"Həyatında ən yaddaqalan günün hansıdır?" - deyə soruşsalar, tərəddütsüz taleyimin həll olunduğu, gələcəkdə cəmiyyətdə hansı mövqeyə sahiblənəcəyim gün - qəbul imtahanı verdiyim o həmin gün" - deyərdim.
Tələbə adını qazanmaq çox şərəflidir. Şərəfli olmağı qədər də məşəqqətli, həyəcanlıdır. Ancaq hər kəsin arzuladığı bu ada sahib və ya layiq olmaq tələbəliyin özü qədər çətin deyil, əslində. Amma əminliklə onu da deyim ki, tələbə olmaq cəmiyyətdəki mövqeyinin müsbət olması üçün heç də keçərli deyil.
Hazırda abituriyentlər ömürlərinin ən yadda qalacağını güman etdiyi tələbəlik illərini yaşamaq, bu anların ehtiras dolu tarixini yaşamaq üçün imtahan verirlər. Artıq hazırlıq mərhələsi geridə qaldı. İMTAHAN! Bəli, dünya hökmdarı Napalionun belə qorxduğu imtahanı verirlər. Qorxu dolu, əslində isə insanın əməlində "2 x 2" qədər asan olan imtahan! Bugünkü abituriyentlərin paylaşdıqları şəkilləri görəndə özümün ötən il imtahan verdiyim anlar bir daha canlandı gözlərimdə. Özü də necə...
Abituriyentlərdən çox valideynləri düşünürəm. Çəkdikləri min bir əziyyətlər, streslər, ümidlər, güvənclər nələr, nələr... Arzu edirəm ki, bu həyacanlı anları sevin, fərəh əvəzləsin. Abituriyentin çəkdiyi yarı qorxu, yarı fərəh dolu anlar sual kitabçaları qarşılarına gələnə qədərdir. Bəs davamı... İrəlidəki 3 saatın həyəcanını kim çəkəcək? Əlbəttə ki, uğurumuza sevinən valideynlər!Hər birinizə uğurlar arzu edirəm, əziz abituriyentlər! Lakin, yaxşılıqlar naminə olsa belə, bəzən valideynlər uşaqları elə həddə gətirirlər ki, iş hətta intihara qədər gəlib çatır.
Odur ki, sözüm, dəyərli, can parası olan valideynlərədir! Bilirəm, hər atılan çabalar övladlarınızın yaxşılığı üçündür. Onları çox da sıxmayın, "bal toplaya bilməsən, evə gəlmə, asacam, kəsəcəm, özümü yandıracam" kimi sözləri qoyun bir kənara. Çaba göstərdiyiniz, etmək istədiyiniz yaxşılıqlar bu yerdə kömək ola bilməz. Əksinə, bu kimi fikirlər imtahanda övladlarınızı sərbəst düşünməyə imkan verməyəcək. Gəlin, belə danışaq, nə qədər bəsit olsa da, Siz istəyirsiniz ki, övladınız oxusun, təhsil, iş sahibi olsun. Gələcək həyatlarında artıq siz olmadıqda özlərini, ailələrini rahat dolandırsınlar, ayaq üstə durmağı bacarsınlar. Ancaq, onlara göstərdiyiniz təzyiqlər ömrü boyu sağlamlıqdan məhdud edə, hətta, həyatdan məhrum edə bilər. Unutmayın, sağlam olmadıqdan sonra, kimə gərəkdir o universitet, o təhsil? Düzdür, düşünərsiniz ki, bir-iki kəlmə ilə etdiyim hədədən bu qədər böyük ağır nəticələr yarana bilməz. Xeyr! Bəlkə də adi məqamda bu normal ola bilərdi. Ancaq mən özüm də şəxsən bu imtahan "yolundan" keçmişəm deyə çox yaxşı dərk edirəm ki, onlar hazırda isti günəş altındakı bir ovuc qar kimidirlər. Xəfif bir meh belə onların əriməsinə, suya dönməsinə səbəb ola bilər. Sizcə, onlar istəməzmi yaxşı nəticə göstərsinlər... Əlbəttə istəyərlər. Hətta sizdən də çox istəyərlər ki, dostlar arasına başıdik, müəllimləri qarşısına alnı açıq çıxmağı.
Rahim Mirzəcan, BSU-nun Jurnalistika fakültəsinin tələbəsi