"Kupça" problemi yaşayanlar, DİQQƏT!

Yeni binalardan bəzilərində mənzil alan şəxslərin qarşılaşdığı problemlərdən biri də çıxarış (kupça) məsələsidir.

Yaşayış binası çox vaxt istismara yararlı olaraq qəbul edilmədiyindən, sakinlər "kupça" əldə edə bilmir. Bu da mənzilin ödənişinin edilməsinə baxmayaraq, onlara mülkiyyətçi hüququnu vermir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən hüquqşünas Sahib Məmmədov bildirib ki, problem binanın təməli qoyulan zaman yaranır:

“"Kupça" dediyimiz sənədin adı dövlət reysterindən çıxarışdır. Bina yaşayış binası kimi ilk növbədə Dövlət Komissiyası tərəfindən qəbul olunmalıdır. Qəbul olunduqdan sonra insanlar orada əldə etdikləri daşınmaz əmlakı reysterə daxil edib, çıxarış almalıdırlar. Çıxarış ala bilməyən şəxslər evdə yaşayıb, kommunal xidmətlərdən istifadə edir, amma əmlak üzərində hüquqlarını həyata keçirə bilmirlər. Yəni, alğı-satqı edə bilmirlər. Çıxarış əldə etmək üçün Dövlət Komissiyasında təxminən 40-dan çox orqan buna razılıq verməlidir.

Sovet dövründə tikilən binaların hamısının reysterdən çıxarışı var. Problem son 10 ildə tikilən binalarda yaranıb. Bu binaların bəziləri əmlak kimi qeydiyyatdan keçmədiyi üçün istismara qəbul olunmayıb. Ona görə, həmin mənzillərin mülkiyyət hüququ tanınmayıb. Bununla bağlı qanunda bəzi dəyişikliklər edilsə də, bəzi problemlər hələ də qalmaqdadır.

Bina tikilməyə başlayanda onun hər mərtəbəsi üçün ödəniş edilməlidir. Bina Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yarımçıq tikili kimi qeydiyyatdan keçməlidir. Pul hissə-hissə ödənildikcə qeydiyyat dəyişməli, verilən pula görə mənzil sığortalanmalıdır. Proses bu cür aparılarsa, bir evin 5 nəfərə satılması məsələsi də olmaz. Bina tikən şirkətlərin bəziləri bunu etmir. Çünki vergidən yayınma, pulların nəğd dövriyyəsi məsələləri var. Problem böyük tikinti şirkətlərinin əksinə, bina tikən MMC və MTK-larda olur. Tikinti işləri aparılan zaman ya pul bitir, ya da hazır olduqdan sonra istismara yararsız hesab olunurdu. İstismara yararsız evlər o deməkdir ki, texnoloji şərtlərə əməl olunmayıb, geoloji tədqiqat işlərindən tutmuş kommunikasiyanın qoşulmasına qədər xətalara yol verilib, binanın konstruksiyası seysmik davamlılığa yol vermir. Belə binalardan ucuz ev alanların sonradan başı ağrayır. Lakin böyük tikinti şirkətlərindən ev alarkən qeyd olunan problemlər yaşanmır.

Düşünürəm ki, problem birdəfəlik həll olunmaldır. Xüsusi Dövlət Komissiyası yaradılmalı, binaların istismara yararlı olduğunu qəbul etməlidir. Tam yararsızdırsa, şirkət, ya da mülkiyyətçilərin vəsaiti hesabına bina standartlara uyğunlaşdırılmalıdır. Təəssüf olsun ki, edilmir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

23 may Azərbaycanın bölgələri üzrə İMSAQ VƏ İFTAR VAXTI – SİYAHI – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR