ABŞ Xarici İşlər Nazirliyi Donald Trampın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett McGurkın Mərakeşdə keçirilən İŞİD-ə qarşı Koalisiya Direktorlarının iclasında Türkiyə ilə bağlı açıqlaması barədə yazılı açıqlama yayıb.

Metbuat.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, McGurk İŞİD-ə qarşı Koalisiyanın son fəaliyyətləri barədə ətraflı məlumat verib. O, ABŞ-la Türkiyə arasında Suriyadakı iş birliyinin son dövrdə müsbət istiqamətdə inkişaf etdiyini bildirib:

“NATO müttəfiqimiz və İŞİD Əleyhinə Koalisiyadakı tərəfdaşımız Türkiyə ilə birgə bölgədə və xüsusilə Mənbiç ətrafında gərginliyi azaltmaq üçün həyata keçirdiyimiz işlər təqdirəlayiqdir. Türkiyə ilə birgə Mənbiçdə bir yol xəritəsi çəkdik. Onlarla müzakirələrimiz çox məhsuldar oldu. Bunun davam etməsini gözləyirik. Bu iş birliyi üçün minnətdarıq”.

İŞİD-lə mübarizənin son ana qədər davam edəcəyini qeyd edən McGurk, Suriya və İraqda sona qalan İŞİD nöqtələrinin də təmizlənməsi üçün bölgədəki tərəfdaşları ilə işləri davam etdirəcəklərini vurğulayıb.

Qeyd edək ki, Koalisiyanın yüksək vəzifəli şəxslərini bir araya gətirən sonuncu görüş fevral ayında Küveytdə keçirilib.

Günay Elşadqızı / METBUAT.AZ