İrandan ABŞ-a sərt cavab

Xəbər verdiyimiz kimi, ABŞ Dövlət katibi Mayk Pompeo ötən gün ABŞ-ın yeni İran siyasəti və sanksiyalarının detallarını açıqlayıb.

Metbuat.az Reuters-ə istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani, Mayk Pompeonun ABŞ-ın yeni İran siyasəti və sanksiyaları ilə bağlı açıqlamasına sərt cavab verib.

Paytaxt Tehranda danışan Həsən Ruhani bildirib ki, dünya ölkələri bu gün ABŞ-ın dünya haqqında qərar qəbul etməsini qəbul etmir. ABŞ-ın təzyiqlə qərarlarını tətbiq etmək istədiyini, lakin ölkələrin müstəqil olduğunu və bu vəziyyəti qəbul etmədiklərini dilə gətirən Ruhani, "Dünənə qədər casusluq mərkəzində olan adam indi xarici işlər naziri olub və nə edilməsi lazım olduğuna qərar verir. Siz kimsiniz ki, İran və dünya haqqında qərar qəbul edirsiniz” deyib.

İran Xarici İşlər Nazirliyi də ABŞ Dövlət katibinin açıqlamasına sərt cavab verib. XİN-in bəyənatında deyilir: “İran, yeni strategiyanın iddialarını və yalanlarını rədd edir və ABŞ Xarici İşlər Nazirliyinin Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətə qarşı qeyri-qanuni təhdidlərini qınayır. Mayk Pompeonun tələbləri Vaşinqtonun nüvə razılaşmasını pozmasından diqqəti başqa tərəfə çəkmək məqsədi daşıyan yalanlardır”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo ABŞ-ın yeni İran siyasəti və sanksiyalarının detallarını açıqlayıb. Nüvə razılaşmasının qüsurlar səbəbindən ləğv edildiyini deyən Pompeo, ABŞ-ın razılaşma üçün yeni müzakirələr aparmayacağını bildirib.

ABŞ xarici işlər naziri qeyd edib ki, İrana qarşı tarixdəki ən güclü maliyyə təzyiqi və ən güclü sanksiyalar tətbiq olunacaq. Onun sözlərinə görə, Tehran administrasiyası siyasətini dəyişməsə, İran iqtisadiyyatını ayaqda saxlaya bilmək üçün mübarizə aparmaq məcburiyyətində qalacaq.

Pompeo İrana qarşı ABŞ-ın 12 maddəlik tələbinin siyahısını açıqlayıb. Siyahıda İran qüvvələrinin Suriyadan çıxarılması tələbi də var: “Ümid edirəm ki, Tehran, ABŞ rəhbərliyinin tələblərini nəzərə alıb fərqli siyasət aparacaq”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR