Saqqız çeynəyən, siqaret çəkən polis görsəniz...

Saqqız çeynəyən, siqaret çəkən polis görsəniz...
13:47 12 Yanvar 2015
174 Sosial
Ölkə mətbuatı
A- A+

Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirən yol polisinin xidmətinin əhəmiyyəti əvəzsizdir. Lakin onların arasında bəzən vətəndaşlarda ikrah hissi doğuran, xoşagəlməz hərəkətlərə yol verənlər də olur.

Bununla bağlı Trend-ə müraciət edən oxucular qeyd edirlər ki, onlar dəfələrlə yol polisi əməkdaşlarının xidməti dövrdə nümayişkaranə şəkildə siqaret çəkmələrinin, vətəndaşla ünsiyyətdə olarkən saqqız çeynəmələrinin və digər xoşagəlməz hallara yol verdiklərinin şahidi olublar. Bununla bağlı vətəndaşlar onlara xəbərdarlıq etdikdə bəziləri səhvlərini düzəltsələr də, elələri də olur ki, buna qətiyyən əhəmiyyət vermir və bildiyi kimi hərəkət edirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, yol polisi əməkdaşları vətəndaşlarda hər hansı ikrah hissi yaradan hərəkətlərə qətiyyən yol verməməlidirlər: “Hər səhər xidmətdən əvvəl keçirilən təlimatlar zamanı mütəmadi olaraq yol polisi əməkdaşlarına izah edilir ki, vətəndaşlarla ünsiyyətdə olarkən saqqız çeynəməməli, siqaret çəkməməli və qarşısındakı şəxsdə ikrah hissi yaradan digər hərəkətlərə yol verməməlidirlər”.

Şöbə rəisinin sözlərinə görə, bu məsələ “Yol-patrul xidməti haqqında təlimat”da da yer alıb: “Yol-patrul xidməti haqqında təlimat”ın 3.4.2.6-cı maddəsinə əsasən, Müfəttiş tərəfindən xidmət zamanı post və marşrutlarda, keşik avtomobilində vətəndaşlarda ikrah hissi yaradan hərəkətlərə (iddia qəbul etmək, saqqız çeynəmək və s.) yol verilməsi qadağandır”.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov isə qeyd edib ki, hər hansı neqativ hallara yol verən polis əməkdaşları barəsində ölçü götürülür: “Hazırda bütün texniki vasitələrdən istifadə edilərək yol polisinin əməkdaşlarının fəaliyyətinə nəzarət edilir. Məsələn, İdarənin Hərəkətin təşkili şöbəsinin əməkdaşları gün ərzində ərazidə olur və xidmət aparan yol polisi əməkdaşlarına kənardan nəzarət edir. Kimin geyim forması qaydasında deyilsə, kim davranışı zamanı etik normaları və qanunu pozursa, onları qeydə alır. Bundan başqa, paytaxtdakı müşahidə kameraları vasitəsilə onların işinə nəzarət olunur. Neqativ hallara yol verən polis əməkdaşları barəsində ölçü götürülür”.

Bölmə rəisi qeyd edib ki, 2014-cü il ərzində xidmət zamanı neqativ hallara yol verən bir neçə yol polisi əməkdaşı barəsində ciddi ölçü götürülüb: “Bəzi əməkdaşlara qarşı inzibati cəza tədbirləri görülüb, bəziləri tutduğu vəzifədən azad edilib, bir neçə nəfər isə daxili işlər orqanlarından xaric edilib. Biz hərbçiyik. Biz 24 saat ərzində, hətta evimizdə olanda belə hərəkətlərimizə cavabdeh olmalıyıq”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR