Gülbəniz Hüseynli

Köşə yazarı

20:04 05 Mart 2021 72178
A- A+

Mən qızımı qollarıma alan zaman, böyüdüm

Mən ana olanda dünyada sanki bütün rənglər yalnız çəhrayı və mavi tonlarda idi.

Qızımın ilk dəfə səsini eşidəndə düşündüm ki, dinlədiyim bütün mahnıların melodiyası bu səs qarşısında ucuz qalacaq həddədir.

Məndə analıq hissi yalnız onu qollarıma alanda başlamış oldu. Bir məsəl var. Deyirlər ki, körpəni bətnində saxlayan deyil də, onu qollarına alıb böyüdən zaman qadın analıq hissini həqiqətən yaşayır. Məndə də deyəsən elə bir vəziyyət idi.

İlk dəfə onu görəndə həyatıma gələn bu yeni varlığın əslində bütün qərarlarımı dəyişəcəyinin fərqində deyildim.

Qısa bir müddət ona toxuna bildim. Mən o anda düşünmürdüm ki, uzun bir dövr, bəlkə də həyatım boyu çəkəcəyim bir qayğının o anda mənə 3 kq çəkidə təqdim olunmuşdur.

Ağappaq dərisi, sarı bir neçə teli, al-qırmızı yanaqları onu bu dünyada ən gözəl uşağın mənə bəxş edildiyi hisslərini yaşadırdı.

O qədər səssiz və yuxulu idi ki, gözləri pişik balasından fərqsiz hələ tam açılmamış vəziyyətdə arada bir doğulduğu bu kainatı seyr etmək istəyirdi.

O halda mənə baxıb bir-iki dəfə səs çıxardanda mən düşünürdüm ki, görəsən onun cümlələr dediyi günü mən nə zaman görəcəyəm?

Məndə o anda elə bir hiss yarandı ki, sanki qızımı qollarıma alanda böyüdüm.

O günə qədər mən də uşaq idim. Həmin gün isə, o balaca qızcığaz mənim daxilimdə xoş bir xatirədə həbs olundu.

Bəzi insanlara görə ana olmaq, uşaq dünyaya gətirib onu böyütməkdən ibarətdir. Mən nə anamdan, nə də başqa bir şəxsdən analığı öyrənməmişəm.

Onunla birlikdə yeni olan bu hisslər barədə kəşflər edir, ikili münasibətimizdə ana-bala münasibətindən çox dostluğa önəm verirəm.

Həyatda başqalarının uğursuz addımlarından dərs götürüb öz həyatında təkrarlamamaq özü bir nailiyyətdir.Əgər düşünürsən ki, bu səhvdir onu nədən yeni bir nümunə kimi həyatında tətbiq edəsən ki?

Bu gün çox analar qız övladlarını ailə qurmaq, övlad doğub yalnız həyat yoldaşının istəklərinə tabe olacaq şəkildə, sanki əşya kimi böyüdürlər.

XXI əsrin 20-ci illərində hələ də, Azərbaycanda, hətta ən inkişaf etmiş şəhərlərimizdə belə azyaşlı qızını var-pul həvəsi ilə erkən evləndirib yükündən azad olduqlarını düşünənlər var.

O insanlar özlərinə valideyin deyirlər, mən isə onları o kiçik qızcığazların arzularının qatili adlandırıram.

Hər zaman valideynlər övladlarının gələcəyi haqqında düzgün qərar verə bilməzlər.

Mən qızımı erkən yaşda ağ gəlinlikdə yox, ağ xalatda görmək istəyirəm. Mən qızımı önündə tas, barmaqları arasında dolma bükən deyil, o barmaqları hansısa böyük bir layihəyə imza atan yerdə görmək istəyirəm.

Mən övladımı daha arzuları çırtlamamış, ana olanda yox, balaca balalara istiqamət verən bir şəxs olaraq görmək istəyirəm.

Mən bu dünyaya bir şəxsiyyət böyütmək istəyirəm. Mən bu kainatın həyatında dəyişiklik edib, milyonlarla insanın taleyini dəyişəcək bir qızın anası olmaq istəyirəm.

Ana olmaq özünün arzularından nələri isə pay verməkdirsə, mən qızıma görə yalnız onun sağlam gələcəyinin qurulması üçün çox şeyin varlığını unuda bilərəm.

Qızlarımızı oğlan övladlarımız qədər sevək. Onları ağıllı böyüdüb, savadlanması üçün pul xərcləyəndə düşünməyək ki, sabah kiminsə ailəsi üçün kapital qoyuluşu edirik.

Heç bir qadın həyatın sərt silləsindən sığortalanmayıb.

Mənimövladı yetim qalan ,həyat yoldaşı şəhid olan çox azyaşlı tanışlarım var. Onların kimisi valideyni tərəfdən himayə edilsə də, kimisi də qaynana-qaynata danlağı altında əzilir.

Gənc yaşda dul qalıb,qohum əqrəbanın tənəli baxışları altında arzuları məhv olduğu halda həyatı bütövlükdə qara yaylığa düyünlənən xanımların sayı çoxdur.

Bir az qadınlara qarşı baxışlarımızı dəyişib, onları hansısa hisslərin obyekti kimi deyil, cəmiyyətdə nüfuza sahib önəmli görməyi bacarsaq, biz çox sterotipləri qırmış olarıq....

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI

Media Savadlılığı