“Niyə toy gecəsi bəylə gəlini hansısa qadın qapının açar yerindən güdməlidir?” - Azərbaycanlı teleaparıcı

Metbuat.az-ın növbəti müsahibi yazar, teleaparıcı Yeganə Cansaildir.

- Yazar, teleaparıcı Yeganə Cansail...

- Cansail atamın adı olub. Maraqlı ad olduğu, bu addan heç yerdə eşitmədiyim üçün özümə götürdüm.

- Yaradıcı insansınız. Necə oldu aparıcılığa gəlmisiniz?

- Hə, mən sizin həmkarınızam. Jurnalist olaraq əvvəl mədəniyyət qəzetində çalışmışam. Tələbəlik illərindən mən də müsahibələr alıb, yazırdım. Sonra televiziyadan təklif gəldi. Fikirləşdim ki, maraqlı olar. Televiziyada müxbirlikdən başladım. Elə ilk illərdən “Telekitab” layihəsini hazırladım. Bu layihə 2-3 il davam etdi. Beləcə də aparıcılıq fəaliyyətim başladı. Gördüm ki, çox maraqlı sahədir. Hətta qəzet jurnalistikasından daha asandır. Məncə, qəzetçilik, sayt jurnalistikası daha çətindir.

- Aparıcı kimi hansı formata üstünlük verirsiniz və özünüzü hansı formatlarda görürsünüz?

- Aparıcılığa başlayarkən həmişə özümü ədəbiyyat sahəsində, ciddi mövzularda görürdüm. Ancaq “Ferma” layihəsi ilə daha çox tanındım. Bu layihəni edərkən fikirləşdim ki, peşəkar aparıcı hər bir istiqamətdə tamaşaçını ələ almağı bacarmalıdır.

- Bir də görürsən, aparıcının ayağının altından qaçan siçan onu gündəm edir. Ona “şanslı aparıcı” demək olar?

- Bu hadisə təsadüfən verilişi apardığım an baş verib. Təsəvvürünüzə gətirin, insan hansı halı keçirər. Bir anda gördüm ki, ayağımın üstündə siçan var. Həmin an bütün bədənim qurudu. Bütün saytlar yazdı bu hadisəni. Ancaq bunu şans hesab etmirəm. Çünki bütün sinirlərimə təsir etmişdi. Orda göyərçinlər görmüşdüm, ancaq siçan görməmişdim. Kənd yeri olduğu üçün, hər cür həşərat vardı.

- Hansısa tanışlıqlar vasitəsilə efirə gələn həmkarlarınıza münasibətiniz necədir?

- Bu sual çox yerinə düşdü. O gün adını çəkmək istəmədiyim bir kanala baxıram. Əslində televiziyaya baxmağa o qədər vaxtım olmur. Baxıram ki, bu kanala sözün əsl mənasında küçədən keçən adamları yığıblar. Bu elə onların aparıcısına da, müğənnisinə də aiddir. Bilinir ki, ora kifayət qədər pul ödənilib, heç bir peşəkarlıqdan söhbət gedə bilməz. Ancaq bu qədər də olmaz. Nə qonaq ağzını açıb danışa bilir, nə də aparıcı. Heç olmasa, aparıcı loru dildə danışa... Bu da deyildi... Onun elədikləri, nitqi başdan-ayağa tərbiyəsizlik idi. Məsələn, mən hardasa bir yanlış ifadə səsləndirəndə, utanaram. Düşünürəm, necə aparıcıyam ki, buna yol verdim?! Ancaq bu insanlar yəqin özlərini görə bilmir, daxili aləmlərinə baxmağı bacarmırlar. İnsan efirə, tamaşaçı qarşısına çıxırsa, intellekti önəm daşımalıdır. Elə jarqonlardan istifadə edirlər, adam dəhşətə gəlir. Mənim qızım olsa, qoymaram həmin efirə baxsın. Bu tərbiyəsizlikdir.

- Söhbət hansı verilişdən gedir?

- O aparıcını efirdən çıxartdılar deyəsən.

- Kimdi?

- (Gülür) Adını çəkmək mənim üçün problem deyil. Ancaq saytları da belə hədələyirlər ki, polisə verərəm, filan edərəm. Məncə, tamaşaçılar biləcəklər kimdən danışıram. Efirdə eləcə “türkün məsəli” deyib, ağızlarına gələni danışırdılar.

- Xarakterinizə uyğun olmayan verilişi apara bilərsiniz?

- Aparıcı hər cür veriliş idarə edə bilər. Bu sadəcə onun intellekt səviyyəsindən asılıdır. Məsələn, mənə deyirdilər “Ferma” sənə uyğun deyildi. Ancaq düşünürəm ki, həmin layihədə insanlara həm də yaxşı şeylər göstərirdim. Orada kitablarla bağlı balaca bir layihə də etdik. Bir tamaşaçı ora nə qədər kitab gətirdi. Mənim daxilimdə o qığılcım varsa, hansı layihə olur-olsun, mütləq özünü göstərəcək.

- Hər bir aparıcının efirdə sosial maskası olmalıdır. Bunu başa düşürük. Ancaq bəzən aparıcılar o qədər süniləşirlər ki, veriliş də bayağı alınır.

- Aparıcı nə qədər səmimi olarsa, tamaşaçı ona bir o qədər bağlanar. Qonaqlarıma da hər dəfə deyirəm ki, kameraları unudun, səmimi söhbət edək. Mən indi səmimi olmasam, maskada danışsam, desəm ki, mənə nə qədər hədiyyələr gəlir, nə bilim maşınım belə, sevgilim elə... Siz özünüz də jurnalistsiniz, bilirsiniz ki, efirə gələn kənardakına zəng edir ki, mənim haqqımda bir dənə belə şey yaz, ya efirə filan şeylər göndər. Bunu tamaşaçı da, oxucu da dərhal hiss edir. Gülür, iyrənir, ələ salır, təhqir edir. İnsan maksimum səmimi olmalıdır. Təbii ki, onun da bir çərçivəsi var. Bəzən səmimiyyət çox ifrata varanda ətrafdakılar onu yanlış anlayır.

- Sizin “Ferma şou” layihəsi reytinqli idi. 3 il yaşadı. Az müddət deyil. Veriliş niyə bağlandı?

- Təbii ki, bütün layihələrin müəyyən yayım müddəti var. Tamaşaçını yormamaq üçün hər mövsümdə yeni layihələr təqdim olunur. İnsan elə bir varlıqdır ki, həmişə yenilik axtarır. “Ferma” kifayət qədər yeniliklər etdi. Yəqin ömrü o qədər idi. İndi başqa veriliş aparıram, ancaq yolda tamaşaçılardan bəzən “ay... “Ferma”nın aparıcısıdır” sözlərini eşidirəm. Soruşurlar ki, yenidən nə vaxt başlayacaq? Bu verilişi həm söyürdülər, həm də həmin saatı gözləyirdilər. Belə halda tamaşaçını başa düşmürəm. Bəlkə içimizdə sözbazlıq var deyə, belə hallar yaşanır. Bax, intellektual verilişlər, səyahət haqqında layihələr eləmək istəyirəm. Ancaq görürəm ki, insanlar dava-dalaş axtarır.

- Düşünürsünüzmü “Ferma-şou”nu yenidən apara bilərsiniz?

- Mənim üçün yenidən bu layihəni başqa formatda aparmaq xoş olar. Təbii ki, buna mən yox, rəhbərlik qərar verir. Onların ixtiyarındadır. Nə vaxtsa, bəlkə ola bilər.

- İllər öncə etiraz xarakterli köşələr yazırdınız. O yazıların taleyi necə oldu?

- Mən onları 17-18 yaşında yazmışam (Gülür). O yaşda insan yaradıcı ruhda olduqda bir etirazçıya çevrilir. Hərdən o köşələrə baxıb deyirəm ki, gör mən necə yazılar yazmışam. Düşünmürəm ki, pis yazılardır. Hətta fikirləşirəm ki, elə yaxşı edib o yazıları yazmışam. Bu gün də ətrafda məndə qıcıq yaradan nə olursa, etiraz edirəm. Məncə, cəmiyyətdə hər bir fərd bu cür olmalıdır. Sağlam düşüncə və sağlam cəmiyyət belə formalaşır.

- Əvvəllər köşələriniz tez-tez dərc olunurdu. Deyəsən, qonorarsız yazmırsınız.

- Baxmayaraq ki, əvvəllər həvəskar idim, onda da ödənişli yazırdım. 18 yaşından artıq qonanararla işləmişəm (Gülür). İndi deyəndə ki, köşə niyə yazmırsan? Deyirəm, pul verin, yazım. Əslində televiziya sahəsinə keçdikdən sonra yazı tərəfim zəiflədi. Bilmirəm bu işimlə bağlı oldu, yoxsa mən tənbəlləşdim. Əvvəlki kimi aktiv köşə yazmağı çox istəyərdim. Ancaq bəzən yoruluram.

- Sərbəst düşüncəli, hər şeyə açıq biri olduğunuz üçün açıq-saçıq fotosessiyalar etdirərsiniz?

- İndi hamı açıq-saçıq fotolar çəkdirməyə meyillidir. Bunun üçün gözəl bədən quruluşun olmalıdır. Mən də bir az artıq çəki varsa, onu etmərəm. Ancaq baxıram ki, bəzi aparıcılar üçün bu önəmli deyil.

- Ancaq siz komplekssiz görünürsünüz?

- Yox, bu mövzuda kompleksim var. Həm tamaşaçı baxıb deyəcək, bu nəyini göstərir? Mən özümə kiloluyam deyəndə, deyirlər sənin haran kökdür? Ancaq o cür fotolara pis baxmıram. Heç vaxt etmərəm də demirəm, “hə” də demirəm (Gülür).

- Bəs özünüzü cazibədar aparıcı hesab edirsinizmi?

- Yox (Gülür). Özüm haqqında heç vaxt yaxşı fikirdə olmuram. Mənə kənardan da deyəndə, deyirəm, bacarmıram də, nə edim?.. Özüm haqqında müsbət fikirdə ola bilmirəm.

- Bu təvazökarlıqdan irəli gəlir?

- Ola bilsin təvazökarlıqdan irəli gəlir. Sadəcə, intellekt, səviyyə mövzusunda hər kəslə mübarizə edərəm (Gülür). Çünki hələ məktəb yaşına çatmamışdan anam mənə “Kiril” əlifbasını öyrətmişdi. Bizim evdə çoxlu kitablar vardı. Kitablarla aramda möhkəm bir bağ yaranmışdı. 5 yaşında uşaq üçün əslində bu gözlənilən deyil. İndi də davamlı mütaliə edirəm.

- Hansı janrları daha çox sevirsiniz?

- Demək olar ki, hər bir janrda oxuyuram. Bir az fantastika janrlarını bəyənmirəm. Hazırda Daniel Keysin “Algernon çiçəkləri” romanını oxuyuram.

- Xarici ədəbiyyatda hansı yazarları sevirsiniz?

- Ri Markı, Elif Şafakı, Orxan Pamuku çox sevirəm. Sevmədiklərim də var, ancaq indi xatırlamıram. Məsələn, azərbaycanlı yazarları sevmirəm (Gülür).

- Bəs gənc yazarlardan kimi sevmirsiniz?

- Gənc yazarları mütaliə etmirəm, onların statuslarını oxumaq kifayətdir. Kəramət çox istedadlı yazıçıdır. Ancaq özünü mənasız şeylərə xərcləyir. Onun statuslarını oxuyuram, fikirləşirəm ki, insan çox istedadlıdır. Ancaq bu adam niyə istedadına biznes kimi yanaşmır? Həmişə kənardan nəsə umur. Xarici yazıçılarla yerli yazıçıları müqayisə edəndə fikirləşirəm ki, niyə biz onlar kimi yanaşmırıq?

Gənc qız var, Gülay. Onun kitabını oxumuşdum, xoşuma gəlmişdi. Türkiyədə yaşayır, ikinci kitabı da çıxıb. Paxıl adam deyiləm, kimi oxuyub, bəyənirəmsə, deyirəm. Başqa bəyəndiklərim də var, yadıma düşmür. İnciyəcəklər məndən, adlarını çəkmədim. Normaldı.

- Sizə görə seksual azadlıq nədir?

- (Gülür) Ay... sual şillə oldu. 16-17 yaşlarımda “Dalğa” Gənclər Hərəkatı var idi. Orda yox idim, ancaq bəzi tədbirlərdə iştirak edirdim. Düzdü, özünü ruhən azad hiss etmək çox yaxşıdır. Bəzən gənclər azadlığı tərbiyəsizliklə səhv salırlar. Kiminsə yanında möhkəm danışmaq, ya mini ətək geyinmək... sanki kiminsə beyninə zorla yeridirlər ki, bu mənim həyatımdır, heç kim qarışa bilməz. Təsəvvür edin ki, mən deyirəm kimsə həyatıma qarışa bilməz. Təbii ki, bu belədir. Ancaq bir də bunu kobudcasına kütləyə çatdırmaq üçün əlimdən gələni edirəm, bu düzgün deyil. Qarşı tərəf onsuz da sənə kobud yanaşır. Bu cür eləsən, daha çox qıcığa səbəb olacaqsan. Seksual azadlıq da bu cürdü. İntim həyat sənin həyatındı, bunu qabardıb, “mən belə edirəm” demək tərbiyəsizlikdi. Əslində bizim cəmiyyətdə bu bir ehtiyaca çevrilib. Çünki insanların beyni hələ də dar çərçivədədir. “Qohumum nə deyər”, “filankəs belə deyər” kimi anlayışları yox etmək lazımdı. Ancaq bunu gəclər çox kobud şəkildə edirlər deyə, qıcıq yaradır.

- Sizə görə mental dəyər nə deməkdir?

- Mentalitetdən o qədər köşə yazmışam ki, neçə illər keçib. Baxıram ki, heç nə dəyişməyib. Fikirləşirəm ki, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir əsrlər əvvəl bunu yazıb, heç nə də dəyişməyib. Dəyişən formadır, məzmun etibarı ilə hər şey eynidir. Mənim həyatım mənə məxsusdur. Ətrafdan heç kim mənə deyə bilməz ki, sən bunu niyə belə etdin, niyə belə düşündün. Mən azad düşüncəli insanam. Mentalitetdə o qədər mənasız, lazımsız şeylər var ki... Bəlkə mentalitetə aid deyil, ancaq insanlar elə təbliğ edir.

- Məsələn, sizcə, hansı mental dəyər mənasızdır?

- Məsələn, toy adət-ənənələri. Bu yaxında bacımın nişanı oldu. O biri bacımın toyu olub. Adamın öz başına gələndə mental dəyərləri daha çox görürsən. Bax, niyə gəlin belinə qırmızı lent bağlamalıdır? Ona görə ki, o bakirədir? Niyə gəlinlə bəyin toy gecəsini hansısa bir qadın qapının açar yerindən güdməlidir? Yaxud çox ayıb bir şeydir ki, onun yatağını çıxarıb, kiməsə göstərsin. Bunu mentalitet deyib, bizə sırıyıblar. Yaxud evdə kişi olmayanda qapını döyən hansısa qohum kişi qapıda dayanmalıdır. İçəridə kişi yoxdur, mettalitetə uyğun deyil deyə, evə keçməməlidir. Ayıbdır mənim üçün. Sənin daxilin təmiz deyilsə,bu, artıq başqa bir şeydir. Bu insanın mənəviyyatsız olmasından xəbər verir. Düşünürəm ki, insanlar mənəviyyatsızlıqlarını mentalitetə birləşdiriblər.

- Bəs siz toyunuzu necə düşünürsünüz?

- Toyda xınayaxdı filan boş şeydir. Mən demişəm, toyum olanda barmağıma bir üzük taxacam, dəniz kənarında, yaxın adamlarla əyləncə təşkil edəcəm (Gülür). Körpü məsələsindəki qohumların heç birini çağırmayacam.

- Avropadakı kimi.

- Düşünmürəm. Bu mənim içimdən gələn bir toydur. Avropa yaxşı şeylər edir. Biz Avropanı cin-şeytan kimi görürük. Avropa öz düşüncəsi ilə hərəkət edir, biz də mentalitetimizlə. Mən də öz istəyimlə edəcəm. Təsəvvürünüzə gətirin ki, toyuma çağırdığım qonağı tanımıram, onun kimliyini anamdan soruşuram. Neynirəm onu mən? İnandırım sizi, o, toya “filankəsin qızına nə gətirmişdilər, necə gətirmişdilər” üçün gəlir. Ya da kiminsə qızının boşanmasından danışmağa. Bu bizdə kütləvidir. Deyir, dünyanı dəyişmək istəyirsənsə, özündən başla. Mən də kütləyə uyaramsa, onlardan biri olacam. Ona görə də kütləyə qarışmaq istəmirəm.

- Deyəsən, evli kişilərlə münasibət saxlayan qadınlara münasibətiniz sərtdir.

- Nə bilim, unutmuşam (Gülür). Tez-tez fikirlərimi dəyişən insanam. Baxıram, sosial şəbəkədə 18 yaşında başqa cür status yazmışam.21 yaşında onun əksini paylaşmışam. Mən oğlaq olsam da, bəzən özümü əkizlər, tərəzi bürcləri kimi ikili düşünürəm. Ancaq heç vaxt “heç vaxt” demirəm. Çünki həyat insanın qarşısına hər şeyi çıxarır. Heç nədən sığortalı deyiləm. Bilmirəm gələcəkdə başıma nə gələcək. Ancaq evli kişilərlə həyat yaşayan qadınlara nə deyim, vallah...Deyir, alan razı, satan razı, mən nə deyə bilərəm?..

- Sizin baxış bucağınızda xəyanət nəcədir?

- Hansı rakursdan baxsan, xəyanət bağışlanılmazdır. Kimsə xəyanət edirsə, deməli orda artıq düşünülmüş nəsə var. İstər dost, istər sevgi münasibətində. Xəyanətə görə uzun illərin münasibətinin üstündən xətt çəkmiş insanam.

- Siz xəyanəti nədə görürsünüz?

- Ümumiyyətlə, kişilər qaçan tərəfdir, qadın yığan tərəf. Xəyanət o vaxt başlayır ki, səninlə münasibətdə soyuqluq, sevgi limiti yaranır. Mən belə bir ailədə yaşaya bilmərəm.

- Sizin ailə quracağınız kişi hansı xarakterdə olmalıdır?

Bu məqamda redaktorumuz Tural İsmayılov kənardan “onun sevgilisi var artıq” deyə söhbətimizə müdaxilə edir.

- Lap yaxşı... sevdiyinin xarakterindən bəhs edər.

- Mənimlə müqayisədə o hər zaman üstün olmalıdır. Sərt olmalıdır. Kişilər var ki, qadın nə deyir o olur. Görsəm ki, kişi məndən çəkinir, artıq məndə soyuqluq yaranar.

- Amma siz sərbəst insansınız. Sizi sıxan olsa, necə yaşayarsınız?

- Məsələ sıxışdırmaqda deyil. Məsələ onun xarakterinin müəyyən məqamlarda görünməsidir. Təbii ki, bunu gördüyüm üçün o insanı sevdim. O özü də bilir yaradıcı insanam. Yaradıcı insanın ruhunu heç vaxt sıxmaq olmaz. Nə qədər çox sıxarsansa, o qədər çox itirərsən? Bunları bildiyi üçün sıxmır məni. Nə geyimdə, nə dostlarla münasibətdə, nə də düşüncələrimdə. Ona görə gözləyib, 29 yaşında sevmişəm.

- O da sizin kimi yaradıcı insandı?

- Yox, tamam başqa insandı. Yaradici deyil, biznesmendir.

- Niyə yaradıcı insan seçməmisiniz, sizinlə uzlaşsın?

- Mən yaradıcı insanların sevgisinə inanmıram. Düşünürəm ki, hərdəmxəyaldılar. Məsələn, bu gün səni sevirlərsə, müəyyən zamandan sonra sevgiləri tükənəcək, dəyişəcək. Bunu xüsusilə kişi tayfasına aid edirəm. Yaradıcı kişilər diqqətsiz, məsuliyyətsiz olurlar. Bəlkə də yaradıcılığın da rolu var. Ruh adamıdırlar. Belə bir söz var, “mən şairi sevib, bankirlə evləndim” (Gülür). Bu cümləni oxuyanda çox xoşuma gəlmişdi. Qadının iç dünyasını açıb. Qadınlar ola bilər ki, yaradıcı insanı sevsin, ancaq onunla evlənmək istəməyəcək. Çünki yaradıcı insan ailəsinə istədiyi diqqəti, qayğını verməyəcək. Bir gün oturacaq, kitablarını tökəcək, deyəcək mənə toxunmayın, öz işimlə məşğulam. Ancaq qadın o deyil. Diqqət, qayğı, sevgi, hədiyyə istəyəcək.

- Adətən yaradıcı xanımlar özünə baxımlı olmurlar. Bəs siz necə?

- Hə mən də özümə baxımlı deyiləm. Heç nə etmirəm, bircə burnumu kəsdirmişəm. İndi ikinci dəfə də əməliyyat etdirməyi düşünürəm.

- Niyə?

- Çünki istədiyim kimi alınmayıb. Həkim burnumu bərbad günə qoyub. Burnumdan başqa nə dodağıma, nə saçıma, nə üzümə heç nə etməmişəm. Həm də bunu baxımsızlıq kimi qəbul etmirəm. Fikirləşirəm ki, hələ o yaş deyil. Bəlkə 35 yaşdan sonra edərəm. İstəyirəm dərim təbii qalsın. Eşitmişəm qadınlar üzlərini qızıl sapla dartırlar. Mən istəmirəm.

- Bəs üzünüzə nə maskaları edirsiniz?

- Makiyajdan başqa heç nə. Efir makiyajları o qədər ağır olur. O qədər yoruluram ki, axşamlar makiyajımı silməyə bəzən tənbəllik edirəm.

- Gündəmdə olan aparıcıların siqaret, içki kimi ziyanlı vərdişləri olur. Həm onlar bir növ bu vərdişdən sanki qürur duyurlar. Bəs siz?

- Bəli,doğru deyirsiniz, gündəmdə olan insanlar. Bu vərdişlər ziyanlı olsa da, onu göstərgə üçün edirlər. Aparıcı, ya da aktrisa bir siqaret çıxarıb çəkir. Həmin adamın yanında mənəvi tərəfdən zəif adam varsa, o da avtomatik siqaret çəkməyə başlayacaq.Siqaretin qoxusundan nifrət edirəm. Siqaret qəti olaraq olmaz. Və düşünürəm ki, siqaret insan orqanizminə çox ziyanlı təsir edir. İçki məsələsinə gəlincə, küpünə girməmək şərti ilə içərəm. Bir də görürəm yazı yazmaq istəyirəm, daxili aləmimdə bir qarışıqlıq var. O da elə bil daxildə sözlərin fırtınası cövlan edir. Hə, onda bir bakal çaxır içmişəm və oturub yazını yazmışam. Və düşünmürəm ki, burda böyük bir tərbiyəsizlik var. “Qız nədi, içki nədi” fikrini qəbul etmirəm. Təbii, ifrata varmayaq. Çünki ifrat həmişə ziyanlıdır.

- Bəs aparıcı kimi çəkinizə nəzarət edirsinizmi?

- Bəli, edirəm. Sonuncu dəfə çəkim 54 idi. Yaya doğru getdiyimiz üçün nəzarəti itirmişəm. Kilom artıb.

- İndi nə edəcəksiniz çəkinizi azaltmaq üçün?

- Bir ara idmana gedirdim. Getsin o günlər, gəlməsin (Gülür). Pəhriz də saxlayırdım. Ancaq o qədər çox kilo alan adam deyiləm. Çalışıram xəmir xörəkləri yeməyim. Belə bir diet saxlayırdım. Səhərlər iki yumurtanı qaynadıb ağını yeyirdim. Yanında çoban salatı. Günortaya duzsuz, yağsız, qaynadılmış qarabaşaq və toyuğun döş ətini yeyirdim. Bu dieti 2 ay etdim, 63 kilodan 54-də düşdüm.

- Hiss edirəm, emossional insansınız. Əsəb, stress çəkərkən özünüzü necə sakitləşdirirsiniz?

- (Gülür) Stressi, əsəbi yaşadımsa, vəssalam. Əslində nə etməli idim ki, yaşamayım. Ancaq sonra qlobal müstəvidən yanaşıram. Fikirləşirəm ki, bizim planetimiz bu boyda kainatda nöqtə deyilsə, mənim problemim o nöqtənin yanında zərrə deyil. Fikirləşirəm, bax nə əhəmiyyəti var ki, mən bu qədər stress yaşayıram. Məsələn, mentalitetə görə, qıza cürbəcür xonçalar gəlmədi. Nədi, nədi qonşular ağız dolusu danışacaq. Ancaq gəlməsə, onun stressini yaşayacaqsan. Bunlar xanım üçün də, kişi üçün də stressdir. Nəzərə alsaq ki, gəlirlərimiz o qədər böyük deyil və bütün bunlar lazımsız borc-xərcdir. O kreditin içində boğulan insanların günahı özlərindədir. Bu şeyləri ailə qurandan sonra da yavaş-yavaş almaq olar. Belə baxanda, adamın valideynə yazığı gəlir.

- Depressiyaya düşdüyünüz hallar olubmu?

- Əvvəllər olurdu, indi yox.Düşünürəm ki, insan özünü depressiyaya sürükləyir. Yaradıcı insanlarda bu daha çox olur. Sonralar Avropa-Amerika ədəbiyyatını oxuyanda onların həyatına baxırdım, bütün günü səyahətlərdə. Bizimkilər isə özlərini qaramata salıblar. Xüsusilə bəzi özümü qaramata sürükləyən gənc yazarlardan uzaqlaşdırdım. Xoşbəxt həyata çıxdım. Bədbin notlrdan özümü uzaqlaşdırdım. Yazıçı olmaq üçün o həyat önəmli deyil.

- Aktrisa kimi hansısa filmə dəvət almaq istəyərdinizmi?

- İstəməyinə istəyərdim (Gülür). Ancaq gərək dəvət edən olsun. Bir dəfə olmuşdu, işimlə uyğunlaşmadı. Film Naxçıvanda çəkilirdi. İşimi sevirəm, mütləq işimlə uyğun olmalıdır.

- Olubmu oxuduğunuz əsərin qəhrəmanını o qədər sevəsiniz ki, həmin obrazı rolda ifa etmək istəyəsiniz?

- Həqiqətən də uşaqlıqdan insan hansısa bir peşəyə köklənir. Uşaq vaxtı televiziyaya baxanda, əlimdə qələm və dəftər olardı. Heç fikirləşməzdim ki, jurnalist, yazıçı olacam. Sonra pyes oxuyanda, bir obraz seçirdim və onu canlandırırdım. Halbuki aktrisa olmadım. Ancaq bu sahə xoşuma gəlirdi. Aktrisa olmasam da, gözümün qurdunu öldürdüm, aparıcı oldum.

- Gələcəkdə hansısa erotik filmə təklif gələrsə, çəkilərsiniz?

- Niyə görə erotik film? Gündəm olmaq üçünmü? Xeyr, çəkilməzdim. Ancaq peşəkar aktrisa olsaydım, rol fərqi olmazdı. Mənimlə də ailə quran insan biləcəkdi ki, aktrisayam. İndi aktrisalar deyirlər ki, yox, biz erotik filmə çəkilmərik, cəmiyyət nə deyər. Cəmiyyətin fikri önəmlidirsə, niyə bu sahədəsən? Mən aktrisa olsaydım, açıq-saçıq səhnəyə də, filmə də çəkilərdim. Özümə qadağa qoymazdım.

- Bəs aparıcı kimi özünüzə qadağalar qoymusunuzmu?

- Xeyr. Heç bir qadağa qoymamışam. Rəhbərliyin qoyduğu çərçivədən çıxmamaq şərti ilə. Təbii ki, etik sədləri də aşmamağa çalışıram hər zaman.

- Bizim müsahibə vasitəsilə kimə sözünüz var?

- Həmkərlarıma demək istəyirəm ki, “şou-şou” deyib insanları bataqlığa itələməyin. Çünki insanlar televiziyadan küsməməlidirlər, internetə köklənməməlidirlər. İnsanlar TV-də iyrənc şouları görüb kanalı dəyişmək istəyir. Buna görə düşünürəm ki, həmkarlarımın burda böyük rolu var. Hər şey şou, axmaq intiriqalar, yalançı ekstrasenslər üzərində qurulmamalıdır.

Tahirə Əlirzayeva \\ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR