Elvin Kərimov: “Azərbaycanlı şərhçilər də ruslar kimi “top dığırlamaqla” məşğul deyil”
Hələ Moskvaya yollanmamış iştirak edəcəyimiz tədbirdə Elvin Kərimovun da olacağını biləndə az sevinməmişdik. Təkcə ona görə yox ki, Azərbaycanı Rusiya teleməkanında təmsil edən soydaşımızı yaxından görəcək, söhbətləşmək imkanı qazanacaqdıq. İşin maraqlı tərəfi jurnalistlərin qarşısında əyləşən qonaqlardan birinin məhz azərbaycanlı olmasıydı.
Məlum tədbirdə erməni həmkarlarımız da iştirak edirdi deyə, qonaqlardan birinin Kərimov soyadlı olması hər birimiz üçün fəxr idi. Kifayət qədər maraqlı alınan görüşdə Elvin təkcə bizim yox, bədnam qonşularımızın da suallarını cavabladı. Rəsmi hissə başa çatandan sonra vaxtilə “NTV-plyus”da çalışan, hazırda “MATÇ TV”də futbol şərhçisi kimi fəalliyyət göstərən Kərimovla xatirə şəkilləri çəkdirdik. Daha sonra ayaqüstü söhbətdə bizi maraqlandıran suallara cavab tapdıq.
“Həmin müsabiqə olmasaydı, Moskvaya gəlməyəcəkdim”
- Özün haqda danışardın...
- Lənkəranın kəndində dünyaya göz açmışam. 1990-cı il aprelin 6-da anadan olsam da, mayın 16-sı kimi qeydiyyata düşmüşəm.
- “Lipa”san?
- Hə, elə də demək olar (gülür). Cəmi bir neçə aydan sonra Kronştadta köçmüşük. Təqribən 10 il orda yaşadıqdan sonra Sıktıvkara köçdük. Valideynlərim hazırda Sıktıvkarda yaşayır. Elə qardaşım və onun ailəsi, yaxın qohumlarım – demək olar, hamı Sıktıvkardadı. Mən özüm də indi orda olmalıydım. Lakin 2011-ci ildə Moskvada təşkil olunan müsabiqədə iştirak edib, qalib adını qazanandan sonra burda yaşamağı qərara aldım. Həmin müsabiqə olmasaydı, Moskvaya gəlməyəcəkdim. Böyük şəhərləri sevən biri deyiləm.
- Televiziyaya gələnə qədər başqa sahələrdə işləyirdin?
- Məktəb illərində tikintidə fəhlə işləmişəm. Daha doğrusu, işləməyə çalışırdım. Ali məktəbə daxil olandan sonra jurnalistika sahəsində çalışmağa başladım. Bir müddət Komi Respublikasının “Budni” qəzetində işlədim, daha sonra qısa müddət radioda fəaliyyət göstərdim. Bu mərhələləri keçəndən sonra müsabiqədə qalib oldum və beləcə, “NTV-plyus” karyeram başladı.
- Özün futbolla məşğul olmusan?
- Əlbəttə. Hətta bir dəfə futbol üzrə Komi Respublikasının çempionu, iki dəfə isə bürünc mükafatçısı olmuşam. Düzdü, çempion olduğumuz mövsümü ehtiyat oyunçular skamyasında keçirmişdim (gülür). Beşinci yeri tutanda isə əsas heyət üzvü sayılırdım.
- Hansı mövqedə çıxış edirdin?
- Cinah yarımmüdafiəçisi idim.
- Hansı universiteti bitirmisən?
- Sıktıvkar Dövlət Universitetinin filologiya fakültəsini. Həmin vaxt jurnalistika fakültəsinin varlığından xəbərsiz idim. Açığı, universitetə qəbul olunacağımı gözləmirdim də. Azərbaycanda dəniz kənarında uzanıb günəş şüası qəbul edirdim və birdən atam zəng vurdu ki, jurnalistika fakültəsi var, sənədləri ora verək. Dedim, ver. Gecikmə ilə də olsa, sənədləri verdik və çətinliklə qəbul etdilər. Çünki sənədləri verəndə gec idi.
- Ailəlisən?
- Bəli, 2015-də ailə qurmuşam.
- Övladın var?
- Hələ yoxdu.
- Ata-ananın hər ikisi azərbaycanlıdı?
