Avropa Birliyinin üzvü olan 28 ölkə ABŞ-ın İranla bağlı nüvə qərarından sonra ortaq açıqlama yayıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada bildirilir ki, İran, nüvə razılaşmasındakı öhdəliklərə bağlı qaldığı müddətcə, Avropa Birliyi də müqaviləyə bağlı qalmağa davam edəcək: “Nüvə ilə bağlı sanksiyaların aradan qaldırılması müqavilənin həyati hissəsidir. AB bunun davamlı olmasının önəmini vurğulayır”.
Qeyd edək ki,Avropa İttifaqı Şurasının sədri Donald Tusk Tvitter sosial şəbəkəsində AB-nin birlik içində hərəkət edəcəyini ifadə edən status yazıb: “Avropa Birliyi, ABŞ prezidenti Donald Trampın İranla nüvə razılaşması və ticarət istiqamətli siyasətinə qarşı birlik içində hərəkət edəcək”.
AB liderlərinin mayın 17-də Bolqarıstanın paytaxtı Sofiyada görüşəcəklərini xatırladan Tusk, zirvə görüşündə İranla nüvə razılaşması və ticarət məsələlərinin gündəmə gətiriləcəyini qeyd edib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən gün ölkəsinin İranla imzalanan nüvə razılaşmasından çıxacağını və İrana sanksiyalar tətbiq ediləcəyini açıqlayıb. İran və razılaşmanı imzalayan Avropa ölkələri isə razılaşmanı davam etdirəcəklərini açıqlayıblar.
Günay Elşadqızı / METBUAT.AZ