1993-cü il aprel ayının 30-da BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsi qəbul edilib.
Metbuat.az-ın məlumatına görə, 1993-cü ildə Azərbaycanın daha bir rayonu - Kəlbəcər ermənilər tərəfindən işğal edilib. Azərbaycan bu barədə BMT-yə müraciət edərək təcavüzkarın əməllərinə qiymət verilməsini xahiş edib. Aprelin 6-da BMT TŞ sədrinin bəyanatı qəbul olunub. Lakin bu bəyanat da problemə düzgün qiymət vermirdi. Məsələ burasındadır ki, Ermənistanın işğalçılıq siyasətinə münasibət sənəddə əksini tapmayıb və Kəlbəcərin işğalının guya "yerli ermənilər" tərəfindən həyata keçirildiyi vurğulanmışdı.
Aprel ayının 30-da isə BMT TŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsi qəbul edilib. "BMT TŞ 822 saylı qətnaməsi" adlanan bu sənəd Təhlükəsizlik Şurası sədrinin 1993-cü il yanvarın 29-da və aprelin 6-da verdiyi bəyanatlara istinadən hazırlanmışdı. Qətnamədə bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilirdi.
BMT TŞ atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə və hərbi əməliyyatlara son qoyulmasına çağırır, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər ərazilərindən çıxarılmasını tələb edirdi. Lakin bu qətnamə də əslində, regionda sülhün əldə olunmasına stimul vermək gücündə deyildi. Əvvəla ona görə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi yalnız ümumi sözlərlə yüklənmiş və məsələyə heç bir konkret qiymət vermək məqsədinə xidmət etməmişdir.
Digər tərəfdən, qətnamədə öz əksini tapmış müddəaların həyata keçirilmə mexanizmləri də göstərilməmişdi. Sənəddə Azərbaycan torpaqlarının işğal olunması faktı təsdiqlənsə də, bunun kim tərəfindən həyata keçirildiyi dəqiq göstərilmir və hərbi əməliyyatların guya "yerli ermənilər" tərəfindən reallaşdırıldığı vurğulanırdı.