Bu ilin 1-31 may tarixində Ermənistan ordusunun 7 əsgəri qeyri-döyüş şəraitində ölüb.
Metbuat.az xəbər verir ki, bu barədə “in.am” saytının yayımladığı statistikada deyilir. Məlumata görə, bu ilin yanvar ayında işğalçı ölkənin ordusu 5 itki verib. Onlardan 4-ü qeyri-döyüş şəraitində qeydə alınıb. Fevralda 2, martda da 2 itki olub. Apreldə atəşkəsi pozan 2 erməni əsgəri məhv edilib. Mayda isə qeyri-döyüş şəraitində 7 erməni əsgər ölüb. Bu statistika ictimaiyyətə məlum olan rəsmi məlumatlardır. Ehtimallara görə, bir çox itkilər gizlədilir. Lakin təkcə rəsmi statistikaya görə, cari ilin 5 ayı ərzində düşmən ordusu 18 itki verib.
Erməni şərhçi Sarqis Artsruni yazır ki, bu, həyəcanlı statistikadı. Onun sözlərinə görə, Ermənistanda ordu ətçəkən funksiyasını yerinə yetirir: “Maraqlıdır ki, 7 itkinin qeydə alındığı may ayında Ermənistanda hakimiyyət dəyişikliyi olub. İtkilərin əksəriyyəti Qarabağda, ön cəbhədə qeydə alınıb. Qeyri-döyüş şəraitində baş verən itkilər əsasən qətl və intiharlar olur. Bu günlərdə orduda general Manvel Qriqoryan tərəfindən mənimsəmə halları ortaya çıxdı. O cümlədən, generallar Mikayel Artünyan və Yuri Xaçaturovun, eləcə də digər yüksək vəzifəli hərbiçilərin də mənimsədikləri haqda məlumatlar yayılır. Lakin bunlar köhnə sistemdən qalmalardır və baş verənlər ordudakı problemlərin başa çatmadığını göstərir”.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Metbuat.az-a açıqlamasında bildirib ki, bunun əsas səbəbi Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisində yerləşməsidir: “Azərbaycan Silahlı Qüvvələrində gedən inkişaf, silah-sursat təminatı, ümumiyyətlə yeni şəhərciklər, sosial məsələlərin həlli, əsgərlərin yaşayış yerlərinin yaxşılaşdırılması, təminatı və s. bütün bunlar qarşı tərəfdə müəyyən bir ruh düşkünlüyünə və inamsızlığa gətirib çıxarır. Azərbaycan Respublikasında 1993-cü ildən bu günə qədər, ümumilli liderin respublikaya qayıdışından sonra olan inam, ruh yüksəkliyi və dövlət başçısına olan dəstək artıq o siyasətin davamçısı olan Azərbaycan prezidenti İlham Əliyevin dövründə də davam edir. Xalq öz liderinə inanır və hər an torpaqlarımızın işğaldan azad edilməsi üçün dövlət başçısını dəstəkləməyə hazırdır. Qarabağ məsələsində hamı bilir ki, haqq Azərbaycan tərəfindəndir.
Qarşı tərəf isə bilir ki, işğalçı qüvvələrin tərkibində məcburi olaraq xidmət etməlidilər. Ermənistanda hərbi xidmətə gedənlərlə getmiyənlər arasında sosial təminatla və digər məsələrlə bağlı ayrı-seçkilik var. İşğalçı qüvvələrin tərkibində xidmət edən əsgər və zabitlər müəyyən imtiyazlara sahib ola bilirlər. Bu da onları işğalçı qüvvələrin içində xidmətini davam etməyə məcbur edir. Əlbəttə, illərlə təmas xəttində düşmən sayılan qüvvə ilə xidmət etmək o qədər də asan deyil. Ermənilər özləri də bilirlər ki, bu məsələ Azərbaycanın haqq işidir, Azərbaycanın torpaqları işğal altındadır və gec-tez öz torpaqlarını azad edəcək. 2016-cı ilin aprel ayında biz bunu göstərdik itkilərimiz olsa belə. Aprel ayından sonra isə Azərbaycan Respublikasının prezidenti dəfələrlə Ermənistanı qeyri-konstruktiv mövqe tutmaqda günahlandıraraq ölkəmizin mövqeyini, mesajını çatdırıb. Bu mesajların hamısı onu göstərdi ki, Azərbaycan gec-tez nəyin bahasına olursa-olsun, hansı yolla olur-olsun, öz torpaqlarını azad edəcək.
Bu fonda keçən təlim məşqləri, döyüş atışlı, iri miqyaslı təlimlər və Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakı və s. barədə Ermənistanın da məlumatı var. Son zamanlar Qarabağ klanının laxtalanması, bu klanda yaranan problemlər davam edir. Küçədən gələn, heç kimin tanımadığı, hansısa böyük dövlət strukturlarında nailiyyəti, təcrübəsi olmayan bir adamın dövlətə başçılıq etməsinə baxmayaraq, hələ də güclü olan Sarkisyan klanının vəzifəliləri daha çox güc nazirliklərində işləyir və təbii ki, güc nazirliklərinin daxilində dəyişikliklərin edilməsi, kadr dəyişikliyi gedir. İnamsızlıq, kadrların dəyişilməsi fonunda Paşinyan bir çox vədlər versə də, xalq görür ki, heç bir sosial məsələ həll olunmayıb, hamısı söz xatirinə deyilib. Təbii ki, təmas xəttində də, orduda da xidmət edən zabit və əsgərlər heç bir nəticə görməyərək müəyyən psixoloji təzyiq göstərirlər. Ermənistan Silahlı Qüvvələrində Azərbaycanın keçirdiyi hərbi paraddan sonrabu cür hallar, xüsusilə də intihar halları daha da çox olacaq. Buna səbəb işğalçı qüvvələrin işğal olunan torpaqlarda xidmət göstərməsidir.
Ermənistan ailəsində balaca vaxtından oğul uşağı doğulanda ailələri qorxu içərisində qalırlar ki, uşaq yetkinlik yaşına çatanda hərbi xidmət üçün Qarabağa düşsə, vəziyyəti necə olacaq? Gələcək əsgər bu mühitdə böyüyür. Sonra da həmin əsgər və ya zabit həmin işğalçı qüvvələrin tərkibində xidmət edəndə təbii ki, psixoloji təzyiqləri daha da çox artır. Azərbaycan övladı isə kiçik yaşlarından əli bayraqlı, hərbi geyimdə Qarabağ eşqilə böyüyür. Artıq kiçik yaşlarından Qarabağ işğalını özünə sığışdıra bilmir. Bu gün çağırışçılarımızı danışdıranda deyir ki, “mən Qarabağın işğaldan azad olunması üçün vuruşmaq istəyirəm”. Əli silahlı əsgəri danışdırırsan deyir ki, Ali Baş Komandanın əmrini gözləyirəm. Bu, qarşı-qarşıya olan əsgərlərin mövqeyidir. Azərbaycan əsgəri bilir ki, haqq işi onun tərəfindədir. Azərbaycan prezidentinin də dediyi kimi, “bu gün Azərbaycan Silahlı Qüvvələri bütün strateji hədəfləri nəzarət altında saxlayır və həmin hədəfləri əldə olunan silah-sursatla darmadağın edə bilər”. Bunu erməni əsgərləri də, zabitləri də, generalları da bilir. Onlar qorxu içərisində yatıb-dururlar. Bu cür təzyiq altında müharibə başlayacağı fikirləri təbii ki, müəyyən psixoloji gərginliklərə gətirib çıxarır. Erməni gəncləri gələcəyi görmürlər. Bilirsiz ki, ordu cəmiyyətin güzgüsüdür. Cəmiyyətdə gedən proseslər, inamsızlıq əlbəttə orduda da əks olunur. Bu yaxınlarda zabitlər və iki kapitan atəş açaraq əsgərləri öldürüblər. Hətta bunu belə qələmə vermək istəyirdilər ki, guya Azərbaycanın xüsusi təyinatlıları və diversiya qrupu gəlib əsgərləri öldürüb çıxıb gediblər. Ancaq alınmadı, bu məsələ üzə çıxdı, indi də istintaq gedir. Ermənistan ordusunda bu cür hallar olub, var və olacaq da. Hətta bizim hərbi paraddan sonra, gücümüzü bir daha görəndən sonra Ermənistanın hərbi hissələrində qeyri-döyüş şəraitində olan itkilərin gələcəkdə daha da çox olması ehtimalı böyükdür”.
Günay Elşadqızı / METBUAT.AZ
“Bugünkü hərbi parad düşmənlərimizə mesaj idi” - AÇIQLAMALAR