Suriya İnsan Hüquqları Şəbəkəsi (SNHR) 7 ilə yaxındır vətəndaş müharibəsindən əziyyət çəkən Suriyada ilin ilk 6 ayındakı ölüm sayı ilə bağlı hesabat hazırlayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, SNHR-nin Suriyadakı qrupların qarşıdurması, hücumları və işgəncələrdən ölənlərə dair yayımladığı hesabatda qeyd edilib ki, bu ilin ilk yarısında 1004-ü uşaq, 798-i qadın olmaqla 4759 vətəndaş həyatını itirib.

Hesabatda bildirilir ki, Əsəd rejimi 6 ay içərisində 616-sı uşaq, 507-si qadın olmaqla 3056 adamı qətlə yetirib ki, rejim qüvvələrinə hava dəstəyi verən rus döyüş təyyarələrinin hücumlarında isə 138-i uşaq, 79-u qadın olmaqla 398 vətəndaş həyatını itirib.

Həmin müddətdə İŞİD-in 43-ü uşaq, 15-i qadın almaqla ümumilikdə 182 adamı öldürdüyü bildirilən hesabatda qeyd edilir ki, İŞİD əleyhinə beynəlxalq koalisiya qüvvələrinin hava hücumlarında isə 113-ü uşaq, 68-i qadın olmaqla 254 vətəndaş həyatını itirib. Hesabata görə, hərbi müxalifət qruplarının və rejimə qarşı silahlı qrup olan Heyet Tahrir Şamın hücumları nəticəsində ilin ilk 6 ayında 16-ı uşaq, 4-ü qadın olmaqla 53 vətəndaş ölüb.

PKK-nın Suriya qolu olan YPG terror qruplarının 11-i uşaq, 18-i qadın olmaqla ümumi 112 vətəndaşı qətlə yetirdiyi qeyd edilən hesabatda bildirilir ki, 167-si uşaq, 107-si qadın olmaqla 704 vətəndaş şəxsiyyəti bilinməyən şəxslər tərəfindən öldürülüb. Hesabatda həmçinin, ötən ay Suriyada 593 mülki şəxsin müxtəlif yollarla öldürüldüyü bildirilib.

Günay Elşadqızı / METBUAT.AZ