Bağdad hökumətinin İŞİD-ə qarşı siyasi mübarizə məsələsində məsləhətçisi Hişam əl-Haşimi “Reuters” xəbər agentliyinə maraqlı açıqlama verib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, “Reuters” xəbər agentliyinin Türkiyədə tutulub İraqa təslim edilən İŞİD-in əsas terrorçularından olan İsmayıl əl-İthavi üzərindən həyata keçirilən əməliyyatla bağlı yaydığı bu açıqlama bütün dünyanın diqqətini cəlb edib.
İŞİD terror təşkilatı üçün vacib olan adamlardan biri İsmayıl İthavi, fevral ayında Türkiyədə tutularaq İraqa təslim edilib. Məlumata görə, İraq kəşfiyyatı terror təşkilatının rəhbəri Əbu Bəkr əl-Bağdadinin əsas adamlarından sayılan İthavinin Teleqram hesabından istifadə edilərək İŞİD-in 4 üzvünü tələyə salıblar. Onların arasında Fərat çayının şərqində olan İŞİD-in vacib adamlarından biri Səddam Camal da var.
Bu əməliyyatla terror təşkilatının istifadə etdiyi bank hesabları və gizli mesajlarının deşifrə olunduğunu bildirən Haşimi, İthavi və Camalın indiyə qədər ələ keçirilən ən vacib İŞİD-çilər olduğunu qeyd edib.
Günay Elşadqızı / METBUAT.AZ