərə görə dedi. Ərdoğan çıxışı zamanı qeyd etdi ki, yaxın zamanlarda TANAP layihəsi gerçəkləşəcək. TANAP, TAP, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ərzurum kimi beynəlxalq layihələr heç də asan layihələr deyil. Bunları reallaşdırana qədər həddindən artıq çox təzyiqlər, təhdidlər oldu. Bunların gerçəkləşməməsi üçün, bir sıra hallarda isə bu layihələrin başqa trayektoriyalardan, hətta Ermənistandan keçməsi üçün də bizə çox təzyiqlər oldu. Amma prezident İlham Əliyev bir millət, iki dövlət prinsipinə sədaqətlə xidmət etdi. Bu gün bizim qardaşlıq münasibətlərimiz bu layihələrlə ayrılmaz hala gəlib. Bu layihələr təkcə Azərbaycan üçün maraqlı deyil, eyni zamanda Mərkəzi, Şərqi Avropa, ümumilikdə Avropanın bir çox məkanı üçün, bütün Avrasiya üçün çox böyük əhəmiyyətə malikdir. Əlbəttə Avrasiya üçün mühüm olan layihələr bütün dünya üçün əhəmiyyətlidir. Qloballaşan dünyada dünya o qədər kiçikdir ki, bir-birilə hər dəqiqə əlaqə saxlayan dövlətlərin olduğu zamana gəlmişik”.
Millət vəkili Məlahət İbrahimqızı deyir ki, dünyada ən çətin 3 bölgə var – Yaxın Şərq, Cənubi Qafqaz və Balkanlar: “Cənubi Qafqazda gördüyünüz kimi, günlərdir bizim mənfur, işğalçı qonşumuz olan Ermənistanda qazan qaynayır. Çünki o dövlətin rəhbəri, lideri yoxdur. Lidersizlikdən də xaos yaranıb, millət səfalətə, böhrana sürüklənib. İki gün öncə NATO-dakı çıxışım zamanı da qeyd etdim ki, xalq ayağa qalxsa da, Sarkisyan rejiminə “rədd ol” desə də, bu gün dövləti idarə edənlər, xaricdəki diasporalar, lobbilər erməni xalqını fəlakətə aparır. Çünki erməni xalqı da həmin insanlar da bilirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır. Başqasının torpağında əsgərin ölməsi şəhid olmaq demək deyil. Erməni analarının şikayətilə onlar beynəlxalq tribunalda, beynəlxalq məhkəmələrdə mühakimə olunacaqlar. Çünki insan öz torpağı, öz vətəni uğrunda öləndə ona deyirlər şəhid olub. Amma başqasının torpağına göz dikəndə o artıq cinayətkarın qurbanıdır.
Yəni, bu gün erməniləri analarının övladları Serj Sarkisyan və onun tipli siyasətçilərin qurbanıdır. Amma bizim əsgərlərimiz öz torpaqlarımız uğrunda şəhid olur. Cənubi Qafqazın nə qədər ağır region olduğunu ulu öndərimiz də bilirdi. Bölgədə ən güclü, hegemon dövlətlərin maraqları var. O maraqlar üçün balansı zərgər dəqiqliyilə saxlamaq lazımdır. İkitərəfli, bərabərhüquqlu, müstəqil dövlətlərin qonşuluq siyasəti tarazlı aparılmalıdır. Dünyada gedən proseslər onu göstərir ki, ulu öndər Heydər Əliyevin başladığı siyasət alternativsiz siyasətdir. Ona görə də xalq 11 apreldə yenidən prezident İlham Əliyevə səs verdi. Biz hamımız SSRİ-dən çıxan Ukraynadakı vəziyyəti gördük. O iki slavyan xalqın gələcək münasibətləri görünmür. Qardaş müharibəsi çox təhlükəlidir. Bir dəfə düşmənçilik toxumu səpildisə, bu, uzun illər davam edir. Bundan əlavə, Gürcüstanda 2008-ci il müharibəsi göstərdi ki, nə qədər yanlışlıqlar elədilər. Gürcüstanın ərazi bütövlüyünün bərpası üçün çox ciddi problemlər var, çünki artıq Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini dünyanın bəzi ölkələri tanıyıb. O cümlədən Rusiya kimi güclü, hegemon dövlət artıq oranın müstəqilliyini tanıyıb. Amma prezident İlham Əliyevin zəngin bilik və təcrübəsi, müdrik, təmkinli, cəsarətli siyasəti var. Türkiyədə də həm keçirilən görüşlərdə, həm cənab Ərdoğan tərəfindən, həm mətbuatda, sosial şəbəkələrdə, parlamentdəki görüşündə Azərbaycan dövlət başçısına çox yüksək qiymət verildi. Biz də bununla qürur duyuruq və bir millətin iki dövləti olmaqdan xoşbəxtlik duyuruq”.
Günay Elşadqızı / METBUAT.AZ