Ermənistanın yeni baş naziri Nikol Paşinyan bu gün keçirdiyi ilk hökumət iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.
Metbuat.az Ermənistanın News.am saytına istinadən xəbər verir ki, Paşinyan fövqəladə hallar naziri David Tonoyanın yeni müdafiə naziri təyin ediləcəyini bildirib.
Qeyd edək ki, David Tonoyan Ermənistanın daxili işlər orqanlarında, Hərbi Polisdə, Müdafiə Nazirliyində xidmət edib. O, müdafiə nazirinin birinci müavini olub, 2017-ci il fevralın 6-da isə eks prezident Serj Sarkisyanın sərəncamı ilə fövqəladə hallar naziri təyin edilib.

Qeyd edək ki, Ermənistanın Müdafiə naziri səlahiyyətlərini icra edən Vigen Sarkisyan iki gün öncə vəzifəsindən istefa verib. O, televiziya ilə müraciətində bildirib ki, Ermənistan naminə işləməkdə davam edəcək, amma başqa sahə üzrə. Lakin Sarkisyan istefa qərarının səbəblərini açıqlamayıb.
Günay Elşadqızı / METBUAT.AZ