Sürgündə olan separatçı lider Karles Puçdemon Kataloniya Muxtar vilayətinin rəhbərliyinə namizədliyini verməyəcək.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Kataloniyada 14 mayda keçiriləcək Muxtar vilayətin rəhbərliyi üçün namizəd olmaq fikrindən daşınıb. Bu barədə o, sosial mediada yayılan videoda açıqlama verib. Puçdemon Kataloniya Muxtar vilayətinə katalon vəkil Quim Torranın rəhbərlik etməsini məsləhət görüb.
Almaniyanın paytaxtı Berlində ictimaiyyətə açıqlama verən Puçdemon deyib: “Qrupumuz yeni rəhbər kimi parlament üzvü Quim Torranı məsləhət görür. O, qarşıdakı bir neçə gün ərzində lazım olan məsuliyyəti üzərinə götürərək dərhal yeni hökumətin qurulmasını bacara bilir”.
Qeyd edək ki, ötən ilin oktyabr ayında keçirilən qalmaqallı müstəqillik referendumundan sonra İspaniya baş naziri Mariano Rahoy tərəfindən vəzifəsindən çıxarılan və haqqında Avropa daxilində tutulmaq qərarı çıxarılan Karles Puçdemon martın 25-də Almaniyada saxlanılaraq Neumünster Həbsxanasına aparılıb.
İspaniya onun ekstradisiya olunmasını istəsə də, Almaniya məhkəməsi bununla bağlı qəti qərarını verməyib. Sərbəst buraxılan Puçdemonun qərar açıqlanana qədər Almaniyadan çıxması qadağandır.
Günay Elşadqızı / METBUAT.AZ