Rusiya prezidenti Vladimir Putin bu gün dördüncü dəfə and içib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin mərasimə rus istehsalı olan limuzinlə gəlib. Kreml sarayında baş tutan inaqurasiya mərasiminə təxminən 5 min nəfər dəvət edilib. Demək olar ki, bütün qonaqlar Putinin gəlişindən and içməsinə qədər bütün mərasimi mobil telefona çəkiblər.

Putin sağ əlini konstitusiyaya qoyaraq and içdikdən sonra Rusiya Marşı səslənib. Televiziyalar inaqurasiya mərasimini canlı nümayiş edib. Ölkənin hər yerində əhali andiçmə mərasimini televiziyalardan maraqla izləyib.

Rusiyanın “Sputnik” xəbər agentliyi isə andiçmə mərasimindən əvvəl Putinin otağında onun fotolarını çəkib. Otağında pencəyini geyinərək andiçmə mərasiminə gedən Putin bununla da növbəti 6 il üçün ölkəyə liderlik edəcək.

Qeyd edək ki, Putin Rusiyada baş nazir və dövlət başçısı olaraq 18 ildir iqtidardadır. O, ilk dəfə 2000-ci ildə prezident seçilib və 2004-cü ildə yenidən növbəti 4 il üçün dövlət başçısı olub. Qanuna görə, ard-arda ancaq iki dəfə prezident seçilə bildiyi üçün 2008-ci ildə baş nazir olub. Həmin müddətdə prezident kürsüsündə Putinə yaxın siyasətçilərdən olan Dmitri Medvedev oturub.

Putin 2012-ci ildə yenidən dövlət başçısı seçilərək növbəti 6 il üçün ölkəni idarə edib. Bu il 18 martda keçirilən seçkilərdə Putin 76,69% səs toplayaraq yenidən ölkə rəhbəri seçilib.

Əgər Putin dövlət başçısı dövrünü tamamlaya bilsə, 2024-cü ildə, 65 yaşında əsrin ¼-i müddətində ölkəni idarə etmiş sayılacaq. Qeyd edək ki, SSRİ-i lideri İosif Stalin 31 il iqtidarda olub. Putin, Stalindən sonra ölkəni ən uzun müddət idarə edən siyasətçi olacaq.

Günay Elşadqızı / METBUAT.AZ