İki gündür ölkə ərazisində elektrik enerjisi ilə bağlı yaranan problem bir sıra digər problemlərə səbəb olub.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bildirib ki, bu barədə cənab prezidentin Sərəncamı ilə yaradılan və Baş nazirin birinci müavininin rəhbərliyi ilə işləyən Komissiya araşdırma aparır: “Yəqin ki, araşdırmalar aparılacaq və səbəb müəyyən ediləcək. Düzdür, havalar çox isti keçir, mən dünən Qubada idim, orada hətta 46 dərəcə isti var idi. Son 30-40 ildə bu cür isti görməmişdik. Ona görə istinin təsirindən ola bilər. Hadisələrin nəticələri araşdırılır, Komissiya araşdırma aparır.
Əslində isə ümumiyyətlə belə hadisələr olmamalıdır, mümkün qədər tez qarşısı alınmalıdır. Bizdə olmamalıdır, çünki müharibə şəraitində olan ölkəyik, ehtiyatımız çox güclü olmalıdır ki,ciddi problem yaranmasın. Amma iri dövlətlərin özündə də, hətta ABŞ-da, Avropa dövlətlərində də belə hallar olur. Komissiyanın hansı nəticəyə gələcəyini görəcəyik. Orada hüquq-mühafizə orqanları da işləyir, hamısı cəlb olunublar və məsələ araşdırılır”.
Günay Elşadqızı / METBUAT.AZ