Nazirlik rəsmisi qeyd edib ki, olimpiadanın ilkin mərhələdə ölkə üzrə 22 min şagird iştirak edib: "Onların arasından yarımfinala ən yaxşı 4000 şagird, mart ayındakı zona mərhələsindən isə ən yaxşı 480 nəfəri seçdik. Aprelin 18-20-də Bakıda respublika fənn olimpiadalarının final mərhələsi baş tutacaq. Olimpiada 8 fənn üzrə keçirilir. Burada texniki və humanitar fənlər yer alır. Olimpiadadan uğurla keçən şagirdləri beynəlxalq olimpiadalarda iştirakını təmin edəcəyik. Təhsil Nazirliyinin təsdiq etdiyi qaydalara əsasən, respublikanın öndə gələn professor və müəllim heyətindən ibarət münsiflər heyəti yaradılıb".
O, əlavə edib ki, builki fənn olimpiadasında əsas dəyişikliklərdən biri şagirdlərin final mərhələsində imtahanlardan çıxdıqdan sonra onlara sualların həlləri və qiymətləndirmə meyarlarının paylanılmasıdır: "Şagirdlər nəticələr açıqlanana qədər öz yazıları ilə tanış olacaq, həm də bir gün sonra münsiflər heyəti ilə birlikdə nəticələrin təsdiqi müzakirəsini apara biləcəklər. Nəticədən narazı olan şagirdlər münsiflərin heyətinin qarşısına oturaraq öz yazdıqlarını müdafiə edə biləcəklər. Digər dəyişiklik isə final mərhələsində iştirak edəcək 480 şagirdin 240 nəfərini I,II, III yerlərlə təltif olunmasıdır. Sual ortaya çıxa bilər ki, 480 nəfərin yarısı medal almış olacaqlar. Qeyd edək ki, 480 nəfər 22 min arasından seçilib. Həmçinin, final mərhələsinin nəticələrinə əsasən, 8 fənnin səkkizindən də birincilərin birincisi nominasiyasını təyin etmişik ki, həmin fənlərin hamısından yüksək nəticə əldə edən şagirdə xüsusi mükafat verək".