Bu gün vətən üçün canını fəda edən, Qarabağ müharibəsinin şəhidi olan 3 Milli Qəhrəmanımızın ad günüdür.
Metbuat.az-ın məlumatına görə, Milli Qəhrəmanlarımız Yavər Əliyev, Malik Əsədov və Ruslan Muradov 27 iyunda doğulublar.
Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi olan Yavər Əliyev 27 iyun 1956-ci ildə Bakı şəhərində anadan olub. Pirallahı adasında 235 №-li tam orta məktəbi bitirbikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olan Yavər Əliyev Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranmasında böyük işlər görüb.
Yavər Əliyev bir neçə dəfə Qarabağa Mİ-24 vertolyutunda uçuşlar etmişdi. Aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirirdi. Bu uçuşlar zamanı ermənilər çoxlu itkilər verirdi. 1992-ci il 29 fevral tarixində Yavərin sonuncu uçuşu oldu.

Yavər Əliyev ailəli idi, iki övladı atasının peşə yolunu davam etdirir. Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Əliyev Yavər Yaqub oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı "adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edil dəfn edilən Yavər Əliyevin adı Pirallahı adasında oxuduğu 235 №-li tam orta məktəbə verilib. Milli Aviasiya Akademiyası da onun adını daşıyır.
Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Malik Əsədov 27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulub. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra orduya çağırılıb. Hərbi xidməti Qazaxıstanda başa vursa da Qarabağ müharibəsinin başlanğıcında Xocalı, Əsgəran, Ağdam, Şuşada döyüşüb. 1992-ci il 18 yanvarda ermənilər Şuşanın Nəbilər kəndinə hər tərəfdən hücuma keçmişdi. Bu hücumda erməni faşistləri Maliki qəddarlıqla qətlə yetirdilər.

Qeyd edək ki, Malik Əsədov ailəli idi. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Yevlax rayonunun Havarlı kəndində dəfn edilən Malik Əsədovun adı təhsil aldığı Havarlı kənd orta məktəbinə verilib. Həmin məktəbdə və Mingəçevir şəhərində işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulub.
Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Ruslan Muradov isə 27 iyun 1973-cü ildə Mingəçevir şəhərində doğulub. 1990-cı ildə burada 10 saylı məktəbi bitirib. Ruslan 1992-ci il 22 yanvar tarixdə Milli Ordu sıralarına daxil olur. Bir müddət hazırlıq keçdikdən sonra Ağdamın Papravənd kəndinə göndərilir. Papravənd kəndinə gəldiyi gündən burada qızğın döyüşə girir. Kənd erməni işğalçılarından azad edilir. 1992-ci ildə Azərbaycana məxsus təyyarələrdən biri düşmən əlində olan əraziyə düşmüşdü. Yaralıları xilas etmək üçün aparılan əməliyyat nəticə verdi, bu əməliyyatda Ruslan xüsusilə fərqlənmişdi.

Ruslan Muradov 1992-ci il 22 avqust Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Muradov Ruslan Həmid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilən Ruslan Muradovun adı Mingəçevir şəhərindəki 15 saylı məktəbə verilib və orada büstü qoyulub.
“Bugünkü hərbi parad düşmənlərimizə mesaj idi” - AÇIQLAMALAR