Xəbər verdiyimiz kimi, Türkiyənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğan və onun sədri olduğu hakim Ədalət və İnkişaf Partiyası (AKP) ötən gün keçirilən növbədənkənar prezident və parlament seçkilərində qələbə qazanıb.
Metbuat.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, Türkiyənin Ali Seçki Komissiyasının (ASK) sədri Sədi Güvən bildirib ki, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib. Seçicilərin 52.6 faizi AKP-nin namizədi Ərdoğana, 30%-i isə CHP-nin namizədi Məhərrəm İncəyə səs verib.
Parlament seçkilərinə keçirilən səsvermədə Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyasının birləşdiyi Cümhuriyyət İttifaqı birinci yeri qazanıb. Parlamentdəki 600 mandatın 293-nü AKP, 146 mandatı Cümhuriyyət Xalq Partiyasının, 67 Xalqların Demokratik Partiyasının (HDP), 49 Millətçi Hərəkat Partiyasının, 45 mandat isə İYİ Partiya qazanıb.
Dövlət İdarəçilik Akademiyasının politoloqu Zaur Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, Türkiyədəki seçkilər Azərbaycan üçün çox önəmlidir: “Təsadüfi deyil ki, Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən məhz Azərbaycanın dövlət başçısı İlham Əliyev olub. Güclü Türkiyə güclü Azərbaycan deməkdir. AKP MHP ilə birlikdə parlamentdə çoxluğa sahib oldu. Bu isə Ərdoğan üçün olduqca önəmlidir. Seçkilərlə bağlı MHP-ni də təbrik etmək olar”.
Politoloq deyir ki, son bir ildə milliyətçilərin bölgələrdə hakimiyyətə gəlmələrinin şahidiyik: “Ərdoğanın hakimiyyəti altında bugünkü Türkiyə bundan əvvəlki Türkiyədən daha təhlükəsiz və daha sabitdir. Xatırlayırsınızsa, Türkiyə ilə İraq və Türkiyə ilə Suriya sərhəi PKK terror birləşmələrilə əhatələnmişdi. Ərdoğanın həyata keçirdiyi uğurlu “Fərat Qalxanı”, “Zeytun Budağı”, “Mənbiç” əməliyyatları Türkiyə ilə terrorçular arasında buffer zonanın yaradılmasına gətirib çıxardı”.
Politoloqun sözlərinə görə, Ankara ilə Vaşinqton arasında seçkilərdən əvvəlki anlaşma olduqca vacib idi: “Beləliklə Türkiyə siyasi və hərbi əlaqələrdə ABŞ və Rusiya ilə uğurlu manevr edərək istəklərinə çatmış oldu. Qardaş Türkiyə xalqına uğurlar arzu edirik”.
Qeyd edək ki, Ərdoğan növbədənkənar prezident və parlament seçkilərinədə qələbə münasibəti ilə sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradakı Mərkəzi Qərargahında partiyadaşlarına və tərəfdarlarına xitab edib. İstanbuldan Ankaraya təyyarə ilə gələn Ərdoğan əhali tərəfindən böyük sevgi ilə qarşılanıb. Seçkilərin azad, ədalətli və şəffaf təşkil olunduğunu deyən Ərdoğan bildirib ki, ölkədəki seçki fəallığı Türkiyə xalqının öz hüquqlarına və müstəqilliyinə verdiyi dəyərdir. Ərdoğan qələbəyə görə bütün partiyadaşlarına, eləcə də Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçalı başda olmaqla bütün MHP mənsublarına minnətdarlıq edib və qarşıda duran vəzifələrdən danışıb. Onun sözlərinə görə, seçkinin qalibi demokratiyadır, milli iradədir: "Bu seçkinin qalibi 81 milyon vətəndaşımızın hər biridir. Türk siyasi tarixinin ən çox seçici iştirakı ilə baş tutan seçikidə iştirak edən hər bir vətəndaşımıza təşəkkür edirəm. Siz tarix yazırsınız. Əsrlər sizi çox fərqli yazacaq. Xalq yüksək seçki fəallığı ilə bütün dünyaya demokratiya dərsi verdi. Millətimizin seçki qutusunda partiyamıza verdiyi mesajı qəbul etdik. Millətimizin qarşısına bütün çatışmazlıqlarımızı aradan qaldıraraq çıxacağımıza əmin olun".
Günay Elşadqızı / METBUAT.AZ