“TANAP Avropanın mavi qazla təchizatında mühüm mənbələrdən biridir”

“Yaxın vaxtlarda Transanadolu təbii qaz kəməri - TANAP-ın açılışını edəcəyik. Bu açılış mərasimi, inşallah, iyunun əvvəllərində olacaq. Bu, seçkiöncəsi həm xalqımıza, həm də bütün dünyaya bizim ən yaxşı müjdəmiz olacaq”.

Metbuat.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev prezident seçkisindən sonra Türkiyəyə səfər edən zaman qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyə prezidenti bildirib ki, Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsi yalnız Türkiyə ilə Azərbaycan arasında təbii qaz mübadiləsini nəzərdə tutmur, eyni zamanda, bütün Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.

Millət vəkili Aydın Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, TANAP və TAP layihəsi regionda böyük bir layihədir ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq: “TANAP layihəsi Türkiyə üzərindən keçdiyi və eyni zamanda Türkiyənin özünün də TANAP layihəsinin həmmüəliflərindən biri olduğundan qardaş ölkə üçün də çox maraqlıdır. Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində TANAP qaz kəmərinin iyun ayında fəaliyyətə başlayacağı, ilk qaz axınının olacağı bildirildi. Güman edirəm ki, nəzərdə tutulan müddətdə layihə artıq fəaliyyətə başlayacaq. Bu isə həm Azərbaycan üçün, həm Türkiyə üçün, həm də Avropa üçün çox böyük iqtisadi layihədir. TANAP Avropanın mavi qazla təchizatında ən mühüm mənbələrdən biridir. Bu isə ölkələr arasındakı iqtisadi, mədəni, ticarət əlaqələrinin daha da genişləndirilməsinə gətirib çıxaracaq”.

Qeyd edək ki, təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək TANAP layihəsi Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. Layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq.

Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub.

Günay Elşadqızı / METBUAT.AZ

“Beynəlxalq Ticarət Limanının ikinci hissəsi tikilir” – Vahid Əhmədov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR