Eşq və xəyanət “quruluşçusu”, papaqçı oğlunun kədərli sonu - ARAŞDIRMA

Eşq və xəyanət “quruluşçusu”, papaqçı oğlunun kədərli sonu - ARAŞDIRMA
18:34 22 May 2018
50 Digər
Ölkə mətbuatı
A- A+

... Elə öz həyatı başdan-başa tamaşaydı sanki. Eniş-yoxuşlardan, sevinc və kədərdən, şan-şöhrətdən, eşq macəralarından, sevgi və xəyanətdən, ölümdən ibarət tamaşa... Tamaşanın əsas qəhrəmanı özüydü. Tərəf müqabilləri isə o qədərdi ki... Onları sevirdi, əzizləyirdi, yüksəldirdi, incidirdi... Bəzən də əksinə, onlardan özünə qarşı gözlənilməz davranış, xainlik görürdü. Amma hər şeyə rəğmən “həyat tamaşasını” davam etdirirdi. Özü istədiyi kimi. Çünki tamaşanın (həyatın) ilk səhnələrini (illərini) çıxmaq şərtilə, qalan səhnələrə özü quruluş verirdi. Ürəyindən necə keçirdisə eləcə... Özü necə istədisə, o cür də yaşadı tamaşasında... Bircə o səhnənin quruluşunu dəyişə bilmədi. Bircə o səhnədə “ssenari müəllifinin” yazısını poza bilmədi. Və elə o səhnəylə də əsas qəhrəman “həyat tamaşasını” bitirməli oldu. Gözləmədiyi, istəmədiyi halda...  

 

... Üçüncü zəng çalınır. İşıqlar sönür, pərdələr aralanır və tamaşa başlanır – Mehdi Məmmədovun həyat tamaşası...

 

I SƏHNƏ: Teatra gedən yol

 

“Şuşanın dağları” musiqisinin sədaları altında səhnədə Qarabağ incisinin təbiəti canlanır. 1918-ci il, yazın üçüncü ayının 22-ci günüdür. Şuşada gül gülü çağırır, bülbül bülbülü. Hər yan yamyaşıl, al-əlvan xalıya bürünüb sanki. Papaqçı Əsədulla kişinin ailəsində sevincli gündü. Oğlu dünyaya gəlib. Adını Mehdi qoyurlar. Çox keçmir ki, Əsədulla kişi ailəsini götürüb Bakıya köçür. Mehdi Bakıda böyüyür. 1931-ci ildə Bakıda 7 illik məktəbi bitirir və aktyor olmaq qərarına gəlir. Səhnəyə olan həvəs isə onda boşuna yaranmamışdı. Özündən yaşca böyük məhəllə uşaqları Türk İşçi Teatrında kütləvi səhnələrə çıxırdılar. O da həmin uşaqlara qoşulub, bir neçə dəfə teatra getmişdi. Üstəlik, məhəllədə də özlərindən tamaşalar qurub, oynayırdılar. Bir də Mehdi qonşuluqda yaşayan, o dövrün teatr aktyoru olan Cəlil Bağdadbəyova tamaşalardakı mətnləri köçürməyə kömək edirdi. Bütün bunlar onda teatra böyük maraq yaradır. Nəticədə Türk İşçi Teatrının yardımçı heyətinə ştata götürülür, kütləvi səhnələrdə oynayır. İşləyə-işləyə sənədlərini Bakı Teatr Məktəbinə təqdim edir. Birinci il daxil ola bilmir. Səbəb kimi boyunun balacalığını və cılız olduğunu əsas gətirirlər. İkinci il daxil olur. 1935-ci ildə  Bakı Teatr Məktəbini bitirib, ali rejissor təhsili almaq üçün Moskvaya Teatr Sənəti İnstitutuna yollanır. İnstitutda 4 ay oxuyandan sonra ərizə yazıb, bir illik möhlət istəyir. Əsəbləri o qədər pozulmuşdu ki, dərslərinə diqqət ayıra bilmirdi. O vaxtlar Mehdi Məmmədov rus dilini pis bilirmiş, ona görə də kompleks keçirirdi. Həm bu, həm atasının o ərəfələrdə xəstəliyi və vəfatı, həm də deyilənə görə, uğursuz sevgi əhvalatı gənc rejissorun bütün əsəblərini pozur. Və institutdan icazə alaraq, bir il ərzində ruhi xəstəxanada müalicə alır.

 

II SƏHNƏ: “Bahar”da gələn ilk sevgi

 

Bu dəfə hadisələr Gəncə Dövlət Dram Teatrında vaqe olur.

 

Gənc rejissor 1940-cı ildə Məmmədhüseyn Təhmasibin "Bahar" dramını diplom işi kimi tamaşaya hazırlayır. Tamaşa “əla” qiymətlə qəbul olunur. Teatrın aparıcı aktyorları İsmayıl Talıblı, Əşrəf Yusifzadə, Solmaz Orlinskaya, Rəmziyyə Veysəlova moskvalı qonaqlardan xahiş edirlər ki, bu cavan oğlanın təyinatını Gəncə teatrına versinlər. Bunu elə Mehdi Məmmədov özü də istəyirdi. Çünki Türk İşçi Teatrı Bakı fəaliyyətinə son qoyub, 1933-cü ildən Gəncə Dövlət Dram Teatrı adı ilə yaradıcılığını davam etdirdi. Mehdi 7-ci sinifdən həmin teatrda işləmiş, aktyorlarını tanıyırdı, kollektivi özünə doğma bilirdi. Onların xahişi nəzərə alınır və Mehdi Məmmədov burda rejissor kimi fəaliyyətə başlayır. İki ildən sonra da teatra baş rejissor təyin olunur. Orda çalışdığı müddətdə “Bahar”, “Madrid”, “İntiqam” və “Qatır Məmməd”, “Məşədi İbad”, “Od gəlini” və “Oqtay Eloğlu”, “Toy”, “Vaqif”, “Nə yardan doyur, nə əldən qoyur”, “İntizar”, “Nizami”, “Partizan kostya”, “Vasvası xəstə” dramlarına quruluş verib. Amma Lope de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” tamaşası Mehdi Məmmədovun həm yaradıcılığında uğur nöqtəsi olur, həm də şəxsi həyatını dəyişir. Tamaşada baş rolu əməkdar artist Barat Şəkinskaya ifa edirdisə, o tamaşanın uğurundan şübhə etmək olmazdı. Barat xanım Şəmsi Bədəlbəylidən boşanandan sonra Akademik Dram Teatrından çıxır və 1943-cü ilin yazından Gəncə Dövlət Dram Teatrında işləməyə başlayır. Bu tamaşa elə Barat xanımın da həyatını dəyişir. İki sənətkarın səhnə münasibətləri gerçək sevgiyə çevrilir. 1944-cü ildə Mehdi Məmmədov özündən 3 yaş böyük Barat xanımla ailə qurur. Bu, Mehdi Məmmədovun ilk, Barat Şəkinskayanın üçüncü və sonuncu ailə həyatı olur.  

 

2 ildən sonra Barat xanımı yenidən Akademik Milli Dram Teatrına dəvət edirlər. Mehdi Məmmədov isə Moskvaya gedərək, rejissor sənəti üzrə aspiranturaya daxil olmaq qərarı verir. Razılaşırlar ki, Mehdi Moskvada təhsil aldığı illərdə Barat Bakıda işləsin. Ancaq həmin il rejissor ixtisası üzrə aspiranturaya yer ayırmamışdılar. Barat xanım da Adil İsgəndərova deyir ki, Mehdi Məmmədovu da dəvət etməsəniz, Bakıya gəlməyəm.

 

III SƏHNƏ: Xəyanətlər və eşq macəraları

 

Səhnədə Xəzərin sahili, Qız qalası, Dağüstü parkdan paytaxtın görüntüsü canlanır. Bundan sonrakı hadisələr Bakıda baş verir.

 

Ər-arvad Gəncədən Bakıya gələrək, Akademik Milli Dram Teatrında işləməyə başlayır. Mehdi Məmmədov bu nəhəng teatrın səhnəsində ilk dəfə 1946-cı ildə Şekspirin “On ikinci gecə” tamaşasına quruluş verir. Viola obrazını Barat Şəkinskaya, Orsinionu Hökümə Qurbanova oynayır. Hətta bu tamaşa hazırlananda Barat xanım hamilə olur. 8 aylıq hamilə ola-ola səhnəyə çıxıb rolunun öhdəsindən məharətlə gəlir. Çox keçmir ki, onların oğlu - Elçin Məmmədov (“Yeddi oğul istərəm”dəki Mirpaşa) dünyaya gəlir. Uşaq doğulandan 15 gün sonra Barat xanım yenidən bu tamaşada oynamağa davam edir. Və tamaşa o qədər uğurlu olur ki, on il repertuardan düşmür.

 

“Ərin evə qadın gətirirdi”

 

Ancaq məşhur cütlük sona qədər birlikdə yaşaya bilmir. Səbəb isə Mehdi Məmmədovun  aktrisalarla eşq macərası yaşamasına dair söz-söhbətlər idi. Bu söhbətlər, təbii ki, onların münasibətlərinə mənfi təsir edirdi. Sonda ayrılmaq qərarı verirlər. Barat Şəkinskayanın birinci ərindən olan qızı Solmaz Həmzəyeva o günləri belə xatırlayırdı: “1949-cu ildə Kislovodska istirahətə getmişdik. Onda anam hamilə idi. Demə, uşaq artıq 10 aylıq imiş, ana bətnindəcə ölübmüş. Anamı əməliyyat edirlər. O, xəstəxanada qalır. 3 yaşlı Elçinlə məni Fatma Qədriylə Bakıya göndərir. O vaxt qayıdanda evdə qadın olduğunu hiss etdim. Fincanın üstündə “pomada” izi vardı. Anamsa heç vaxt dodaq boyasından istifadə etmirdi. Bu barədə anama heç nə demədim. Bir xeyli sonra qonşumuz olan məşhur bir şəxsin yoldaşı anama dedi ki, “ərin evə qadın gətirirdi”. Bundan sonra anam Mehdi müəllimin ona xəyanət etdiyini bildi və ayrılmaq qərarına gəldi. Bunu Mehdi Məmmədova nə vaxt, necə demişdisə, xəbərim olmadı. Evdə  aralarında hansısa dava-dalaşın, söz-söhbətin şahidi olmadım. Bəlkə də işdə nəsə demişdi. Bircə onu bildim ki, 1951-ci ildə boşandılar. Anam evi Mehdi Məmmədova qoyub, çıxdı. Elçini də Mehdi götürdü”. 

 

Beləliklə, Mehdi Məmmədov və Barat Şəkinskaya ayrılırlar. Ancaq bu ayrılıq onların aktrisa və rejissor kimi münasibətlərinə ziyan vurmur. Çünki boşanandan bir il sonra Barat Şəkinskaya Mehdi Məmmədovun “Mehmanxana sahibəsi” tamaşasında Mirondalinanı oynayır. 1955-ci ildə isə Mehdi Məmmədov “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşasını hazırlayanda Barat xanıma da rol verir. Səhnə əsərinin hazırlıq prosesində rejissor qəhrəmanın psixoloji vəziyyətini anlatmaq üçün aktyorları yığıb, ruhi xəstəxanaya aparır. Amma Barat xanım getmir. Avtobusda Vəlixanlı familiyalı aktyor ucadan soruşur: “Mehdi müəllim, Barat xanım hanı?” Mehdi Məmmədov da cavab verir ki, Barat xanımın dəlixanaya getməyə ehtiyacı yoxdur.

 

Səhərisi bu söhbətin üstünə beşini də qoyub Barat xanıma belə çatdırırlar: “Mehdi müəllim dedi ki, onun dəlixanaya ehtiyacı yoxdur, o, elə binədən dəlidir”. Əlbəttə, Barat xanım da az aşın duzu deyildi, keçmiş ərindən bunun qisasını almaq qərarına gəlir. Aktyorların birindən xahiş edir ki, məşqdə Mehdi Məmmədovun yanında ondan dəlixanaya niyə getmədiyini soruşsunlar. Belə də edirlər. Barat xanım əli ilə keçmiş ərini göstərib gülə-gülə cavab verir: “Mənim dəlixanaya getməyə ehtiyacım yoxdur, düz yeddi il bir dəli ilə eyni evdə yaşamışam...”

 

İkinci evlilik, ikinci oğul

 

Bu tamaşadan 1 il sonra, 1956-cı ildə Mehdi Məmmədovu Sov. İKP-a üzvlüyə qəbul edirlər. Və elə həmin il o, Opera və Balet Teatrının baş rejissoru vəzifəsinə keçir. Bir il sonra həmin səhnədə rejissor kimi ilk debütünü edir: “Lakme” operasına quruluş verir. İki ay sonra “Azad” operasının premyerası olur. 1958-ci ildə Mehdi Məmmədova SSRİ xalq artisti adı verilir. Elə həmin il “Leyli və Məcnun”u hazırlayır. Leyli obrazını Sara Qədimova oynayır.  

 

Bu teatr Mehdi Məmmədovun şəxsi həyatına da təsirsiz ötüşmür. Burada opera müğənnisi İya Aksyonova ilə tanış olur. Bu tanışlıq yaradıcılığa, sonra sevgiyə, sonda da evliliyə yol açır. Və bu evlilikdən Mehdi Məmmədovun Çingiz adlı oğlu dünyaya gəlir. Amma bu ailə həyatı da axıra kimi davam etmir. Yenə də yaraşıqlı, xarizmatik kişi olan Mehdi Məmmədovun eşq macəraları haqda söhbətlər səngimək bilmir və nəticədə 1969-cu ildə bu evlilik boşanma ilə sona çatır.

 

IV SƏHNƏ: Nəhənglərin savaşı

  

Mehdi Məmmədov 1960-cı ildə Akademik Milli Dram Teatrına baş rejissor təyin olunur. Bu o zamanlardı ki, müəyyən konfliktlərdən, şər-böhtandan, narazılıqdan sonra Adil İsgəndərov baş rejissor vəzifəsindən uzaqlaşdırılmışdı. Və bu vəzifə Mehdi Məmmədova həvalə olunmuşdu. Ancaq o cür konfliktlər, intriqalar Mehdi Məmmədovdan da yan keçmir. Heç 3 il o kürsüdə duruş gətirə bilmir. Nə baş verirsə, 1963-cü ildə elmi işlə məşğul olacağını əsas gətirərək, ərizəsini yazıb, teatrdan gedir. Bu haqda özü bircə kəlmə deyir: “Mənim əxlaqımla onların əxlaqı düz gəlmədi”. Fakt isə budur ki, o, özünü və istedadını vəzifəyə, intriqalara və dedi-qoduya qurban vermək istəməmişdi. Həm də Mehdi Məmmədov Opera və Balet Teatrında baş rejissor olanda artıq Tofiq Kazımov Akademik Dram Teatrında gənc aktyorların sevimlisinə çevrilmişdi.

 

İllər sonra Mehdi Məmmədov teatrşünas İlham Rəhimliyə müsahibəsində bunu demişdi: “Gərək mən Ədil İsgəndərovun yerinə getməyəydim. Getdim… İşlədim… Və əmin oldum ki, mən Ədil İsgəndərovun yaratdığı teatr estetikasını dağıdıb özümünkünü təqdim etməkdə acizəm”.

 

Baş rejissorluqdan getdikdən sonra bir neçə il tamaşa hazırlamır. 1945-ci ildən başlayan pedaqoq işini davam etdirir, Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyir, alimlik fəaliyyəti ilə məşğul olur – kitab və monoqrafiyalar yazır.

Bir də 1968-ci ildə Akademik Milli Dram Teatrının səhnəsinə qayıdır. Tolstoyun “Canlı meyit” əsərilə. Protasovu özü, Maşanı isə estetikadan dərs dediyi tələbəsi Şəfiqə Məmmədova oynayır. Elə bu tamaşayla da yeni, böyük məhəbbət yaranır... Və 1973-cü ildə onların oğlu Ülvi dünyaya gəlir.

 

1974-cü ildə Mehdi Məmmədovu yenidən Opera və Balet Teatrına baş rejissor təyin edirlər. 2 il sonra bu səhnədə yenidən “Leyli və Məcnun”a müraciət edir. Amma bu dəfə Leyli obrazında Nəzakət Məmmədova səhnəyə çıxır...

 

Həmin illər Mehdi Məmmədov haqqında anonim məktublar yazılır, dərsə gəlmədiyi, işə məsuliyyətsiz yanaşdığı iddia olunur. Nəticədə institutda rejissorluq kafedrası müdirliyindən azad olunur.

 

V SƏHNƏ:

 

1978-ci ildə Mehdi Məmmədov “Dəli yığıncağı”na quruluş verir və bu tamaşa milli teatr tarixində əfsanəyə çevrilir. Tamaşada Həmzad Qurban rolunu oynayan xalq artisti Rafiq Əzimov o günlərdən xatirələrini danışır: ““Dəli yığıncağı” teatr sənətində bir partlayış idi. Ona xaricdən də qonaqlar gəlib baxmışdılar və demişdilər ki, bu tamaşayla bütün dünyanı gəzmək olar. O vaxt teatrda baş rejissor Tofiq Kazımov idi. Düzdü, onlar bir-birlərini qəbul eləmirdi. Amma o tamaşanın müzakirəsində Tofiq Kazımov çıxış elədi, dedi, bu tamaşa bizim teatrın proqramı olmalıdı.

 

Unikal adam idi Mehdi müəllim. Sərt, bəzən qaraqabaq, ciddi idi. Çox az-az gülürdü. Yadımdadı ki, “Yeddi oğul istərəm” filminin “Vətən” kinoteatrında premyerası idi. Filmin əvvəlində səhnə var – Bəxtiyar komsomol biletlərini bir-bir açıb qoyur kənara. Tofiq Tağızadədən xahiş etmişdik ki, biletlərdə öz soyadımız yazılsın, məsələn, Şahsuvar Əzimov. O səhnədə Elçinin komsomol biletində “Elçin Mehdioğlu” yazısını görəndə gülməyən Mehdi bir qəşş elədi ki... Ləzzət eləmişdi ona.

 

Bir dəfə də teatrdayıq. Həsənağa Turabov hamımızı başına yığıb, lətifə danışırdı. Mehdi müəllim də ordaydı. Danışıb qurtardı, hamımız güldük, bircə Mehdi Məmmədov gülmədi. Turabov baxdı, baxdı və inciyib getdi. Biz də məəttəl qaldıq ki, niyə gülmədi. Üstündən bir həftə keçəndən sonra Turabov qayıtdı ki, “Əzimov, yadında ogünkü lətifə - hamı güldü, Mehdi müəllimdən başqa. Bu gün gəlib mənə deyir ki, Turabov, o gün lətifə danışmışdın ha, nə gülməliydi. Dedi və başladı gülməyə”.

 

Bunu da Tofiq Quliyev danışmışdı. Gəncədə “Bahar” tamaşasını hazırlayırdı. Tamaşanın rəssamı Nüsrət Fətullayev, bəstəkarı Tofiq Quliyev idi. Tofiqə tapşırır ki, tamaşaya həzin, qəmli musiqi yazsın. Bir müddət sonra bəstəkar Bakıdan Gəncəyə zəng vurur. Deyir, “Mehdi, mahnını yazmışam. İndi telefonu qoyacam, özüm çalıb oxuyacam, sən də qulaq as, gör xoşuna gələcək?”. Tofiq mahnını çalıb, oxuyub, qurtarandan sonra telefonun dəstəyini götürüb. “Alo, Mehdi, ay Mehdi”, - deyə nə qədər çağırsa da, Mehdidən səs çıxmayıb. Dilxor olub, telefonu qoyub yerə. Bir həftə sonra Mehdi Gəncədən Bakıya, Tofiqə zəng eləyib ki, “əla musiqiydi”. Tofiq də deyib, “Mehdi, bir az da gec zəng eləyərdin də, o gündən ürəyimin yağını yeyirəm axı”.

 

Bax belə, qəribə insan idi. Və həqiqətən də böyük sənətkar idi. Böyük sənətkarlar yaranır az-az, hər yerdə, hər zaman inci tapılmaz. Mehdi elə incilərdəndir ki, nə qədər Azərbaycan teatrı var, o da yaşayacaq”.   

 

Özündən 33 yaş kiçik laborantla evlənir

 

Mehdi Məmmədovun son tamaşası 1984-cü ildə quruluş verdiyi “İblis” olur və bu tamaşa Dövlət mükafatı qazanır.

 

Ondan 1 il öncə isə Mehdi Məmmədov 65 yaşında yenidən evlənir. Teatr İnstitutunda laborant işləyən Dilarə xanımla. Bu nikahdan onun Vüqar adlı oğlu dünyaya gəlir. Hazırda “Azdrama”da rejissor köməkçisi işləyən Vüqar Məmmədov atası ilə anasının tanışlığı haqqında bunları deyir: “Anam əvvəl institutun dəftərxanasında işləyirdi. Sonra atamın müdir olduğu kafedraya laborant keçir. Ondan sonra aralarında münasibət yaranıb. Atam anamdan 33 yaş böyük idi. Amma bir-birlərini sevmişdilər və evlənmək qərarına gəlmişdilər. Məsələ evlənmə həddinə çatanda atam anamın qarşısında şərt kəsib. Deyib ərizəni yaz, çıx işdən, evlənək. Anam deyir, Mehdi çox qısqanc kişi idi. Həm də anamın işləməsinə də heç ehtiyac olmayıb. Atam ailəni necə lazımdı elə də dolandırırdı. Qayğıkeş ailə başçısı, ata idi, nə problemimiz varsa, həll edirdi. Heyf, atamı xatırlamıram. Mən 9 aylıq olanda atam qəfildən rəhmətə getdi. Ondan sonra ailəmiz böyük çətinliklərlə qarşılaşdı. Maddi problemlərimiz oldu. Anam təqaüdlə və müxtəlif yerlərdə işləyərək ailəmizi birtəhər dolandırdı. İndi də mən işləyib, anamı saxlayıram. Təəssüf ki, qardaşlarımla əlaqəm olmayıb. Elçin rəhmətə gedib. Çingiz isə xaricdədi. Həm də onlar məndən yaşca böyükdülər, gərək onlar məni axtaraydı atalarının son yadigarı kimi. Atam tez rəhmətə getməsəydi, belə olmazdı, əlbəttə, hamını bir yerə yığardı. Amma neynəmək olar?! Qismət...”

 

SON SƏHNƏ

 

1985-ci il yanvarın 28-i. “Sahil” metrostansiyasının yaxınlığında yerləşən bərbərxana. Bura Mehdi Məmmədovun hər zaman gəldiyi yerdir. İçəri keçir. Salamlaşır. Qoltuğundakı qovluğu mizin üstünə qoyur. Boynuna doladığı şərfi, paltosunu çıxarıb asır. Dərindən ah çəkib əyləşir. Mizin üstündəki qəzetlərdən birini götürüb, vərəqləməyə başlayır. İki-üç dəqiqə keçməmiş bərk taqqıltı eşidilir. Mehdi Məmmədov əlini ürəyinə aparıb yıxılır...

 

...Bircə bu səhnənin quruluşunu dəyişə bilmədi. Bircə bu səhnədə “ssenari müəllifinin” yazısını poza bilmədi. Və elə bu səhnəylə də “həyat tamaşasını” qəfildən bitirməli oldu Mehdi Məmmədov... Sevinc və kədərlə, şan-şöhrətlə, eşq macəraları, sevgi və xəyanətlərlə, sirlərlə dolu tamaşanı...

 

Bu da tamaşanın son səhnəsi. Pərdə...

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/301745

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR