Hüquq professoru İlham Rəhimovla budəfəki görüşümüz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin bayram edildiyi günlərə təsadüf etdi. Dövlətimizin qurulmasını Azərbaycan xalqının böyük xoşbəxtliyi adlandıran professor söhbətə xalqa təbriklə başladı.
- 28 May Azərbaycan türkləri üçün çox böyük bayramdır. Hər millət öz taleyində belə bir gün olmasını arzulayır. 100 il öncə Azərbaycan aydınlarının fədakarlığı ilə Şərqdə ilk demokratik dövlət qurulub. Biz müsəlman Şərqinə inqilabi yenilik gətirmişik, dünyəvi dəyərlərə sahib dövlətin əsasını qoymuşuq. 70 illik sovet işğalına baxmayaraq bu ideyanı qoruya, cümhuriyyətimizi bərpa edə bilmişik. Bu, millətimizə Tanrının lütfüdür. Azərbaycan dövlətini sevən, bu millətə bağlı olan hər kəsi bu böyük bayram münasibətilə təbrik edirəm.
Ötən il Ankarada Türkiyə Vəkillər Kollegiyası ilə bərabər konfrans keçirdiyimiz günlərdə mən həm Anıt Qəbirdə Mustafa Kamal Atatürkün, həm də Əsri məzarlığında Azərbaycan dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarlarını ziyarət etdim. Biz Əsri Məzarlığına bələdçisiz getmişdik. Məzarlıq baxıcısına yaxınlaşıb bu böyük şəxsiyyətin məzarını soraqladıq, o məmnuniyyətlə bizə bələdçilik etdi. Məzarı baxımsız gördüm... Məzarlıq çalışanlarına elə yerindəcə vəsait ödədik, anlaşdıq ki, onlar məzarı və çevrəsini hər zaman səliqədə saxlayacaqlar və bunun üçün vəsait sıxıntısı olmayacaq. Ankaraya gedəndə yenə Əsri Məzarlığına baş çəkəcəyəm.
Vaxtilə mənim atam Məhəmməd Əmin Rəsulzadə ilə görüşüb. Almaniyada. II Dünya müharibəsində əsir düşən zaman. Atam döyüşlərdən birində kontuziya alıb, almanlar onu öncə müalicə edib, sonra əsir düşərgəsinə göndəriblər. Atamın xatirələrində çox maraqlı bir məqam var - yazır ki, almanların azərbaycanlılara münasibəti çox yumşaq idi. Təəssüf ki, biz Cümhuriyyətin yaranma dönəmini hələ gərəkli səviyyədə araşdırmamışıq. İndi bu missiyanı ayrı-ayrı yazarlar, alimlər üzərlərinə götürüb. Bir müddət öncə Nəsiman Yaqublunun cümhuriyyətin 100 illiyi ilə bağlı qiymətli bir əsərinə - “Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası”na sponsorluq etdik. Düşünürəm ki, Azərbaycan dövlətinin yarandığı dönəmi əhatə edən bütün faktlar, olaylar araşdırılmalı və Qızıl Fond yaradılmalıdır. Çünki bu, bizim şərəf tariximizdir. Dövlət elmi araşdırma mərkəzlərinə, ayrı-ayrı araşdırmaçılara bu məsələdə ciddi dəstək verməlidir.

- Professor, bu yaxınlarda Vladimir Putin yenidən Rusiya
prezidenti seçildi. Siz prezidentin yaxın dostu kimi inaqurasiya
mərasimində iştirak etmisiniz. Necə keçdi? Təəssüratlarınız
maraqlıdır...
- Putinin bütün andiçmə mərasimlərində iştirak etmişəm. Bu dəfəki
fərqli idi. Birincisi, dəvətlilər keçən dəfəkindən təxminən 2 dəfə
çox idi. Ən önəmli qonaqlar, ölkənin bütün elitası hər zamankı kimi
prezidentin and içdiyi Andreyevski zalındaydı. Mən də ordaydım. Bu
dəfə xarici qonaqların da sayı çox idi. Rusiya prezidenti ilə şəxsi
dostluqları olan siyasət və iş dünyasının tanınan isimləri Putini
təbrikə gəlmişdilər. Üçüncü fərqli məqam o idi ki, bu dəfə
prezident ziyafət vermədi. Adətən bu ziyafətlərə prezidentin ən
yaxın çevrəsi dəvət olunur. Bu dəfə nədənsə Kreml xəsislik
etdi.
- Maraqlıdır. Sizcə, səbəb nə ola bilər?
- Düşünürəm, mərasimin dəbdəbəli olmamasını şəxsən Putin istəmişdi.
Bundan öncəki dəfələrdə prezident andiçmə mərasiminə ya bağ evindən
xüsusi kortejlə, ya da baş nazir kabinetindən təntənə ilə gəlirdi.
Bu dəfə isə Kremldəki prezident kabinetindən gəldi, lakonik bir
çıxış etdi, ölkəsinin, komandasının hədəflərini sadaladı və
kabinetinə döndü.
- Professor, Rusiyada, xüsusən Moskvada yaşayan sözün
əsl mənasında məşhur olan bir neçə azərbaycanlı var. Onlardan biri
də Rüstəm İbrahimbəyovdur. Onun ssenarisi üzrə 2015-ci ildə çəkilən
“Qafqaz üçlüyü” filmi ilə bağlı müzakirələr bu gün Azərbaycan
gündəmini zəbt edib. Siz filmlə tanışsınızmı? Fikriniz
necədir?
- Hər ikimizin uzun illəri Rusiyada keçsə də, Rüstəm İbrahimbəyovla
şəxsi tanışlığımız yoxdur. Filmə də hələ baxmamışam. Ancaq ədalət
naminə deməliyik ki, Rüstəm İbrahimbəyov dünyaca məşhur
kinematoqrafdır. Bizim tələbəlik dönəmimizdə onun ssenarisi üzrə
“Bir cənub şəhərində” filmi çəkilmişdi. Yadıma gəlir ki, film çox
səs-küylə qarşılanmışdı və tələbə olduğumuz Leninqradın bütün
kinoteatrlarında o film göstərilirdi. 1982-ci ildə onun “Ultimatum”
pyesi səhnələşdirilmişdi. Bu əsər Azərbaycan Xalq Cümhuriyyətinin
süqutu ilə bağlı idi. Qısa zamandan sonra o əsər ciddi səs-küy
yaratdı və dönəmin ideologiyasına uyğun gəlmədiyi üçün repertuardan
çıxarıldı... “Səhranın bəyaz günəşi” filmi İbrahimbəyova dünyanın
ən ali kino mükafatı olan “Oskar”ı qazandırıb, Amerika Kino
Akademiyasının üzvü olan yeganə azərbaycanlıdır. Onun
yaradıcılığını Azərbaycan dövləti də həmişə yüksək
qiymətləndirmişdir.
Bütün bunlar faktlardır. Bildiyim qədəri ilə onun əsərləri əsasən bəşəri mövzulara həsr olunur və ən əsası insanı düşündürür. Elə əsərlər, filmlər var, qısa zamandan sonra yaddan çıxır. Bir epizodunu zorla xatırlayırsan, İbrahimbəyovun filmləri isə fərqlidir. “Bir cənub şəhərində” filminə tələbə olarkən baxmışam, amma bu gün də bütün epizodları yadımdadır. Əminəm ki, bu filmə baxan saysız insan da onu unutmayıb. Demək istədiyim odur ki, Rüstəm İbrahimbəyov sənətkar kimi sıradan biri deyil.
“Qafqaz üçlüyü”nə gəlincə, filmə baxmamışam, amma haqqında müxtəlif rəyləri oxumuşam. Yaxşı olardı ki, film Azərbaycan telekanallarından birində, məsələn, İctimai Televiziyada göstəriləydi, sonra müzakirələr aparılaydı. Formatı da tapmaq asandır – kino tənqidçiləri müzakirələri başlatsın, sonra qoşulmaq istəyən qoşulsun. Açığı, çəkiləndən 3 il sonra filmin birdən-birə gündəmə gətirilmə səbəbi mənim üçün qaranlıq qalıb. Baxmadığım üçün hər hansı fikir bildirməyi doğru saymıram. Bu, obyektiv mövqe olmaz.
- İlham müəllim, qısa müddət öncə gözlənilmədən Ermənistanda böyük siyasi dəyişikliklər baş verdi. Uzun illər ölkəyə rəhbərlik edən siyasi elita hakimiyyətdən uzaqlaşdırıldı və indi yeni idarəetmə sistemi yaradılır. Siz bu prosesi təqdim olunduğu kimi “məxməri inqilab” sayırsınız?
- Bəli, Ermənistanda “məxməri inqilab” olub. Demokratiyanın tələblərinə uyğun olaraq, Ukraynadan fərqli olaraq qansız-qadasız, iqtidar dəyişdirilib.
- Yeni komandanın daxili və xarici siyasətdə hansı xətt
tutacağını düşünürsünüz? Bu xətt Ermənistanın ənənəvi siyasətindən
fərqli ola bilərmi?
- Heç bir ciddi dəyişiklik baş verə bilməz. Əksinə, həmin xətt daha
da möhkəmləndiriləcək. Birincisi, onu vurğulayım ki, Rusiya
nəzarətində olan postsovet respublikalarında bu cür spontan
dəyişiklikləri qəbul etmir. Kreml hesab edir ki, dəyişikliklər
konstitusion yolla, seçki ilə baş verməlidir. Qərb isə fərqli
mövqedədir – onlar postsovet məkanındakı bəzi respublikalarda, o
sıradan Ermənistanda seçki yolu ilə iqtidar dəyişikliklərini mümkün
saymırlar və buna görə də xalq etirazlarını, uzun illər
hakimiyyətdə olan komandaya qarşı müxalif mövqe tutan qüvvələri
dəstəkləyirlər.
- Kreml seçkidənkənar dəyişiklikləri qəbul eləməsə də,
prezident Putin Soçidə Paşinyanla görüşdü...
- Hansı formatda?... Soçi görüşü Avrasiya İttifaqına daxil olan
dövlətlərin başçılarının görüşü idi. Paşinyan da üzv dövlətlərdən
birinin faktiki rəhbəri olduğu üçün o zirvəyə qatılmışdı. Nə xüsusi
dəvət göndərilmişdi, nə ikili görüşlə bağlı xüsusi hazırlıq
olmuşdu. Tanışlıq xarakterli, sıradan görüş olub. Əgər Paşinyan
Soçiyə gəlməsəydi, birmənalı demək olardı ki, Ermənistanın yeni
iqtidarı Rusiyanı qəbul etmir. Ancaq indi o, Rusiya prezidentindən
ikitərəfli görüş xahiş etdi. Bu fakt bir çox suallara cavabdır.
Ukraynadan sonra Rusiya postsovet məkanında baş verən siyasi
dəyişikliklərə müdaxilə etməməyə çalışır. Bu, birmənalıdır. Çünki
indi Qərb-Rusiya münasibətləri son dərəcə gərgindir. Qərbin
Rusiyaya əsas iddialarından biri Kremlin keçmiş post-sovet
məkanında gedən demokratik proseslərə əngəl törətməsilə bağlıdır.
Ona görə də Rusiya münaqişəli durumlardan, məkanlardan mümkün qədər
məsafə saxlayır – bircə Ermənistana görə, özünə ciddi beynəlxalq
problemlər yaratmaq Rusiyanın indiki maraqlarına uyğun deyil.
Rusiya üçün əsas olan Qərbin iddialarını boşa çıxarmaqdır.
Ermənistanı tam nəzarətdə saxlamaq bundan daha önəmli ola bilməz.
Fikir verdinizsə, Rusiya ilk gündən Ermənistanda gedən prosesləri
öz axarına buraxdı. Ermənistanda xalq etirazları başlananda
Rusiyanın siyasi elitasından bir neçə nəfərlə danışıqlarımız
olmuşdu və onlar açıq deyirdilər ki, Ermənistan daxilində gedən
proseslərə qarışmayacağıq. Sözsüz, qarşıdurma genişlənsəydi,
Ermənistan siyasi hakimiyyəti Rusiyadan hərbi yardım istəsəydi, o
zaman fərqli ssenari baş verə bilərdi... Ancaq ermənilər çox usta
davrandılar, qarşıdurmanı gücləndirmədən hakimiyyəti təhvil
verdilər.
- Baş verənlər Rusiyanın Qafqazdakı mövqeyinin
zəiflədiyini söyləməyə əsas verirmi? Rusiya proseslərə qarışmırsa,
Qarabağ düyünündə proseslərin Azərbaycanın xeyrinə dəyişmə ehtimalı
nə qədərdir?
- Dediyim kimi, yeni iqtidar Ermənistanın genəl siyasətini
dəyişməyəcək – hansı xətt var idisə, o da davam edəcək.
Rusiya-Ermənistan münasibətlərində hansısa kardinal dəyişikliklərin
olacağını düşünmək yersizdir. Biz bəzən məsələləri qədərindən artıq
şişirdirik. Məsələn, bizə elə gəlir ki, Ermənistan Rusiyadan çox
asılıdır, Kreml İrəvana istədiyi basqını göstərə bilər. Amma
unuduruq ki, Rusiyanın da Ermənistandan asılılığı var. Kreml
İrəvanla ultimativ tonda, kəskin ritorika ilə danışandan sonra eyni
reaksiya İrəvandan gəlir. Aydındır ki, iqtisadi cəhətdən Ermənistan
Rusiyadan asılıdır - Rusiya Ermənistana enerjini güzəştli şərtlərlə
satır, silah-sursatla bağlı anlaşmaları çoxdur. Ancaq məsələnin
başqa tərəfi də var: Rusiyanın Ermənistanda bir neçə hərbi bazası
yerləşir. Bu mənada Ermənistanın da dəstəyi Rusiya üçün önəmlidir.
Ermənistan Türkiyə ilə sərhəddədir. Yəni, o bölgə Rusiyanın faktiki
olaraq NATO ilə sərhədləridir. Bu da Ermənistanın avantajıdır –
Rusiya hər zaman onları qorumağa, dəstək verməyə çalışacaq. Təbii,
nisbətdə götürsək, Ermənistan Rusiyadan daha çox asılıdır. Ancaq
dediyim səbəbdən Ermənistan da Rusiya üçün az önəmli ölkə
deyil.

- Belə başa düşmək olarmı ki, Soçidə iki ölkə rəhbərləri
münasibətlərin indiki səviyyədə qalmasını
razılaşdırıblar.
- Soçi görüşündə Putinin Paşinyanla hər hansı ciddi müzakirələr
apardığını düşünmürəm. Dediyim kimi bu, tanışlıq məqsədi daşıyan
görüş idi. Paşinyan Putin üçün yeni simadır. Rusiya prezidenti
olduqca ehtiyatlı siyasətçidir. O, bələd olmadığı siyasi fiqurla
heç zaman dərin müzakirə aparmaz.
- Paşinyan vətəndaşlara xeyli sosial vədlər verib. Sizin də dediyiniz kimi, Ermənistan iqtisadi cəhətdən Rusiyadan asılıdır. Ölkənin inkişaf üçün heç bir ciddi resursu yoxdur. Qarabağ münaqişəsinə görə bütün regional projelərdən kənarda qalıb. Sizcə, yeni iqtidar sosial vədlərini hansı resurslarla həyata keçirə bilər? Azərbaycan torpaqlarını işğal etdiyinə görə düşdüyü blokadadan çıxmaq üçün Ermənistanın yeni rəhbərliyi Qarabağ məsələsi ilə bağlı nisbətən yumşaq mövqe tuta bilərmi? Azərbaycan rəsmilərinin çıxışlarında da işğalçı siyasət dəyişdirilsə, əlaqələrin bərpasına işarə edən mesajlar var...
- Qarabağın işğalı bitməyənə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayana qədər Ermənistanın regional layihələrdə iştirakı müzakirə mövzusu ola bilməz.
Qarabağ ermənilərini öz vətəndaşımız sayırıqsa, o zaman onlara gələcəkdə himayə təklif edilməlidir. Məncə, bu, nizamlamanın ən optimal yoludur. Əgər biz bu siyasəti davam etdirmək istəyiriksə, Qarabağ ermənilərinə bunu çatdırmalıyıq.
25 ildir eşidirik ki, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesi gedir. Lakin müzakirələrin predmeti ilə bağlı dəqiq məlumat verilmir. Qarabağ ətrafındakı 5 rayon və ya 5+2 formatı? Ümumiyyətlə, “Azərbaycanın işğal olunmuş əraziləri” deyəndə nə nəzərdə tutulur? Faktlar göstərir ki, beynəlxalq birlik bu fikri 5 rayona şamil edir – Dağlıq Qarabağ ərazisi, Laçın, Şuşa müzakirə predmeti kimi tanınmır. “5+2, ardınca da status” formatını Azərbaycan üçün tələ sayıram. Bu ideyanı qətiyyən qəbul etmirəm, çünki perspektivin Azərbaycan üçün necə faciəvi olacağını bilirəm. Bizim üçün müzakirə predmeti Azərbaycan ərazilərinin işğaldan tam azad edilməsi ola bilər. Başqa təklifin müzakirəsi çözümə gətirib çıxarmayacaq. Əgər Ermənistan konstruktiv mövqe göstərib bu formatda müzakirələrə hazır olsa, üzərinə hansısa öhdəlikləri götürüb yerinə yetirsə, biz Qarabağ ermənilərinə beynəlxalq hüquqda mümkün ən yüksək statusu təklif edə bilərik.
Yeni rəhbərliyin sosial problemlərin çözümü üçün resurs əldə etməsi məsələsinə gəlincə, bunu işğaldan imtina etmədən də bacara bilərlər. Sözsüz, biz Ermənistanla savaş durumundayıq, o ölkənin blokadada daha çox qalması bizim üçün əlverişlidir, ancaq reallıqları nəzərə almasaq, bu məsələdə bir addım da irəli gedə bilmərik. Ermənistanın indiki iqtidarı ölkədə demokratik islahatlar aparsa, bir çox qaynaqdan ciddi dəstək alacaqlar. Onların dünyada güclü diaspor təşkilatları var. Sərkisyan dönəmində də onlar Ermənistana dəstək verirdilər, ancaq iqtidarın siyasətindən razı deyildilər. Sadəcə, milli təəssübkeş kimi öz xalqlarına dəstək verirdilər. Sərkisyan rejimini qəbul etmədikləri üçün bu dəstək böyük də deyildi. Hətta Rusiyadakı erməni diasporu da Sərkisyanı bəyənmirdi, onu antidemokratik sayırdı. İndi zəngin ermənilər açıq bildirirlər ki, Paşinyan vəd etdiyi demokratik islahatları keçirsə, onlar ölkəyə ciddi yatırımlar qoyacaqlar. Yəni demokratiya güclənsə, Ermənistanın qısa zamanda güclü sıçrayış etmək şansı var.
- Bəzi siyasətçilər belə hesab edirlər ki, indiki
durumda Azərbaycan Rusiya ilə anlaşıb Qarabağ məsələsinin çözümü
ilə bağlı hərəkətə keçməlidir...
- Biz Rusiyadan nə istədiyimizi müəyyən etməliyik. Nə istəyirik?
Rusiya Ermənistana silah satmasın? Axı, onlar hərbi
ittifaqdadırlar. Bir şeyi unutmayaq ki, belə böyük siyasi
məsələlərdə Rusiya ilə anlaşmaq asan deyil. Kreml bu məsələləri
alver predmetinə çevirmir. İndi Qarabağ cəbhəsində savaş
ehtimalının gücləndiyi haqda xəbərlər yayılır. Paşinyanın iqtidara
gələndən sonra Qarabağ məsələsi ilə bağlı səsləndirdiyi fikirlər,
atdığı addımlar göstərir ki, o, Sərkisyandan daha kəskin mövqe
tutmaq fikrindədir. Onun Qarabağa gəlməyi, oğlunu guya ön cəbhəyə
göndərməyi bunları deməyə əsas verir. Paşinyan dərk edir ki,
Qarabağ məsələsində bir addım geri qoysa, 1 il sonra onu iqtidardan
endirərlər. Ümumiyyətlə, mən münaqişənin dinc yolla nizamlanacağını
ehtimal etmirəm.
- Sərkisyanın iqtidardan getmə səbəbləri sırasında ötən
ilin aprelində cəbhədəki məğlubiyyət də göstərilir. Siz bu
versiyanı nə qədər əsaslı sayırsınız?
- Sərkisyan iqtidardan ona görə getdi ki, ermənilər eyni komandanı
görməkdən bezmişdilər. Sərkisyan yenidən baş nazir kürsüsünə
əyləşməklə böyük səhvə yol verdi. Xalq korrupsiyadan, işsizlikdən,
ümidsizlikdən bezmişdi və dəyişiklik arzulayırdı. Ona görə də
meydanlara çıxdı və bunu bacardı. O dəyişikliklərin nəticəsi necə
olacaq, ölkə irəli gedəcək, yoxsa, problemlər olduğu kimi qalacaq,
bu artıq o dönəmdə müzakirə edilmirdi. Xalqı maraqlandıran sadəcə
20 il ölkəyə rəhbərlik edənlərin hakimiyyətdən uzaqlaşdırılması
idi. Gözləri yorulmuşdu. Bir nazir öz vəzifəsini çox yüksək
səviyyədə icra etsə belə, illər sonra əhali ondan yorulur. Normal
psixologiyası olan insan hər zaman yeniliklər arzusunda olur, buna
cəhdlər edir. Yeknəsəklik istənilən sahədə insanı yorur. Dünyanın
istənilən ölkəsində vətəndaşların öz hökumətlərindən islahat
gözləntisi var. Özü də islahat prosesi hakimiyyətlərin
uzunömürlülüyünə bağlı olan məsələ deyil. Elə nazirlər olur, 30 il
kürsüdə olmalarına baxmayaraq heç bir yeniliklə yadda qalmırlar,
elə rəhbərlər də olur, qısa dönəm bir sahəyə başçılıq edirlər, amma
elə güclü islahatlar aparır ki, tarixə düşürlər. Rusiyada bu gün də
Stolıpin islahatlarından danışırlar. Çünki vəzifəyə keçər-keçməz
islahatlara başlamışdı. Öz xalqı üçün çalışan bütün hökumətlər bunu
dərk edir.
- Professor, Ermənistandakı durum fonunda
Rusiya-Azərbaycan münasibətləri necə inkişaf edəcək? Sizin yaxın
gələcəklə bağlı proqnozlarınız necədir?
- Xüsusi dəyişikliklər gözləmirəm. Ermənistanın Rusiya ilə
qarşılıqlı asılılığı haqda dedik. Bu faktor ciddi dəyişikliklərə
imkan vermir. Ona görə, Bakı ilə də münasibətlər eyni səviyyədə
qalacaq. Düşünürəm ki, Ermənistan Kremli xüsusi qıcıqlandırmadan
Qərbə meyllənəcək. Yəni Moskva ilə isti münasibətləri qoruyaraq
Avropaya inteqrasiya yolu tutacaq. Ermənilər dərk edir ki, inkişaf
Qərbdədir. Bu, təkcə ermənilərə aid məsələ deyil. İnkişaf istəyən
toplumlar Qərbə üz tutmalıdırlar. Azərbaycanın da gələcəyi,
inkişafı bu yoldadır. Azərbaycan Xalq Cümhuriyyətini quran
əcdadlarımız da, Türkiyə dövlətini quran Mustafa Kamal Paşa da
hədəf kimi Qərbə inteqrasiyanı göstərib. Bu gün Rusiya Qərblə
münasibətlərin inkişafında maraqlıdır. Rusiya bizim qonşumuzdur,
böyük gücdür, biz qonşumuzla normal münasibətlər saxlamalıyıq,
ancaq bu o demək deyil ki, Azərbaycan Kremlin ətəyini
buraxmamalıdır. Rusiya özü Qərblə yaxınlaşmaq istəyir, bizə necə
deyə bilər ki, Qərbdən uzaq durun? İndiki gənclik heç bir halda
geriyə baxmaq, köhnəlmiş ənənələrlə yaşamaq istəmir. Bir məsələni
xalq bilməlidir ki, Rusiya heç zaman heç bir ölkəyə demir, gəl
məndən yapış. Bu gün iki ölkə arasında yetərincə sivil münasibətlər
var – rəhbərlərin münasibətləri yaxşıdır, xalqların əlaqələri
yüksək səviyyədədir. Mən indiyə qədər Rusiyanın hər hansı məsələ
ilə bağlı Azərbaycana xüsusi diktə etdiyinin şahidi olmamışam.
Məsələn, biz istədik Qəbələ RLS ləğv olundu. Münasibətlər
pozuldumu? Xeyr. Ona görə deyirəm ki, Azərbaycanda bəzən süni bir
Rusiya xofu yaradılır. Bu ziyanlı tendensiyadır. Əmin olun, Rusiya
elitası Azərbaycanda şişirdib az qala tabu kimi topluma təqdim
olunan məsələləri heç eyninə almır. Gələcəyə baxmaq lazımdır.
Gələcək də Qərbə inteqrasiyadan çox asılıdır. Biz bunu daha tez
başa düşsək, cəmiyyət daha sürətlə inkişaf edəcək və biz gələcək
nəsillərə daha az problem qoymuş olacağıq.
- Rusiyada Azərbaycan diasporu ilə bağlı məsələ nə
yerdədir? Siz bu prosesi yaxından izləyirdiniz. Sentyabrda yeni
təşkilat yaranacağı haqda fikirlərin əsası varmı?
- Qeydiyyatın hansı ayda olacağını demək çətindir, ancaq orada
təşkilatlanma var. Hələlik problemlər də qalır. Çözümü Rusiya kimi
Azərbaycandan da asılıdır. Bu məsələlər dəfələrlə müzakirə edilib.
Yanlış addımları kimlər atıb, bunlar bilinir. Mən də bu prosesin
içərisində idim. Bütün məqamlara aydınlıq gətirilib, qırmızı
cizgilər müəyyən edilib. Qısaca deyə bilərəm ki, bu məsələ həll
olunma ərəfəsindədir. Bu gün Rusiyada bir neçə Azərbaycan diasporu
fəaliyyət göstərir. AzərRos qalır, bölgələrdə illərdir çalışan
qurumlarımız var. Onların çoxu əsasən milli mədəniyyətin təbliği
üçün yaradılıb. İndi müəyyən edilməlidir ki, bu yeni yaranan qurum
hansı formatda fəaliyyət göstərəcək, fəaliyyətdə olan qurumlar onun
tərkibindəmi olacaq, ya əməkdaşlıq ediləcək. Məsələn, ermənilərin
vahid təşkilatı var. Regionlardakı bütün qurumlar həmin vahid
qurumun tərkibindədirlər. Bizdə proses dağınıqdır. İndiyə qədər
çalışan təşkilatlarda illərdir əmək verən insanlar var. Onlar yeni
təşkilatla hansı formada işbirliyinə hazırdır, bu məsələlərin
hamısını bəri başdan müəyyən etmək gərəkdir.
- Professor siz yaxınlarda maraqlı bir təşəbbüsdə
bulundunuz, Rusiya Türkiyə iş adamlarının Antalya forumunu təşkil
elədiniz. İki ölkənin siyasi münasibətləri rəhbərlər səviyyəsində
çox yüksək olsa da, perspektiv çoxları üçün o qədər də aydın deyil.
Söhbət Türkiyənin NATO üzvü, Rusiyanın isə əks alyansda olmasından
gedir. Dövlət başçıları ölkələr arasında ticarət dövriyyəsinin 100
milyarda çatdırılması ilə bağlı hədəf qoyub. Ancaq bu gün Rusiyada
Türkiyə məhsullarına qadağalar qalmaqdadır. Bu qadağalar
qalxacaqmı, yoxsa, bu iki ölkənin Qərbə güc
göstərisidir?
- Bəli, Türkiyə NATO üzvüdür. Özü də sıradan üzv deyil – Türkiyə
NATO-nun ən güclü ordularından birinə sahibdir. Buna baxmayaraq,
çəkinmədən Rusiyadan silah alır, yeni müqavilələr bağlayır. Enerji
məsələsində də işbirliyi güclənir. Buna Qərb bir o qədər də qıcıq
göstərmir. Ancaq söhbət silahdan gedəndə, durum dəyişir. Bu
məsələdə Türkiyəni haqlı sayıram. Qərb hər zaman Türkiyəni öz
siyasətinə tabe ikinci dərəcəli dövlət kimi görmək istəyir. Türkiyə
güclü dövlətdir və bununla barışa bilməz. Ona görə də müstəqil
siyasət yeridir. Aydındır ki, Rusiya ilə yaxınlaşma da Qərblə soyuq
münasibətlər fonunda yaranıb. Bu gün hər iki ölkə daha çox bu
kontekstdə bir aradadırlar. Bundan başqa, Suriyada
Türkiyə-Rusiya-İran üçlüyü Qərbin planlarını əngəllədilər. Bu
birlik, iki ölkəni həm siyasi, həm də iqtisadi baxımdan
yaxınlaşdırdı. Məncə, bu çox yaxşıdır. Xüsusən Azərbaycan üçün. Bu
o deməkdir ki, Azərbaycan üçün hər hansı problemli məqam yaransa,
bizim qardaşlarımız Rusiyaya öz sözlərini açıq deyə bilər. Ən çox
da Qarabağ məsələsində. Ona görə də biz bu yaxınlaşmada maraqlı
olmalıyıq. İki ölkənin iqtisadi hədəflərinə gəlincə, bu bir neçə
amildən asılıdır. Ölkələri kimlər idarə edəcək, beynəlxalq arenada
qüvvələr nisbəti necə dəyişəcək... Bunlar iqtisadiyyata birbaşa
təsir edən məqamlardır.
- Suriya məsələsinə toxundunuz. Bu gün dünyanın daha bir
qaynar nöqtəsi Qüdsdür. Trampın ABŞ səfirliyini Qüdsə köçürməsi
haqqında qərarı bölgədəki prosesləri çıxmaza salıb. Sizcə, bu,
ABŞ-a nə üçün lazım idi?
- Tarix boyu Qüdsdə hər 100 ildən bir “əl dəyişib”. İndi Qüdsün
tarixi ilə bağlı bir əsər oxuyuram. Mistik bir şəkildə hər 100
ildən bir aşağı yuxarı eyni şərait yetişir və Qüds müsəlmanlardan
xristian dünyasının idarəsinə keçir. Əsrlərdir bu belə davam edir.
Bu şəhər Yer üzündə yeganə şəhərdir ki, İslam da, Xristianlıq da,
İudaizm də onu özünün müqəddəs şəhəri sayır. Tramp iqtidara
gələndən sonra Qüdslə bağlı radikal qərarlar verdi. Görünür, o,
bununla tarixdə qalmaq istəyir. Tramp sərkərdə kimi hərəkət edib
ora qoşun çəkəsi deyil, ona görə də kavboy kimi hərəkət edir.
Səfirliyi Qüdsə köçürməklə Tramp bütün dünyaya mesaj vermək istəyir
ki, xristianlar yenə Qüdsə gəldi. Trampın bu tarixə düşmək iddiası
çox ciddi problemlər yaradır. Dinlə bağlı gərginliklər çox
uzunmüddətli olur və ağır nəticələrə gətirir. ABŞ prezidentinin bu
qərarı radikal müsəlman qruplaşmalarını yenidən hərəkətə keçirə
bilər, yenidən Qərb ciddi terrorla üzləşə bilər. Hər halda bu
siyasət yaxşı heç nə vəd eləmir.
- İlham müəllim, Qərbin iqtisadi sanksiyaları konkret
sizin biznesinizə necə təsir edib?
- Mənim biznesim Rusiyadadır. Rusiyanın da belə bir özəlliyi var –
ona basqılar artdıqca, güclənir. Bu yaxınlarda Sankt-Peterburqda
iqtisadi forum keçirildi. Mən də dəvətliydim. Çoxları gözləyirdi
ki, Qərbin basqıları fonunda çox bədbin bir toplantı olacaq. Tam
əksi baş verdi... Öncəkilərdən daha güclü forum keçirildi. Bir neçə
prezident, o sıradan Fransa prezidenti Makron, Çin hökumət rəhbəri
gəldi, dünyanın ən nüfuzlu iqtisadi institutlarına rəhbərlik edən
şəxslər qatıldılar. Qərb getdikcə anlayır ki, Rusiya ilə sanksiya
dili ilə danışmaq effekt vermir. Qabaqlar Rusiyanı ümumiyyətlə
eşitmək istəmirdilər. İndi açıq dialoq meylləri var. Ümumiyyətlə,
“Rusiya dağılır, dağılacaq” proqnozları çox qeyri-ciddidir.
Çeçenistan savaşının qızğın dönəmində də deyirdilər ki, Rusiya
dağılır. Mən o zaman da bildirmişdim ki, bu ölkə bir regional
savaşla dağıla bilməz. Ruslar acından ölər, öz ərazilərində
dəyişiklərə icazə verməz. Putin belə bir dalğada iqtidara gəlib.
Onun bir hədəfi vardı – Rusiyanı dağılmağa qoymamaq, dövləti
möhkəmləndirmək. O, bunu başardı. Bəlkə də başqa lider gəlsəydi,
proses uzun çəkərdi, problemli olardı, amma Vladimir Putin iradə
nümayiş etdirdi, Rusiyanın bütün potensialını işə saldı. Ona görə
də Qərbin sanksiyalarının Rusiyanı dağıdacağı haqqında proqnozlar
heç zaman özünü doğrulda bilməz. Sözsüz, sanksiyalar biznesə təsir
edir. Mənim hər iki ortağım – Qod Nisanovla, Zarah İliyevin adı
Qərbin bəlli siyahısındadır. Azərbaycan vətəndaşı olduğum üçün adım
həmin siyahıya salınmayıb. Ancaq sürprizlər ola bilər...
- Bir neçə ay öncə Moskvada iki yeni obyektinizin
açılacağını demişdiniz. Açıldımı?
- Bəli. Şəhər üçün önəmli bir obyekt açdıq. Moskva meri açılışa
qatıldı. Bu, Food Sity-nin kiçik variantıdır. Olimpiya Mərkəzini də
açmağa hazırlaşırıq. Sentyabr ayında Moskva meriyasına seçkilər
keçiriləcək. Obyekt seçkidən sonra işə düşəcək.
- Elmi fəaliyyətinizlə bağlı hansı yeniliklər
var?
- Sonuncu əsərim “Ölümsüz ölüm hökmü” bir neçə gün sonra
İngiltərədə ingilis dilində çap olunacaq. Türkiyədə və Almaniyada
tərcümə prosesi yekunlaşmaq üzrədir. Əsər Azəbaycan dilində də
çapdadır. Yaxın zamanlarda prezentasiyalar nəzərdə tutulub.
Aygün Muradxanlı,
“Yeni Müsavat”