“PKK deyir ki, “kürd qardaşlarımızın haqqlarını, hüquqlarını axtarırıq. Sən onları dağa çıxararaq, əllərinə silah verərək hüquq axtarırsan? Gözünü qırpmadan insanları öldürərək haqq axtarırsan? Dinc vətəndaş, polis demədən hamıya qarşı hücum edənlər bu ölkəyə ən böyük zərəri verir. Bu bölgənin uşaqları cahil qalsın deyə bu cür işlər görürsünüz. Yolları, tunellerı patladan, texnikaları yandıranlar bunlar deyil?”
Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş nazir və AKP rəhbərinin köməkçisi Binəli Yıldırım partiyanın Hakkaridəki mitinqi zamanı xalqa çağırış edib. B.Yıldırım bildirib ki, hansı etnik qrupdan olduğumuza qərar verə bilmərik, kürd, türk və ya ərəb ola bilərik:
“Amma biz insanıq. Allahımız birdir, yolumuz birdir. Dava edəcək nəyimiz var? Paylaşacaq çox şeyimiz var, kürd qardaşlarımızla bir dərdimiz, problemimiz yoxdur. Onlar bizim qardaşlarımızdır. Min ildir bu torpaqlarda yaşayırıq. Kürd olmağınızla qürur duyun. Bunun üçün heç kim sizə bir şey edə bilməz. AK Partiya iqtidara gələndə insanlar kürtçə danışa bilmirdi. İndi isə TRT Kürd var, kürtçə öyrədilir. İnkar siyasətini tərk edin, assimilyasiya siyasətini tərk edin. Kürdü, türkü ilə birlikdəyik deyən partiyanız var, Rəcəb Tayyib Ərdoğan var. Bu məmləkətin övladlarını qatil edənlərə, qələm tutmaq əvəzinə silah tutduranların haqq-hesab zamanı gəlib”.
Baş nazir bildirib ki, Silopu, Suru dağıtdılar, amma bunda kim qazandı?: “Bütün məhv edilən, dağıdılan evlər yenidən tikildi. Vaxt birlik vaxtıdır. Birlik içərisində sülh şəraitində yaşamaq zamanı gəlib. Bu vaxt isə 24 iyundur. Yeni, ağ səhifə açmaq zamanıdır. Zaman terroru olan Hakkarini Türkiyə gündəmindən çıxarmaq vaxtıdır. 2016-cı il mayın 24-də vəzifəyə təyin olunanda ilk dediyim söz də bu olmuşdu. Öz torpaqlarımız, sərhədlərimiz içərisində terror yayıla bilmir, ay ulduzlu bayrağımız hər yerdə ən yüksəklərdə dalğalanır. Sərhədlərimiz xaricində Suriyada, Kandildə, Sincarda baş verən vətəndaş müharibəsi nəticəsində bəzən dağlardan terror girişi olur. Ancaq gördüyümüz tədbirlər nəticəsində bunun da qarşısını alacağıq. İstəyirik ki, fikirlərinizdə terrorla bağlı şübhə qalmasın”.
Binəli Yıldırım deyib ki, gənclərimizin gələcəyi dağda deyil, terrorda deyil, terrorda olan ömür 4 illikdir: “Yazıq deyil bu körpə bədənlərə? Onların gələcəyini ümidli hədəflərə doğru yönəltmək əvəzinə əllərinə silah verərək insanların üzərinə göndərərək gözlərini qırpmadan qətl törətməklərinə necə razı ola bilirsiniz? Anaların göz yaşlarının axmasını istəmirik, ağı deməklərini istəmirik. Bundan sonra kürd qardaşlarımızın uşaqlarını aldada bilməyəcəklər. Nə etsələr də biz birik, qardaşıq, dövlətimiz, bayrağımız, millətimiz, vətənimiz birdir. Sanki kürdləri çox sevirlər deyə ABŞ, Avropa bir olub kürdlərə dövlət qurmaq istəyirlər. Kürdlərin torpaqları Anadolu torpaqlarıdır, siz başqa qapıya gedin. Biz buralarda hər cür mübarizə aparmışıq. Bu ölkənin hər bir insanı başımızın tacıdır. Heç kimin etnik kökü səbəbindən bu ölkədə təzyiq görməsini, haqsızlığa uğramasını istəmirik”.
Günay Elşadqızı / METBUAT.AZ