- Lənkərandan, talışdılar. Düzdü, mən də oralı sayılıram. Amma ömrünü Rusiyada keçirən biri kimi bir növ bura öyrəncəliyəm, buranın düşüncələrinə sahibəm. Azərbaycana gedəndə hiss edirəm ki, vətəndəyəm. Orda çox yaxşı dostlarım var, insanları möhtəşəmdilər. Buna baxmayaraq, ömrümün sonuna qədər, yəqin ki, Rusiyada yaşayacam.
- Azərbaycana tez-tez gəlib-gedirsən?
- Əvvəl ildə bir-iki dəfə gedirdim. Amma son vaxtlar böyük fasilə vermişəm. Sonuncu dəfə vətəndə 2012-də olmuşam. Qardaşımın toyu ərəfəsi idi.
- Lənkəranda, yoxsa Bakıda?
- Hər ikisində. Maşallah, hər yerdə qohumlarımız var. Bilirəm ki, son illərdə Bakı çox dəyişib. Bəzən içimdən gələn səs “Bakıya get” deyir. Amma sıx iş qrafikinə görə alınmır.
- Həyat yoldaşın rusdu?
- Xeyr, azərbaycanlıdı, öz lənkəranlımızdı. Əsilləri Lənkəranın Veravul kəndindən olsa da, ömrü boyu Çerepovetsdə yaşayıb.
- Sonuncu dəfə ləvənginin dadına nə vaxt baxmısan?
- Düzünü desəm, ləvəngidən doymuşam. Yoldaşım bacarmır, amma anamla qayınanam tez-tez bişirib göndərir.
“Razılaşaq ki, sovet məktəbinin idman şərhçiliyi tam başqa şeydi”
- Azərbaycandakı idman telekanallarını tanıyırsan?
- Təbii ki. “İdman Azərbaycan”la “CBC Sport”un varlığından xəbərdaram. Əvvəllər yayda Azərbaycana gedəndə dünya çempionatı, yaxud Avropa çempionatı kimi mötəbər yarışları yerli telekanallarda izləyirdim.
- Bu telekanallardakı verilişləri vaxtaşırı izləyə bilirsən?
- Təəssüf ki, alınmır. Burda baxmaq olmur. Amma yadımdadı ki, bir neçə il əvvəl Çempionlar Liqasının yarımfinalında “Çelsi” – “Atletiko” görüşünü Azərbaycan telekanalında izləmişdim. İnternetdə yayın axtarırdım, birdən qarşıma bizimkilər çıxdı. Böyük məmnuniyyətlə baxdım.
- Yəqin ki, futbol əsnasında şərhçilərin nə danışdığını başa düşürdün?
- Əlbəttə, anlayırdım. Azərbaycanca tam başa düşürəm, hətta danışıram da. Sadəcə, pis danışıram deyə, çox istifadə etmirəm.
- Elədisə, Rusiya və Azərbaycanın şərhçilik məktəbləri arasındakı fərqlərin nədən ibarət olduğunu deyə bilərsən?
- Şərhçilik üslublarını nəzərdə tuturuqsa, arada ciddi fərq yoxdu. Əksinə, oxşarlıq çoxdu. Azərbaycanlı şərhçilər də ruslar kimi “top dığırlamaqla” məşğul deyil, əsasən danışmağa, gördüklərindən bəhs etməyə üstünlük verirlər. Sovet təcrübəsi özünü göstərir... Bir neçə il əvvəl alman telekanalında “Herta” – “Qalatasaray” oyununa baxırdım. Maraq üçün saydım, alman həmkarımız 45 dəqiqə ərzində cəmi 100-ə yaxın söz işlətdi. Burda elədi ki, duet olanda şərhçilər bir-biri ilə danışır, zarafatlaşır. Yekunda isə maraqlı reportaj alınır. Gördüyüm qədər Azərbaycanda da burdakı kimidi.
- Yaxşı, sualı başqa cür qoyum. İki ölkənin şərhçiləri arasındakı fərq nədi?
- Azərbaycanda əvvəl eləydi ki, dünya, yaxud Avropa çempionatının qrup matçları və ya həlledici görüşləri studiyadan şərh olunurdu. Və belədə bu özünü oyunun ab-havasında göstərirdi. Çünki studiyadan şərh etmək aparıcının işi haqda dolğun məlumat vermir. Mənə elə gəlir ki, Azərbaycanda emosional şərhçilik var. Xüsusilə böyük oyunlarda bu özünü göstərir.
- Vasili Utkin açıqlamalarının birində demişdi ki, azərbaycanlı şərhçilər üçün ikiqat çətin olacaq. Çünki onlar həm rus, həm də türk telekanallarına baxırlar deyə, iki fərqli üslub arasında ilişib qalacaqlar.
- Bu fikirlə mən də tam razıyam. Söz soruşum: indi Azərbaycanda rus kanallarına baxan var?
- Əlbəttə!
- Amma mənə elə gəlir ki, yeni nəsil rus dilində çox danışmır, Rusiya telekanallarına maraq göstərmirlər. Elədisə, lap yaxşı. Fikrimcə, türkiyəli həmkarlarımız da almanlar və ingilislər kimi “top dığırlamaqla” məşğuldular. Bir neçə il əvvəl maraqlı görüntü ilə rastlaşmışdım. Hansısa oyunu duet şəklində şərh edirdilər və orda dialoqdan istifadə etmək əvəzinə, biri 5 dəqiqə danışıb, sözü digərinə ötürürdü. Sanki yanaşı deyillər, fərqli yerlərdən şərh edirlər. Razılaşaq ki, sovet məktəbinin idman şərhçiliyi tam başqa şeydi.
“Hətta azərbaycanlılar da işə düzəlməklə bağlı yazır, maraqlanır, xahiş edir”
- Bu gün maraqlı, eyni zamanda gözlənilməz vəziyyətlə üz-üzə qaldın. Tədbirlə bağlı Özbəkistandan Moskvaya gələn Sanobar adlı jurnalist bütün iştirakçı və qonaqların qarşısında “MATÇ TV”də işə düzəlməklə bağlı sizə müraciət etdi. Nə vaxtsa belə halla rastlaşmışdın?
- Düzü, bu cür ciddi tədbirdə belə şeyi ilk dəfə görürdüm. Açığı, özüm üçün də gözlənilməz oldu. Amma internetdə yazanlar, xahiş edənlər olur. Hətta azərbaycanlılar da işə düzəlməklə bağlı yazır, maraqlanır, xahiş edir. Amma anlaya bilmirəm ki, niyə məhz mənə deyirlər? Mən “MATÇ TV”də sadəcə, şərhçiyəm. Menecer deyiləm, telekanalın rəhbəri kimi tanınmıram. Az öncə həmin xanım məndən xahiş etdi, mən də öz növbəmdə rəhbərlikdən soruşacam, burda qəbahət yoxdu. Nə desələr, həmin xanıma çatdıracam. Ən maraqlısı odu ki, 15-16 yaşlı gənclər var - iki sözü arxa-arxaya qoyub cümlə qura bilmirlər – onlar şərhçi olmaq, “MATÇ TV”də işləmək istədiklərini deyirlər.
- “NTV-plyus”dakı fəaliyyətinin ilk dövrləri yadındadı? Müsabiqədən qalib ayrıldın, onu bildik. Bəs işə başlamağın?
- Yay ayı idi, təsadüfən “NTV-plyus”da işçi qəbulu üzrə anons gördüm. Halbuki futbol şərhçisi olmaq uşaqlıq arzum idi. Görəndə ki futbolçu ola bilməyəcəm, şərhçiliyi seçdim. Qardaşımla birləşib, valideynlərimin toy videokasetlərini silib, üstünə futbol oyunlarını yazırdıq. Evdə boş kaset qalmamışdı. Yəni o qədər həvəsim vardı... Hə, anonsu görəndən sonra müsabiqəyə qatıldım. Həmin müsabiqə ki, ilk turda 600-dən artıq həvəskar iştirak edirdi. Buna qədər radioda çalışdığımdan, texniki işlərlə bağlı müəyyən təcrübəm vardı. Ona görə də ilk mərhələni adlamaq çətin olmadı. İkinci turda isə 60-dan bir qədər artıq adam yer almışdı. Oyunun bir hissəsini təhlil etməli və şərhçilik mövzusunda üç suala cavab verməliydim. Bu sınaqdan da üzüağ çıxıb, finala yüksəldim. Həlledici mərhələdə 20-21 nəfər qalmışdı. Finaldan bir həftə əvvəl Moskvaya gəlib, oteldə qaldım. Finalda olacağımı biləndə boğazımdan yemək keçmirdi, iki həftə universitetə getmədim. Özlüyümdə qətiləşdirmişdim ki, mənə universitet yox, məhz bu şansdan maksimum yararlanmaq lazımdı. Televizorun qarşısında oturub, gündə 8-9 saat Avropa və dünya çempionarlarındakı şərhlərə qulaq asırdım. Qulaq asdıqca yazır, sonra yazılanları oxuyurdum. Yekunda yazdıqlarımdan konspekt əmələ gəlmişdi. Finalda uşaqlar əlimdəki konspektlərin həcmini görəndə şoka düşmüşdülər. Bu qədər yüklənmədən sonra çətin sınaqdan da üzüağ çıxmağı bacardım.
- Şərh etdiyin ilk oyun yadındadı?
- Fransa çempionatı idi, “Marsel” – “Brest” oyunu. Timur Juravel “Lujniki”də “Spartak” – ÇSKA qarşılaşmasındaydı və Fransa çempionatının görüşünü şərh etməyə çatdırmadı. Efirdən təxminən 50 dəqiqə əvvəl bildim ki, oyunu mən şərh edəcəm.
- Yəqin ki, başına çoxlu maraqlı hadisə gəlib. Onlardan hansını nəql edə bilərsən?
- Belə hadisələr karyeramın ilk dönəmlərində çox olub. “Roma” – “Sampdoriya” oyununu mənə həvalə etmişdilər. Açığı, çox həyəcanlı idim, nə qədər də olmasa, İtaliya çempionatının qarşılaşması idi. Çünki bunaqədərki yarım ildə daha çox Latın Amerikasında keçirilən, əsasən də Braziliya çempionatının oyunlarını şərh edirdim. Səhərə yaxın saat 4-də kim idi Libertadores çempionatının oyunlarına baxan? Birdən-birə “Roma” – “Sampdoriya”... Nə isə, “Sampdorya” qol vurdu. Qolu bayram edirəm, qışqırıram, emosiya-filan. Sonra elə bildim qol qeydə alınmayıb və düzəliş etdim ki, hesab 0:0-dı. Xoşbəxtlikdən həmin gün efirdə telefonu söndürməmişdim. Bir də baxdım ki, atam dalbadal zəng edir. Atam deyir, ay axmaq, sən orda nə danışırsan, titrdə də sənin dediklərin əsasında 0:0 yazılıb. Halbuki hesab 1:0-dı. Təxminən 15 dəqiqə “qol qeydə alınmayıb” deyəndən sonra üzrxahlıq edib, “Sampdoriya”nın hesabda öndə olduğunu bildirdim. Başımı o qədər itirmişdim ki, həmin gün “Roma”nın vurduğu qolu da təqdim etməmişdim. Kuryoz hadisə idi.
“Burda hansısa klub istədiyi şərhçini “bron” edə bilər”
- Sənin üçün uyğun duet ortağı kimdi? Efirdə kiminlə daha rahat olursan?
- Mənim üçün duet ortağının kim olması önəmli deyil. Əsasən öz işimi görməyə çalışıram.
- Azərbaycanlı həmkarlarınla əlaqən var?
- Əsasən sosial şəbəkələrdə danışırıq. “Feysbuk”da Elmir Əliyevlə Rüstəm Fətəliyev var dostluğumda. “İdman Azərbaycan”da Tərlan Şahinoğlu ilə Fərid Ramazanov var. Amma onlarla da əsasən virtual dostluğumuz var. Yaxınlığımız, dostluğumuz yoxdu. Həm də iki il idi “feysbuk”u dondurmuşdum, heç kimlə ünsiyyətim yox idi.
- Təsəvvür et ki, ÇSKA – “Ural” görüşünü şərh edirsən və hakim haqlı penaltini təyin etmir. Sən də epizodla bağlı fikirlərini bildirir, həmin anda qayda pozuntusunun olduğunu iddia edirsən. Oyunun ertəsi qapısına penalti verilməyən klubdan zəng vurub, narazılıq edirlər. Belə hallar olur?
- Əlbəttə, olur. Həm də bir dəfə yox, mütəmadi.
- Sizdə belə anlayış var ki, şərhçi penalti epizodu ilə bağlı şəxsi fikrini deməməlidi? Yəni hakim hansı qərar verirsə, odu.
- Məncə, eyni çətinlik sizdə də mövcuddu. Amma burda bir qədər fərqlidi. Məsələn, hansısa klub istədiyi şərhçini “bron” edə bilər. Nümunə deyim, “Spartak”ın oyunlarını sırf Aleksey Andronov şərh edirdi. Belədə başqa klubdan zəng vurub, həmin şəxsin şərhçiliyindən narazılıq edənlər olurdu. Telekanal rəhbərliyi tapşırmır ki, şübhəli epizodlara qıcıq yaradacaq şərhlər verməyin. Amma qeyd edirlər ki, mülahizə yürüdün və bildirin ki, bu, mənim şəxsi fikrimdi, mənə görə belədi.
- Elə olur ki, hansısa komandanın iştirakı ilə keçirilən oyunu şərh etməkdən boyun qaçırırsan?
- Əksinə, şərh etmək üçün icazə ala bilərəm, amma boyun qaçırdığım yadıma gəlmir.
- Şərhçilər konkret liqalara görə bölünür?
- Fransa çempionatını mütəmadi Roman Truşeçkin və Aleksandr Şmurnov şərh edir. Almaniya çempionatının oyunlarında iş başında Roman Naquçev, Sergey Krivoxarçenko və mən oluruq.
- Maaş nə qədərdi?
- Bu, şəxsi məsələdi, məbləğ açıqlamağın tərəfdarı deyiləm.
- Hər sahədə işləyənin kumiri olur. Sənin üçün kumir kimdi?
- Vasili Utkin! Yetişməyimdə 90 faiz pay sahibidi.
- Azərbaycan klublarının iştirakı ilə keçirilən oyunlarda iş başında olmaq, yəqin ki, qeyri-adi hissdi...
- “Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsində görmək əlavə motivasiyadı, başqa hisslərdi. Amma “Qarabağ”ın oyunlarından sonra məni çox qıcıqlandırırlar, ünvanıma söyüşlər söyürlər. Bir dəfə hardasa yazı oxudum ki, guya mən Azərbaycana, “Qarabağ”a qarşıyam. Bilmirəm niyə, amma bəzi insanlarda belə fikir formalaşıb. Halbuki “Kopenhagen”lə oyunu şərh edəndə, matçın sonlarında göz yaşlarımı saxlaya bilmədim, rəsmən ağlayırdım. “İnter”lə Bakıdakı oyunda hakim qolu qeydə almayanda xeyli müddət özümə gələ bilmədim. Onda da Riçardın qolunun qeydə alındığını zənn edib, sevincdən ağlamışdım. Bizimkilərin oyununu şərh etmək, əlbəttə, xüsusi hisslərdi.
- Vidalaşmaq vaxtıdı, qardaş!
- Fürsətdən istifadə edib sizə, azərbaycanlılara, bizi izləyən dostlarımıza təşəkkür edirəm. İnanıram ki, tezliklə Azərbaycanda görüşəcəyik. (dsport.az)
“Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin
Həmçinin oxu
Arif Əsədov: Hələ əvvəlki "Qarabağ"ı görmürük
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Göyçay sakini özünə xəsarət yetirdi - Vəziyyəti ağırdır
"Qarabağ" - "Neftçi" matçından sonra nə baş verib? - VİDEO
Trampdan benzinin qiyməti ilə bağlı AÇIQLAMA
Hikmət Hacıyev alman və azərbaycanlıların birgəyaşayış tarixindən bəhs edən filmi paylaşdı
“Qarabağ” - “Neftçi” oyunundakı insidentə görə 19 nəfər saxlanıldı
Layihələr
Son xəbərlər
Mələkxanım Eyubovaya ağır itki
Bu gün
·
16:45
Ukrayna və Azərbaycan ərazi bütövlüyüynə qarşılıqlı dəstəklə bağlıdır - Səfir
Bu gün
·
16:33
Britaniyanın Azərbaycandakı səfirindən təbrik paylaşımı
Bu gün
·
16:19
Ərdoğandan Azərbaycanla bağlı paylaşım
Bu gün
·
15:50
“Evdə vaxtımın çoxu yemək bişirməyə, qab yumağa gedir” - Xanım baş nazir
Bu gün
·
15:47
Çaylardan sel keçəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
15:25
Bu ölkədə güclü zəlzələ oldu
Bu gün
·
15:05
Arif Əsədov: Hələ əvvəlki "Qarabağ"ı görmürük
Bu gün
·
14:55
Münasibətlərdə güzəştə getməyən 4 bürc
Bu gün
·
14:45
Ukrayna heç vaxt Rusiyaya qalib gələ bilməyəcək - Krozetto
Bu gün
·
14:32
Hava ilə bağlı xəbərdarlıq edildi
Bu gün
·
14:11
Belarusdan Azərbaycana qarşı jest
Bu gün
·
13:55
Vensdən Putinlə bağlı diqqətçəkən bəyanat
Bu gün
·
13:23
Bu türk dövləti Göyçə ilə bağlı Ermənistanla razılaşdı
Bu gün
·
12:59
İranın yeni müdafiə naziri bəlli oldu
Bu gün
·
12:57