ABŞ prezidenti Donald Tramp vəzifəyə başladığı 1,5 il ərzində Ağ Evdə ilk dəfə iftar yeməyi verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evdəki ənənəyə qarşı çıxaraq ötən il iftar yeməyi verməyən Tramp, bu il az sayda qonaqla Vaşinqtonda çalışan xarici missiyanın nümayəndələrini qonaq edib. İştirak edənlərin siyahısı Ağ Ev tərəfindən açıqlanmasa da, oradakı müxbirlərin məlumatına görə, tədbirə Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Tunis, İraq, Qatar, Bəhreyn, Mərakeş, Əlcəzair və Livandan olan diplomatik nümayəndələr qatılıb. İftardan əvvəl qısa çıxış edən Tramp, bütün müsəlman aləminin Ramazan ayını təbrik edib və əksəriyyəti müsəlman ölkələrindən olan qonaqları Ağ Evdə qonaq etməkdən məmnun olduğunu dilə gətirib.

İlk xarici səfərini Yaxın Şərqə etdiyini, Səudiyyə Ərəbistanına səfərini xatırladan Tramp bildirib ki, “hamımız üçün təhlükəsizlik və rifahın olduğu gələcəyə, ancaq birlikdə çalışaraq nail olmaq mümkündür”.

Digər tərəfdən isə Trampın İslamafobik ifadələrinə və Ağ Evdəki iftara dəvət edilməmələrinə etiraz edən bəzi müsəlman qeyri-hökumət təşkilatları, Ağ Evin qarşısındakı “Lafayette Park”da alternativ iftar yeməyi təşkil ediblər. Etiraza qatılan amerikalı müsəlmanlara dəstək olan xristian rahib Ruben Eckels də Trampın İslamafobik ifadələrinə qarşı çıxıb:

“Biz bu ölkədə olmamalı olan ayrı-seçkiliyə, bərabərsizliyə və təhqirə məruz qalan müsəlman qardaşlarımızı dəstəkləmək üçün buradayıq. Ağ Evdə iftar verilir, amma hamı dəvət edilmir. Bu hərəkət amerikalı müsəlman vətəndaşlarla əlaqələrimizi düzəldə bilməz”.

Qeyd edək ki, ABŞ-ın eks prezidentləri Bill Klinton, Corc Buş və Barak Obama dövründə 2016-cı ilə qədər təxminən 20 il müddətində hər il Ağ Evdə ənənəvi iftar yeməyi təşkil olunurdu.

Günay Elşadqızı / METBUAT.AZ