Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı” mövzusunda konfrans keçirilir.

Metbuat.az-ın məlumatına görə, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov tədbir iştirakçılarını salamlayaraq ümumilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının inkişafındakı xidmətləri barədə geniş məlumat verib və ulu öndərin mediaya diqqətini xüsusi vurğulayıb. Əflatun Amaşov eyni zamanda Mətbuat Şurası yaranmasından bəhs edərək bildirib ki, Şura 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb.

Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.

Daha sonra Prezident Administrasiyasının şöbə müdirinin müavini Vüqar Əliyev də öz növbəsində ulu öndərin həyat yolu və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib. O, bildirib ki, bu il ulu öndərin 95 illik yubileyi bütün ölkədə qeyd edilir. Vüqar Əliyev bildirib ki, ümumilli lider Heydər Əliyevin keçdiyi həyat yoluna nəzər salanda birmənalı şəkildə deyə bilərik ki, onun fəaliyyəti, gördüyü işlərin nəticəsində Azərbaycanın uğurlu inkişafının əsası qoyulub. 1995-ci ildən başlayaraq Azərbaycanda bütün sahələrdə köklü islahatlara başlanılıb. Azərbaycanın yeni Konstitusiyası qəbul olunub, çoxpartiyalı sistem formalaşıb. Siyasi plüralizm Azərbaycan cəmiyyətinin normasına çevrilib, söz və mətbuat azadlığı təmin edilib. Heydər Əliyev Azərbaycanın beynəlxalq münasibətlər çərçivəsində etibarlı tərəfdaşa çevrilməsi, ölkəmizin multikultural dəyərlərinin dünyaya çatdırılması baxımından əvəzsiz xidmətlər göstərib.

Birmənalı şəkildə qeyd eləmək olar ki, 1993-2003-cü illər Azərbaycanın bir dövlət kimi qurulduğu, formalaşdığı və beynəlxalq hüququn subyektinə çevrildiyi mühüm bir mərhələ keçib. Bilirsiz ki, Heydər Əliyev demokratik dəyərlərin formalaşması, vətəndaş cəmiyyəti institutlarının qurulması təməlini qoyan bir şəxsiyyətdir.

Vüqar Əliyev qeyd edib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi həm də medianın dirçəlməsinə şərait yaradıb. Ulu öndər Heydər Əliyev Azərbaycanda demokratik mətbuatın formalaşmasında və inkişafının təmin edilməsində məqsədyönlü siyasət həyata keçirib. Ümumilli liderin dövründə mətbuata senzuranın ləğvi medianən inkişafında yeni mərhələnin başlanğıcını qoyub. 1999-cu ildə KİV haqqında Qanunun qəbul edilməsi mediada demokratik qanunveriçilik bazasını formalaşdırıb. Heydər Əliyevin siyasəti bu idi ki, Azərbaycan mətbuatı müstəqil və müstəqil olduğu qədər də güclü olmalıdır.

V.Əliyev bildirib ki, ulu öndərin siyasətinin davamı olaraq Azərbaycanda medianın inkişafı İlham Əliyevin də siyasətinin fəlsəfəsini təşkil edir. Prezident İlham Əliyev jurnalistlərin sosial bazasının gücləndirilməsi, onların mənzil-məişət problemlərinin həllilə bağlı daima işlər görür. 2013 və 2017-ci ildə jurnalistlərin mənzillə təmin olunması binanın təhvil verilməsi də bunun bariz nümunəsidir. Ötən il eyni zamanda jurnalistlər üçün yeni binanın təməli qoyulub.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də çıxışı zamanı ümumilli liderin mediaya daima böyük dəstək göstərdiyini qeyd ediblər. Qeyd edilib ki, ulu öndərin dövründən azad mətbuatın inkişafı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib. Bunun nəticəsidir ki, 1998-ci ildə senzuranın ləğvi mətbuatın inkişafında yeni bir mərhələnin təməlini qoyub. Jurnalist əməyini yüksək dəyərləndirən ümummilli lider Heydər Əliyev media nümayəndələri ilə keçirdiyi mütəmadi görüşlərində onların problemləri ilə yaxından maraqlanır, onların həlli istiqamətində zəruri addımlar atırdı. Bu diqqət və qayğının nəticəsi olaraqulu öndər Heydər Əliyev 2002-ci ildə«Jurnalistlərin dostu» mükafatına layiq görülüb.