Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun gələcək fəaliyyətilə bağlı ilk dəfə açıqlama verib. O, qarşıda duran əsas prioritetlərdən danışıb.
Metbuat.az xəbər verir ki, Xidmət rəisi Lider TV-yə açıqlamasında bildirib ki, cənab prezident Dövlət Miqrasiya Xidmətinin fəaliyyətilə bağlı tapşırıqlar müəyyən edib və qarşımıza bir sıra vəzifələr qoyub: “Dövlət Miqrasiya Xidmətində ilk fəaliyyətimiz bu tapşırıqların tam icrasını təmin etməyə yönəldilib. Biz, ilkin mərhələdə mövcud vəziyyətin təhlilinə başlamışıq. Daha çox hansı sahələrdə narahatlıqlar mövcuddur, hansı sahələrdə boşluq var və növbəti atacağımız addımlarla bağlı yol xəritəsini, ilkin olaraq hansı tədbirləri həyata keçirəcəyiksə, onları müəyyən etməklə məşğuluq. Artıq ümumi istiqamətləri müəyyən etmişik”.
Dövlət Miqrasiya Xidmətinin rəisi kadr islahatları ilə bağlı da konkret hədəfləri açıqlayıb: “Hesab edirik ki, Dövlət Miqrasiya Xidmətində qoyulmuş tapşırıqların, vəzifələrin icrasını hansı kadrlarla tam yüksək səviyyədə həyata keçirə biləriksə, ancaq o tip kadrlara etimad göstəriləcək və o əməkdaşlar aktiv fəaliyyət göstərəcəklər. Təbii ki, burada əsas yanaşma ondan ibarətdir ki, həm müvafiq sahədə yüksək bilik və bacarıqlara sahib olsunlar, eyni zamanda dövlət qulluğunun mahiyyətini, fəlsəfəsini anlasınlar. Həmçinin cənab prezidentin dövlət qulluqçusu necə olmalıdır baxışını paylaşsınlar. Kadr islahatları təbii ki, müntəzəm olaraq davam edəcək. Gələcəkdə biz, yeni müsabiqələr elan etməyi nəzərdə tuturuq. Kadr korpusunun yenilənməsi, yeni, gənc əməkdaşların cəlb edilməsilə bağlı ümumi olaraq davam edəcən proses olacaq.
DMX-nin rəisi Kütləvi İnformasiya Vasitələrilə münasibətləri də yüksək səviyyədə qurmaq istəyir. O, bunlarla yanaşı qarşıdakı aylarda nəzərdə tutulan ilk planları da açıqlayıb: “Biz fəaliyyətimizi jurnalistlərlə, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrilə çox açıq formada quracağıq. İyun ayında artıq Dövlət Miqrasiya Xidmətinin 6 aylıq fəaliyyətilə bağlı hesabat xarakterli geniş mətbuat konfransı keçirəcəyik və bu tədbir mütəmadi olacaq, yəni, ildə 2 dəfə. Bundan əlavə, ayın 18-də Dövlət Miqrasiya Xidmətinə əmək icazələri üçün müraciət edən, alan, bu prosesdə bizim xidmətlə kəsişən bütün xarici şirkətlərin nümayəndələrilə görüş nəzərdə tutmuşuq. Bu görüşə hər bir yerli və xarici şirkətləri dəvət edirəm. Əminəm ki, qısa müddət sonra Miqrasiya Xidmətində yeniliklərlə bağlı məlumatları elə bizim press-relizlər vasitəsilə əldə edəcəksiniz”.
Qeyd edək ki, Vüsal Hüseynov prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub.