Gülbəniz Hüseynli

Köşə yazarı

14:36 07 Sentyabr 2022 40352
A- A+

Qucağında "kukla" yerinə körpə tutan qızlarımıza görə günahkarıq - Gülbəniz Hüseynli yazır...

Mən fikirlərimə hansı cümlələrlə başlamalı olduğumu, bəlkə, yüz dəfə düşündüm. Bu sadə bir mövzu deyil. Bu, hər bir ananın, atanın düşünməli və bəlkə də gün ərzində dəfələrlə ağlına gətirdiyi bir problemdir.

İnsanın hisslərini, düşüncələrini yerlə bir edən bu hadisə baş verdiyi təqdirdə sağalmaz xəstəliyə çevrilir. Yara qabıq bağlamaq istəyəndə belə ani bir meh əsdiyi zaman o yara qanayır, çirk edir və sən yenə eyni hadisələri təkrar-təkrar yaşayırsan.

Kaş bu səhər daha bir azyaşlıya təcavüz və o iyrənc əməldən sonra doğulan günahsız körpə ilə bağlı xəbəri görməsəydim...

Bizim cəmiyyət hər zaman namus, əxlaq, mentalitet dəyərlərinə sadiq olaraq böyüyüb, inkişaf edib. Biz bunu ağsaqqalların, ağbirçəklərin həyat hekayələrində də görə bilərik. Ailədə ata çıxıb getsə də, ana uşaqlarına sahib çıxıb, öz gününü gecəsinə qataraq övlad böyüdüb. Zamanında deyərdilər ki, “qadın kişisinin papağıdır, həmişə yanında olmalıdır”. İndi papaq bir yana, ailə olmağı bacaran şəxslərə az qala medal taxacaq səviyyəyə gəlmişik. Əvvəllər böyüyümüz söz deyəndə haqsız belə olsa, səsimizi çıxarmazdıq. Çünki onun yaşı da, həyatda gördükləri də bizim üçün dərs sayılardı. İndi böyüklər söz deyəndə kiçik elə bağırır ki, böyük özündən utanır. Çünki zaman o qədər “həyasızlaşıb” ki, cəmiyyətin düzəni dağılıb, bəzi insanlar sistemsiz bir formada, başı boş bir şəkildə hara gəldi hücum edəcək vəziyyətdədir.

Deyirlər ki, “90-larda vəziyyət başqa idi, hər şey daha gözəl idi. Nə oldusa, bu 2000-lər başlayanda oldu”...

Hər zaman ağlı ilə düşünməyib, insanlara, çevrəsinə qarşı parazitlik edən insanlar olub. Bunun nə əsrlə, nə də illə əlaqəsi yoxdur. Bəlkə də, fəsadlaşmaya səbəb texnologiya və internetə əlçatanlığın bu qədər yaxın olmasındadır. Bizim cəmiyyətdə bir çoxları bu yeniliklərə ac qurd kimi baxır. Əgər belə olmasaydı, ölkə üzrə “Google”un axtarış hesabatlarında ən çox pornoqrafik saytlara giriş və qumar oyunlarına keçid trafiki çox olmazdı. Nə üçün 10 milyon əhalinin təqribən 70-80 faizi internetə əli çatdığı halda onların heç olmasa 50 faizi özünü inkişaf ilə bağlı bir şeylər axtarmır? Asan pul qazanmağın yolu qumar və mərc oyunlarından, şəhvət hisslərini öldürməyin yolu da pornoqrafik saytlardan keçir. Bizim cəmiyyət olaraq problemimiz budur. Asana qaçmaq, arzulara tez nail olmaq. Çox az adam tapılar ki, uzun bir yol keçərək inkişafına nail olsun. Biz işə girəndə belə “dayday” axtarırıq, müəllimə universitetdə qiymət yazsın deyə pul veririk, həkim istəməsə belə “şirinlik” verib yoldan çıxarırıq. İyirmi birinci əsr yenilikləri bizim təfəkkürümüz qarşısında acizdir...

Ailə dəyərlərimiz təhlükədədir...

Dayanıqlı, möhkəm bina tikmək üçün sağlam bünövrə şərtdir. Mənim birbaşa təcavüz faktları ilə bağlı fikirlərimi yazmamağıma səbəb elə bu vəziyyətə gələnə qədər keçdiyimiz yolu göstərmək idi. Ailə dəyərlərimiz təhlükə altındadır. Dostluq etdiyimiz şəxslərdən tutmuş çevrəmizdə olanları, yaşadığımız ərazini, uşağımızın məktəb yoldaşları, onların ailələri, müəllim kollektivi, o məktəbin çevrəsində olan bulka satandan tutmuş marketdə işləyənə qədər, onu evə gedib-gəldiyi yolda olan nə varsa bunların hamısını öyrənmək və daima diqqətdə saxlamaq məcburiyyətində qalmışıq. Nə üçün? Çünki biz bilmirik ki, övladlarımız üçün təhlükə haradan, hansı formada gələ bilər. Azərbaycanın hansısa kəndində dayı bacı uşağına təcavüz edir, qaynata gəlini zorlayır, uşaq məktəbə gedəndə yaşca ondan bir qədər böyük olanlar tutub əxlaqsızlıq edirlər və hər gün də bu xəbərləri media tirajlayıb başqaları üçün potensial şərait yaradır. Öncələri bu kimi xəbərlər yayılmırdı. Baş verəndə də bir-iki papaqlı gedib həmin adamı elə hala salırdılar ki, başqaları üçün də dərs olurdu. İndi isə gözəl ölkəmin bəzi internet qəhrəmanları bu kimi xəbərləri oxuyub “qızın gühanı var”, “qoyun quyruq sallamasa keçi gəlməz”, “günah telefondadır”, “ indikilər min hoqqadan çıxır” kimi eybəcər şərhlər yazıb öz daxili aləmlərini nümayiş etdirirlər. Geri qalan kütlə də “ Allahım kömək ol, hara gedirik biz”, “ Dəhşət”, “ Dünya dağılır” tipli şərhlər yazıb o anı yola verir. Bu halda problem həll olunmur, növbəti bu kimi hadisələr üçün də qapı açıq qalır. Məsələ ondadır ki, bizim cəmiyyətin görünməyən qəhrəmanlara ehtiyacı var. Əgər bu ölkədə təcavüzə cürət edən şəxslər nə qanundan, nə polisdən, nə də ondan sonra başlarına gələ biləcəklərdən qorxmurlarsa, demək, elə bir cəza üsulu olmalıdır ki, hamıya dərs olsun. Təcavüz edənləri axtalayıb, orqanını qulaqlarından asmaq, əlbəttə, demokratik cəmiyyət üçün qəbuledilməz görünür. Bəs qucağında kukla əvəzinə körpə gəzdirməli olan azyaşlı balalarımıza qarşı iyrənc əməl törədənlərin çoxalması faktının qarşısını necə alaq? Bu elə bir xəstəlikdir ki, vaksini heç vaxt olmayacaq...

Övladlarımıza dost, yoxsa düşmənik?...

