Publika.az-ın müsahibi ölkəmizi dünyada ən çox təmsil edən vokalçılardan olan İlham Nəzərovdur.
- İlham bəy, necə düşünürsünüz, peşəniz gəlirli sahədir?

- Bizim sahəmizdən maddiyatdan çox daxili zənginlik önəm daşıyır.
- Axı inkişaf etmiş ölkələrdə opera sahəsinə daha çox önəm verilir...
- Deməzdim... Son zamanlar elə Avropanın, Amerikanın özündəki iqtisadi böhran da klassik musiqiyə ayrılan maddi vəsaitə limit qoyur. Həmişəki kimi pop musiqisi öndədir. Çünki insan alışdığı, dadına bələd olduğu yeməyi yemək istəyir. Yeni, fərqli dad üçün pul xərcləməkdən çəkinirlər.
- Məncə, təqdimatdan da çox şey asılıdır. İstənilən xörəyi daha gözəl bəzəyib, süfrəyə verə bilərik.
- Mən həmişə deyirəm ki, bilirsiniz insanlar opera tamaşalarına niyə gəlmir? Çünki biz opera ifaçıları musiqinin sözlərini aydın tələffüz edə bilmirik. Gələn ancaq müxtəlif səslər eşidir. Biz obrazımızı yaratmırıq, personajın hisslərini yaşamırıq. Ancaq oxumağı düşünürük.
- Mənə elə gəlir ki, bu hal bizdə daha çoxdur. Çünki opera musiqisinin vətənində doğulmamışıq.
- Azərbaycan istedadların, musiqinin vətənidir. Sadəcə bizim xəzinəmiz var, istifadə edə bilmirik. Öz üzərimizdə çalışmırıq. Bir obrazı yaratmaq üçün ən azı onun danışdığı dili öyrənmək istəmirik. Məsələn, götürək Şekspirin “Yay gecəsinin yuxusu” komediyasındakı Oberon obrazını... Bu obrazı araşdırmadan canlandırmaq mümkün deyil. Oberon kim idi? Ona bu istedad necə verilmişdi? İnsanları necə sehirləyirdi? Bəs bu cür qüdrətli sehrbaz öz arvadının sevgisini niyə qazana bilmədi? Bütün bunları bilmədən, Oberonu böyük səhnədə canlandırmaq olmaz.
- Sizcə, səbəb maliyyə dəstəyinin kasadlığıdır?
- Xeyr, razı deyiləm. Pul çox şeyi həll edir, amma hər şeyi deyil.
- İlham bəy, obrazların dilindən danışdıq. Məncə, bu aktual mövzudur. Həqiqətən opera dinləyərkən bəzən ifaçıların nə oxuduğunu anlamaq olmur. Bununla bağlı tədris aparılırmı?
- Əlbəttə, aparılır. Konservatoriyada da nitq qabiliyyəti fənni tədris olunur, müəllimlər də əllərindən gələni əsirgəmir. Hətta mən İtaliyada təhsil alanda da danışıq qabiliyyətindən dərs alırdım. Bilirsiniz, tutaq ki, valideyniniz sizə tövsiyə verir. Deyir, qızım, bunu belə elə, burada belə davran. Müəllimlər də beləcə bir müddət deyirlər, nə götürdünüzsə, götürdünüz.
- Mən bunu anlayıram. Amma istənilən xarici dildə yeni söz öyrənəndə ən azı internetdə onun tələffüzünü dinləyirəm. Opera ifaçısının üzərində isə bütöv mətnin məsuliyyəti düşür. Onu necə gəldi oxumaq olmaz axı...
- Çünki siz məsuliyyətlisiniz. Vokalçı bilsə ki, zalda əyləşənlər arasında onun ifa tərzini, performansını dəyərləndirən mütəxəssislər var və bir yanlışla bütün karyerası məhv ola bilər, daha məsuliyyətli yanaşar. Öyrənər, daha gözəl ifa edər. Belə deyək, “zopa” lazımdır.
- O "zopa" haradan gəlməlidir?
- Tənqidçilər olmalıdır. Varmı bizdə tənqidçilər? Yoxdur. Opera tamaşalarından, konsertlərdən hansı tənqidçi məqalə yazır? Çox nadir hallarda.
- Bəs Sovet dövründə opera tənqidçiləri olubmu ölkəmizdə?
- Yox, düşünmürəm.
- Bu yaxınlarda məşhur dirijor Cavad Tağızadə Publika.az-a müsahibəsində çox maraqlı ifadə işlətdi. Dedi, mən Rusiyada olanda şahidi oldum ki, yaşlı qadın bəlkə də təqaüdünün böyük hissəsinə opera tamaşasına bilet alıb, azyaşlı nəvəsini də özü ilə gətirir. Bəs bizdə niyə klassik musiqiyə bu sevgi yoxdur?
- Məsələn, mən bilsəm ki, şokoladı yesəm, ruhum daha çox qidalanacaq, qəndlə kifayətlənməyəcəm. O şokolada da gəlib çatmaq lazımdır axı.

- Belə çıxır ki, məsələnin kökü mütaliəsizliyimizdə durur. Çünki insanın dünyagörüşü artdıqca, musiqi zövqü də dəyişir.
- "Savadsızlıq" deyə bilərik. Opera intellekt tələb edən janrdır. Operaya getdiyiniz zaman emosional zövq alırsınız, ifaçının obrazını duyursunuz. O nənə də bu zövqə bələddir, gedib pulunu restoranda yeməyə vermək əvəzinə, özünə və şəxsiyyəti inkişaf edən nəvəsinə mənəvi qidanın verdiyi həzzi yaşadır. Əvvəl bizim də evlərin hamısında fortepiano vardı. Göstəriş xatirinə də olsa, var idi. Heç olmasa, uşaq musiqilərini ifa edərdik. Get-gedə bu vərdiş də unudulur.
- Maraqlıdır, möhtəşəm səs tembrindən başqa, hansı qabiliyyətləriniz var?
- Mən İtaliyada oxuyanda növbə ilə tələbələr öz mətbəxlərini tanıdırdılar. Mənim hazırladığım xörəkləri hamı çox sevirdi.
- Nə gözəl. Demək kulinariyaya da marağınız var.
- Ən çətin hazırlanan xörəklərdən tutmuş, asan başa gələninə qədər hamısını bişirirəm.
- Onda gələcək xanımınız çox şanslıdır.
- Mən artıq evliyəm. 3 övladım var. Ailə mövzusunu çox önə çıxarmağı sevmirəm.
- Bəs biz gənc valideyn kimi necə edək ki, övladlarımıza opera musiqisini sevdirək?
- Mənim yəhudi dostum var. Həmişə deyir ki, ata nə etsə də, övlad ananın tərbiyəsini götürəcək. Yəni uşağı şəxsiyyət kimi ana formalaşdırır. Xüsusən də mənim durumum elədir ki, səhər evdən çıxıb, gecə qayıdıram.
- Amma ata da övladı ilə kifayət qədər zaman keçirməlidir.
- Razıyam, ancaq mənim 3 övladım hazırda 1 otaqlı evdə böyüyürlər. Karyeramın ən qaynar vaxtıdır. İndi mənim əsas vəzifəm onlara daha yaxşı həyat sunmaqdır.

- Övladlarınız sizin musiqinizi dinləyirlər.
- Böyük oğlumun 3 yaşı var. Pop musiqisinə meyl edir. Mən oxuyanda qulağını tutur.
- Bəs özünüz uşaq vaxtı sevirdiniz klassikanı?
- Ümumiyyətlə, ordan başlayım ki, mənim nəslimdə musiqiçi yoxdur. Yarısı dindardır, yarısı da həkim. İlk vaxtlar səhnəyə çıxanda atam qrim etməyimə də razı olmurdu. Mən Bülbül adına orta ixtisas məktəbində Ağaxan Abdullayevin sinfində oxuyurdum. Sonra səs tembrim dəyişdi. Caz oxumağa başladım. Elnur Hüseynovla ikimiz ifa edirdik. Məktəbdə xahiş etdim ki, məni vokal sinfinə keçirsinlər. Vokal dərsləri almağa başladım. Tədricən rusca, ingiliscə də öyrəndim. Ardınca Konservatoriyada bakalavr və magistr pilləsini bitirdim. Nəhayət dövlətimizin dəstəyilə 4 ilə yaxın İtaliyada da musiqi təhsili aldım.
- Adətən xaricdə təhsil alıb, geri dönən gənclərimiz deyir ki, nə qazandımsa, orada qazandım. Sizdəmi ölkəmizdəki musiqi təhsilinizi qatlayıb, bir küncə qoydunuz?
- Əsla. Bu çox yanlış fikirdir. Sənət yolumuzdan, həyatımızdan keçən hər bir ustad, hətta təsadüfi insanlar belə bizə uğur qazandırır, xarakterimizi gücləndirir. Şirvandan gəlmiş gənc oğlan birdən-birə İtaliyaya düşsəydi, kifayət qədər uyuşa bilməzdi.
- Klassik musiqinin beşiyində vokal təhsili almaq özü də böyük uğurdur.
- Mən İtaliyada bariton voklaçı kimi təhsil alırdım. Bir gün məşq zamanı gürcüstanlı met soprano səsli xanım ariya oxuyurdu. Birdən içimdə qəribə bir təlatüm oyandı. Dedim, pis oxuyur. Professor məni çağırdı və dedi ki, Nəzərov, sən ondan pis oxusan sabah akademiyadan azad olunacaqsan. Met soprano isə qadın səsidir. Həmin ariyanı oxudum və çox bəyəndilər. Müəllim dedi ki, sən bu səslə dünyada 3 nəfərdən biri ola bilərsən, baritonla isə milyonlardan biri. Düşündüm ki, qadın səsi ilə oxuyan kişi vokalçı olmaqdansa, bariton ifa edim. İlin yekununda gəldim nəticələrimə baxmağa, gördüm hamıdan zəif mənəm. Gözümə inanmadım. Axı çox çalışıram, yenə də müəllim qane olmur. Növbəti il isə akademiyanın direktoru dəyişdi. Artıq zəhmətim dəyərləndirildi. Elə iki ay ərzində qiymətlərim də əla oldu. Beynəlxalq festivallara da qatıldım.
- Bəs birinci direktor niyə sizinlə belə qərəzli davrandı?
- Bir insanı nəyəsə razı salmaq üçün onu inandırmaq lazımdır. Mən ikinci il artıq tam əmin oldum ki, bəli, indi də bu səslə oxumaq istəyirəm. Bilirsiniz əsas insanların sənin haqda nə düşündükləri deyil. Vacib olan odur ki, mən özüm bu an nə istəyirəm. Hətta seçiminizə görə sizi tənqid edənlər də tapılar. Ancaq bilin ki, sizi tənqid edənlər özləri yerinizdə olmaq istərdilər, sadəcə bacarmırlar. Ona görə sizi də gözdən salmağa çalışırlar. Sonra Fransada, Amerikada təşkil olunan beynəlxalq müsabiqələrdə yalnız birinci yerə layiq görüldüm. Hətta festivalların birində met soprano səslə ifa edib, dünya ikincisi oldum.

- İlham bəy, pedoqoji fəaliyyətlə də məşğul olursunuz?
- Bilirsiniz, insan çox güclü vokal ifaçısı ola bilər, amma yaxşı pedaqoq olmaq hər kəsdə alınmır. Amma düşünürəm ki, müəllimlik fəaliyyətimi də məhdudlaşdıracam.
- Niyə?
- Müəllim sanki şamdır. Hər tələbəsinə görə bir az yanıb, məhv olur. Ən pisi odur ki, bəzən sənin bu zəhmətin hədər gedir. Mən özümə də saxlamalıyam axı o enerjimdən.
- Sizin gücünüz boldur. Son vaxtlar operamızı xaricdə ən çox təmsil edən vokalçısınız.
- Bir neçə ay öncə İngiltərədə dünya opera musiqiçilərinin reytinq cədvəli çıxdı. Təəssüf ki, Azərbaycan bir az son cərgədədir. Əsas şərt vokalçının çıxış etdiyi ölkələrin sayı idi. Ölkəmizdən ilk yerdə dünya şöhrətli Yusif Eyvazovdur. İkinci yerdə isə mənim adım gedir.
- Xarici səfərlərinizdə yəqin ki, oralarda yaşayıb, çalışmaq təklifləri alırsınız?
- Bir müddət əvvəl İtaliyadan mənə iş, hətta vətəndaşlıq təklifi gəldi. İmtina etdim. Almaniyadan 4 dəfə məktub şəklində dəvətnamə gəlib. "Yox" demişəm. Hətta İngiltərənin məşhur Royal Music Academi tədris mərkəzindən təklif gəldi. Onu da həyat yoldaşımın ricası isə rədd etdim.
- Qəribə və çox maraqlıdır. Niyə?
- Çünki mən çoxdan və yoxdan qorxuram. Hər şeyə öz zəhmətimlə nail olmuşam. İstəsəydim, gedərdim. Heç vaxt da peşman olmadım. Amma bundan sonra gələn təlkifləri geri çevirməyəcəm. İstərdim ki, uşaqlarım yaxşı şəraitdə böyüsünlər. Məşq etməyə ayrıca studiyam olsun. Ancaq həddən artıq maddiyat da yaxşı deyil. Uşaq ona aldığın ən elementar oyuncaqdan, birgə gəzintidən zövq almalıdır. Bir tələbəm vardı. Olduqca imkanlı ailənin övladı idi. Bir dəfə ona oxuduğu musiqinin xarakterini izah edirəm. Dedim, qızım, oxuduğun anda həyatının ən böyük, əlçatmaz arzusunu düşün. Dedi, axı nə arzu edə bilərəm ki, hansı ölkəyə istəsəm, lap elə indi təyyarə ilə uçaram. Nə istəsəm, alaram. Baxın, övladlarımızı bu boşluqdan, bu yoxsulluqdan qorumalıyıq.

- Hər bir sənətçinin ilham pərisi olur. İlham Nəzərovun ilham qaynağı kimdi?
- Özüm.
- Maraqlı, bir o qədər də eqoist cavabdır. Yəqin adınızdan irəli gəlir. Bəs xanımınızdan ilhamlanmırsınız?
- Mən ailəmi quranda artıq karyeram vardı. Ümumiyyətlə, həyatda insan birinci özünü qorumalıdır. Təyyarədə bizə nə deyirlər? Oksigen maskasını birinci özünüz geyinin, sonra uşaqlara yardım edin. Həyatda da belədir. İnsanın öz ruhu, mənəviyyatı, əhvalı nə qədər yaxşı olsa, bunu ailəsinə də ötürəcək. Ata nə qədər gözəl geyinsə, övladları da ona daha çox hörmət qoyacaq, özləri də səliqəli olacaqlar. Özlərinə hörmət qoyaraq böyüyəcəklər. Heç bir doğmamız sonadək bizimlə getməyəcək. Bu dünyaya tək gəlib, tək gedirik. Özümüzü qorumalıyıq.
Leyla Sarabi
Fotolar: Səfiyar Məcnun