ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə razılaşmasından geri çəkildiyini elan etməsindən sonra, Amerikanın İran üzərindəki iqtisadi sanskiyaları yenidən gündəmə gəlib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Trampın açıqlamasının ardınca verdiyi açıqlamada İrana qarşı sanksiyaların yenidən qüvvəyə mindiyini, bu müddətdə İranla yeni iş müqavilələrinin imzalanmamalı olduğunu qeyd edib. ABŞ Xəzinə Nazirliyinin açıqlamasında İrana istiqamətli sanksiyaların 90 və 180 günlük aralıqla yenidən tətbiq olunmağa başlayacağını bildirib.

Buna görə, ABŞ-ın İrana istiqamətli ilk sanksiya paketi 6 avqustda dövriyyəyə buraxılacaq. Bu tarixdən sonra İran hökuməti, ABŞ dolları ala, qızıl və digər qiymətli metallarla ticarət edə bilməyəcək. Bundan əlavə, İranın alüminium, polad, kömür ticarəti ilə avtomobil sektoru üzərinə də sanksiyalar tətbiq olunacaq, İran xaricində ölkənin pul vahidi olan riyal üzərindən reallaşan əhəmiyyətli əməliyyatlara də məhdudiyyətlər qoyulacaq.

ABŞ-ın İrana qarşı ikinci sanksiya paketi isə noyabrın 4-də olacaq. Bu tarixdən etibarən İran Milli Neft Şirkəti (NIOC) üzərinə beynəlxalq məhdudiyyətlər qoyulacaq, İrandan neft, neft-kimya və neft məhsulları almaq və ümumi olaraq İranın enerji sektoru üzərinə sanksiyalar tətbiq olunacaq. Ölkənin gəmiçilik sektoru, İran Mərkəzi Bankının xarici maliyyə qurumlarının fəaliyyətləri və 16 yanvar 2016-cı ildə sanksiya siyahısından çıxarılan İranla münasibətləri olan şəxslərə qarşı da yenidən sanksiyalar tətbiq olunacaq.

Xəzinədarlıq Nazirliyinin verdiyi bəyanatda bildirilir ki, noyabrın 5-dən etibarən amerikalı şəxslər və ya təşkilatlar tərəfindən idarə olunan və İran hökuməti ilə əlaqəsi və ya fəaliyyəti olan təşkilatların da səlahiyyətləri ləğv ediləcək. Açıqlamada bildirilir ki, həmin şəxslər və təşkilatların ən geci 4 noyabra qədər İrandakı fəaliyyətlərini dayandırmaları lazımdır.

İrana yenidən tətbiq olunacaq sanksiyalar səbəbilə ABŞ şirkətlərinin müqavilələri sona çatdırması, investisiya, istehsal və məşğulluq baxımından həmin şirkətlərə mənfi təsir göstərəcək.

ABŞ-ın xəzinə naziri Steven Mnuçin açıqlamasında bildirib ki, Amerikanın “Boeing” şirkəti ilə, Hollandayada yerləşən “AirBus” şirkətlərinin İran şirkətlərilə təyyarə almaqla bağlı müqavilələri ləğv edilib.

Qeyd edək ki, “Boeing”in “İran Air”lə 80 təyyarə qarşılığında 16,6 milyard dollarlıq, İranın “Aseman”la 30 təyyarə qarşılığında 3 milyard dollarlıq, “AirBus”un isə “İran Air”lə 100 təyyarə qarşılığında 19 milyard dollarlıq satış müqaviləsi var idi.

Günay Elşadqızı / METBUAT.AZ