ABŞ-ın Merilend ştatındakı Annapolis şəhərində "Capital Gazette" qəzetinin redaksiyasında gülləbaran törətmiş şəxs 38 yaşlı Cerrod Uorren Ramosdur.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, gülləbaran nəticəsində 5 nəfər həlak olub, iki nəfər yaralanıb.

Gülləbaran törətməkdə şübhəli bilinən Ramos tutulub.

Polisdən verilən məlumata görə, Merilend sakini Ramosun adı qəzetdə dərc olunan məqalələrdən birində çəkilib. 2012-ci ildə o, qəzeti böhtanda suçlamış, jurnalistləri məhkəməyə vermişdi.

Daha sonra o, sosial şəbəkələrdə qəzeti sərt tənqid etmişdi. Ramos bir müddət "Capital Gazette"in əməkdaşlarını təqib də etmişdi.

6 il əvvəl "Capital Gazette"də dərc olunmuş məqalədə yazılmışdı ki, Ramos vaxtilə kollecdə eyni sinifdə oxuduğu qadına sataşırmış. O, əvvəlcə sabiq sinif yoldaşı ilə Facebook-da yazışıb, sonra qadını təhqir etməyə başlayıb.

Qadın polisə şikayətlənəndən sonra Ramos ondan əl çəksə də, beş ay sonra yenidən əvvəlki əməllərinə başlayıb.

Sonucda Ramos tutulub, məhkəməsi olub. Ona qarşı irəli sürülmüş ittihamlarla razılaşan Ramos 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Qəzet də bu barədə yazmışdı. Ramos qəzeti məhkəməyə versə də, uduzmuşdu.

Ramos Twitter akkauntunda "Capital Gazette" barədə yüzlərlə mənfi rəy yazmışdı. 2012-ci ilədək qəzetin naşiri olmuşq Tom Markuardtın dediyinə görə, Ramos onun əməkdaşlarını illərlə təqib edib: "Əməkdaşlarım ondan qorxurdular".

Ramosun Twitter-dəki paylaşımlarından birində 2011-ci ildə bu şəxs barədə dərc edilmiş məqaləni yazmış jurnalistin fotosu və belə sözlər yer alıb: "Əziz oxucu, bu səhifəni özümü müdafiə etmək üçün yaratmışam. Ann-Arandel dairəsini məhkəməyə verib müflis edəcəyəm, korrupsiyaya uğramış karyeraları və korporasiyaların leşlərini sərəcəyəm".

Bu akkauntda 2015-c ildə Parisdəki "Charlie Hebdo" jurnalına hücum və orada qətlə yetirilmiş 12 nəfərdən də bəhs olunur.

Həmin akkaunt 2016-cı ilin əvvəlindən yenilənməsə də, redaksiyadakı gülləbaran ərəfəsində söyüş və "Məni rahat buraxın!" sözləri peyda olub.

Polisdən verilən məlumata görə, Ramos qəzetin redaksiyasına girəndən sonra qapını arxasınca bağlayıb, otağa tüstü şaşkası atıb və tüfəngdən atəş açmağa başlayıb.

Yerli şerif Uilyam Krampfın verdyi məlumata görə, Ramos hücuma əvvəlcədən hazırlaşıb. O, barmaqlarının uclarını da zədələyib dərini qoparıb ki, barmaq izlərinə görə şəxsiyyətini müəyyənləşdirilə bilməsinlər.

Gülləbaranda 65 yaşlı Vendi Uinters, 34 yaşlı Rebekka Smit, 59 yaşlı Robert Hayassen, 61 yaşlı Cerald Fişmen və 56 yaşlı Con MakNamara həlak olublar. Onların hamısı qəzetin əməkdaşları idilər. Hayassen redaktor müavini, Uinters və Fişmen isə jurnalistlərdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qəzet redaksiyasında gülləbaran: "amerikan qisası" və 5 ölü - VİDEO - FOTO Qəzet redaksiyasındakı atışmada 5 nəfər ölüb -1

Qəzet redaksiyasında gülləbaran: "amerikan qisası" və 5 ölü - VİDEO - FOTO Qəzet redaksiyasındakı atışmada 5 nəfər ölüb