“Azərbaycanın təşəbbüsülə meydana gələn istənilən layihə həyatda öz təsdiqini tapır”

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində Azərbaycanın təşəbbüskarı olduğu daha bir mühüm layihənin - TANAP layihəsinin rəsmi açılış mərasimi keçirilib.

Metbuat.az-ın məlumatına görə, Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, TANAP Türkiyə və Azərbaycanın növbəti zəfəridir: “Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz bizim birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bu qədər bir-birini dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, həm bölgəmiz üçün, həm də Avrasiya üçün önəmli faktordur. TANAP-ın istismara verilməsi də Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP tarixi layihədir”.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin bel sümüyü olan və enerjinin "İpək yolu" adlandırılan TANAP-ın açılışı gerçəkləşdirilir: “Bu nəhəng layihənin planlaşdırılan tarixdən əvvəl həyata keçirilməsində əməyi olanları təbrik edirəm. Layihənin gerçəkləşməsi Türkiyə və Azərbaycan arasında qarşılığı etimada söykənən əlaqələr sayəsində mümkün olub”.

Türkiyənin energetika naziri Berat Albayrak isə Transanadolu boru kəmərinin (TANAP) yüzilliyin ən mühüm layihəsi olduğunu vurğulayıb. Nazir qeyd edib ki, TANAP, həmçinin regionda sülh və sabitlik layihəsidir: "TANAP Azərbaycan və Türkiyə əməkdaşlığının əyani təzahürüdür". Türkiyəli nazirin sözlərinə görə, Transanadolu boru kəməri Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

Tədbirdə iştirak edən Serbiya prezidenti Aleksandr Vuçiç TANAP-ın digər bölgələrin də enerji təhlükəsizliyinə töhfə verəcəyinə inandığını bildirib. O bildirib ki, bu layihə ilə Cənub-Şərqi Avropada vacib addım atılıb: "Avropanın bu sahəsində enerji təhlükəsizliyini qarantiya altına alırıq. Bütün bunlar işbirliyimizə töhfə verəcək. Serbiya bu kimi layihələrə qatılmağa böyük maraq göstərən ölkədir. Enerji axınının davamlılığı tək Serbiya deyil, bu bölgənin enerji təhlükəsizliyi baxımından çox önəmlidir” .

TANAP layihəsinin dövlətlərarası münasibətlərdəki əhəmiyyəti barədə Metbuat.az-a açıqlama verən millət vəkili, politoloq Elman Nəsirov bildirib ki, Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində növbəti həlledici addımlardan biri də atıldı: “Bütün dünya növbəti dəfə ona şahidlik etdi ki, Azərbaycanın təşəbbüsülə meydana gələn istənilən layihə həyatda öz təsdiqini tapır. Biz bunu həm Bakı-Tbilisi-Ceyhan, həm Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrilə, həm də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salınması ilə həyata keçirmişik. İndi isə Avropanın meqalayihəsi sayılan və dəyəri 40 milyard dollar olan, 3500 km-lik məsafəni əhatə edən nəhəng layihənin işə salınması istiqamətində əhəmiyyətli addım atıldı. 2019-2020-ci ildən TAP kəmərinin də işə düşəcəyi artıq heç kimdə şübhə doğurmur. Beləliklə sözün həqiqi mənasında Azərbaycan dünyanın enerji xəritəsini dəyişə biləcək növbəti addımları da atmaqdadır.

İlk növbətə Azərbaycan prezidenti İlham Əliyevin sözlərilə desək, bu layihə enerji təhlükəsizliyi, azad rəqabət, enerjinin şaxələndirilməsi layihəsidir. Bu layihə ona görə müvəffəqiyyətlə icra olunur ki, burada heç bir halda enerji siyasətin əlində alət deyil. Bu ən vacib məsələdir və bunu Azərbaycan bacardı. Bu layihənin reallaşması bütün iştirakçı tərəflər üçün uduş vəziyyətindədir. Söhbət Cənub Qaz Dəhlizinin iştirakçısı olan Azərbaycandan, Türkiyədən, Gürcüstandan, Yunanıstan, Bolqarıstandan, Albaniyadan və İtaliyadan gedir. Eyni zamanda, bildiyiniz kimi Balkanlardan Bosniya-Herseqovina, Monteneqro və Xorvatiya dövlətləri də müvafiq memorandum imzalayıb və bu layihənin potensial iştirakçılarıdır. Eyni zamanda Cənub Qaz Dəhlizilə bağlı Məşvərət Şurasının 4-cü toplantısında məlum oldu ki, Türkmənistan və Rumıniya da iştirakda kifayət qədər maraqlıdır.

Azərbaycanın təşəbbüsü ilə reallaşan bu layihə çox ciddi əməkdaşlıq mühiti formalaşdırıb. Bu əməkdaşlıq sayəsində bu layihə reallaşır. Azərbaycan prezidenti İlham Əliyev də mayın 29-da Cənub Qaz Dəhlizinin rəsmi açılışında qeyd etmişdi ki, bu prosesi Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı da çox ciddi dəstəkləyir, Türkiyə və Gürcüstanla çox sıx əməkdaşlığımız formalaşır. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bu layihə sözün həqiqi mənasında bir əməkdaşlıq mühiti formalaşdırır ki, bundan da bütün tərəflər uduşlu vəziyyətdədir, həm istehsalçı Azərbaycan, həm iştirakçı ölkələr, həm də istehlakçı dövlətlər.


Bu gün Azərbaycanla Türkiyənin münasibətləri də zirvə nöqtəsindədir. Həqiqətən də bu gün dünya dövlətləri arasında etimadsızlıq mühiti var. Dövlətlərarası münasibətlər necə olmalıdır sualına hesab edirəm ki, Azərbaycan-Türkiyə münasibətləri bir nümunə və ən gözəl cavabdır. Azərbaycan prezidenti İlham Əliyev də TANAP-ın açılışında çıxış edib və bu çıxışda da bir daha bəlli oldu ki, həqiqətən də Azərbaycan bu gün enerji təhlükəsizliyi məsələlərinə çox böyük töhfə verir. Azərbaycanın enerji təhlükəsizliyi məsələlərinə töhfəsi indi artıq təkcə regional deyil, həm də qlobal məzmun kəsb etməkdədir”.

Qeyd edək ki, cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər.

Günay Elşadqızı / METBUAT.AZ

“TANAP-ın Azərbaycan üçün siyasi və iqtisadi əhəmiyyəti böyükdür” – Millət vəkillərindən açıqlama



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR