Xəbər verdiyim kimi, ABŞ prezidenti Donald Tramp İranla olan nüvə razılaşmasından çıxmaq barədə qərar verib. Bundan əlavə, ABŞ İran üçün tətbiq edəcəyi sanksiyaların nədən ibarət olacağını və zamanını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, ABŞ-ın İranla nüvə sazişindən imtina etməsindən sonra İsrail və İran qüvvələri bir-birinə hücum edib. Suriya torpaqlarından İsrailə atılan raketlərə rəsmi Təl-Əviv qisasla cavab verib.

İran milislərinin atdığı raketlər İsrail tərəfdə həyəcan siqnalının çalmasına səbəb olub. Sözügedən hücumlara İsrail səhərə yaxın cavab verməyə başlayıb. İsrailin vurduğu ərazilər arasında hərbi bazalar və sursat anbarları var. Rəsmi xəbər agentliyi "SANA" cənubdakı Baas şəhərinə artilleriya atışı edildiyini yayıb. İsrail hücumlardan əvvəl Dəməşq rejimi və İranın mütəffiqi Rusiyaya məlumat verdiyini bildirib.

Maraqlıdır, ABŞ-ın qərarının regiona və ümumilikdə dünya ölkələrinə təsiri nələr olacaq?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyev bildirib ki, İranla İsrail arasında gedən mübarizə belə bir sonluqla da nəticələnməliydi: “Çünki Suriya məsələsində İranın öz mövqeyi vardı, İsrailin də öz mövqeyi. Bir-birinə zidd olan problemlər yaşayırlar. Bundan başqa məlum məsələdir ki, İran hər dəfə öz bəyənatlarında İsrail və Amerika Birləşmiş Ştatlarını məhv edəcəyi barədə bəyənatlarla çıxış edir. Amerika Birləşmiş Ştatlarının bu gün İrana qarşı tətbiq elədiyi sanksiyalar, eyni zamanda çətinliyin Qüdsə keçirilməsi, demək olar ki, üst-üstə düşən məsələlərdir.

Bundan başqa, İsrailin baş naziri Benyamin Netanyahunun Rusiya ilə apardığı danışıqlar bir daha göstərdi ki, o, Rusiyaya xəbərdarlıq edirdi. Çünki İranın məramı, məqsədi dənizdən-dənizə olan bütün əraziləri şiə yönümlü etmək və dini məzhəbdən istifadə edərək öz istəyinə çatmaqdır. Amerika Birləşmiş Ştatlarının iradı həmin vəziyyətdə nüvə layihələrinin məqsədinin terror təşkilatlarının və digər təşkilatların əlinə keçməsidir. Bu da məlum məsələsdir ki, əgər Amerika Birləşmiş Ştatlarını və İsraili qorxutmaqla nəyəsə nail olmağa çalışırlarsa, məqsəd həmin o silahların birinci növbədə İsrailə və ABŞ-a qarşı işlətməsindən ibarətdir. Məhz buna görə də bu problemlər yaranır. Ümumiyyətlə İranla müsəlman dövlətləri də həmrəy deyil, çünki istər Səudiyyə Ərəbistanı, istərsə də digər dövlətlər gözəl başa düşür ki, İranla İsrail arasında hər hansı bir müharibə başlansa, bu, bütün regiona siraət edən məsələ olacaq. Bu isə çox böyük müharibəyə gətirib çıxara bilər. Məhz buna görə də bu proseslər davam edir.

Düşünürəm ki, İran gözəl başa düşür ki, onlara qarşı tam şəkildə bütün sanksiyalar tətbiq olunacaq. Hətta İranla əlaqəsi olan və onun nüvə proqramına köməklik göstərən Rusiya və digər bütün dövlətlərə qarşı da həmin sanksiyalar tətbiq olunacaq.

Donald Tramp seçicilərlə görüşəndə, seçkiöncəsi iki əsas planı var idi – Şimali Koreyanın və İranın nüvə məsələləri. Şimali Koreya ilə Cənubi Koreyanın arasında münasibətlər düzəlib, indi isə qalıb İran məsələsi. Burada da nüvə proqramından çıxmaqla bağlı müəyyən məsələlər var. Avropa İranla proqramın daha da genişlənməsi və sülhməramlı məsələlərə getmək istəyir, ancaq ABŞ bunun əleyhinə gedir. Burada artıq Avropa və Amerika arasında müəyyən ziddiyyətlər yaranır. Gördüyünüz kimi, İranın ərazisində müharibə getmir. Müharibə əsasən Suriyanın ərazisində yerləşən İran Silahlı Qüvvələrinə və Colan yüksəkliyinə marağı olan İsrailə qarşıdır”.

Günay Elşadqızı / METBUAT.AZ

"Jurnalistlər üçün meydan vermək lazımdır ki, özünü göstərsin" – Bəhruz Quliyevlə müsahibə/ FOTOLAR