Ümumiyyətlə, ailədə ata-ana arasında münasibət hər zaman övladların gələcək həyatına ciddi təsir edir. Çox az insan tapılar ki, ailəsində görmədiyi sevgini və qayğını övladı ilə bölüşə bilsin. Valideynlər hər problemi uşaqlarının yanında qabartmaqla onların gələcək həyatlarına ciddi təsir edirlər. Atalar yaxşı deyib “oğul atadan, qız anadan görməyincə öyüd almaz”. Deyirlər ki, qız anası ilə dost olmalıdır. Mən isə düşünürəm ki, qız övladı anası ilə bərabər atası ilə də dostluğu bacarmalıdır. Ata sevgisi güclü təlqin edilən qız övladları gələcəkdə seçimlərinə qarşı da diqqətli olurlar. Ailədə ata sevgisindən yoxsul qalan qız uşaqları daima onu hansısa bir şəxsin simasında axtarır. Əksər hallarda da bunun nəticəsi yaxşı olmur. Ana ilə qız münasibətində sərhəd olmamalıdır. Ana hər vəziyyətdə övladına nəsihət verib onun problemini həll etməyə çalışmalıdır. O da məlum olub ki, 13 yaşında ana olan qızın anası ondan imtina edib. Nə haqla? İmtina etmək acizlikdir, zəiflikdir, öz məhsuliyyətindən yayınmaqdır. Bir ana övladı uçurumun dibində də olsa onu xilas etmək üçün hər şeyi etməyi bacarmalıdır. Təcavüzə uğrayan gənc qızlarımızın psixoloji dəstəyə hər zaman ehtiyacı olur. Onları isə ağır psixi durumlarından yalnız sevgi və qayğı ilə xilas etmək olar. Həyatda heç birimizin hansısa pis bir hadisədən sığortalanmamışıq. Amma cəmiyyət o zaman güclü sayıla bilər ki, yıxılanı əzib üzərində bir daş yerinə əl uzadıb ayağa qaldırsın.

Oğul övladı böyütmək ona “sən kişisən, sənə hər şey olar” demək deyil. Kişi olmaq o demək deyil ki, o istədiyi hər şeyin sahibi olduğunu düşünüb, xüsusən zərif cinsə qarşı etik olmayan hərəkətlər etsin.

Ağzından hələ süd qoxusu gələn azyaşlı oğlanların atasız, kimsəsiz qız uşaqlarına qarşı əxlaqsızlıq faktları onlarladır. Səbəbkar o uşaqlara ata - ana tərbiyəsi verməyən valideynlərdir. Onların öz şəxsi məsələlərinə o qədər başları qarışıb ki, cəmiyyətə buraxdıqlarına uşaqlarına tərbiyə verməyi unudublar.

Ailəsində anasına qarşı şiddət görən oğul sabah onu öz çevrəsində olan qadınlara qarşı edə bilər. Dost çevrəsi normal sayılacaq insanlardan ibarət olmayan övladlarımızın nə vaxtsa əli qanaya bilər. Ən böyük problemlərdən biri də valideynlərin övladına cinsi tərbiyə verə bilməməsidir.

Qız uşaqlarının yeniyetmə vaxtlarında maarifləndirilməsi onların sağlam gənc qadın kimi yetişməsinə şərait yaradacaqdır. Onlara “sən uşaqsan ayıbdır” deməklə əslində gələcək bir fəlakətin başlanğıcını qoyurlar. Bizim cəmiyyətdə bir çoxları ayıb sözünün mənasını hələ tam dərk edə bilmir.

Sosial şəbəkədə 15-16 yaşda qızlar “Sugar dady” axtarır. Hansısa yaşlı varlı bir kişinin hesabına müəyyən arzularını həyata keçirmək istəyirlər. Kim isə evli kişidən uşaq dünyaya gətirib həyasızlıqla bunu cəmiyyətə nümayiş etdirir, hansısa bir qadın evli olduğu halda başqa kişi ilə görüşüb, “sevənləri qovuşmağa qoymurlar” deyə şərh yazır. Bu zaman sürü psixologiyasına uyğun olaraq onlarla qadın ona dəstək verir, bir o qədər də kişi isə deyir ki, “sən tək deyilsən”. Ayıb bax budur. Bu insanlar üçün həyat artıq tamam fərqli bir xətt üzrə davam edir.

Təcavüz qurbanı olan qızla ailə qurardınızmı?...

Bir dəfə hansısa bir sosial sorğuda bu suala cavab verənlərin dediklərindən dəhşətə gəldim. Kimisi deyirdi ki, “mənə başqasının artığı lazım deyil”, başqa biri fərqli davranaraq “evlənməzdim amma hər cür kömək edərdim” dedi. Sorğuda yalnız bir nəfər “əgər normal qadındırsa, mən onunla evlənərdim” deyə cavab verdi. Bir qadın nə artıqdır, nə hansısa bir parçanın hissəsidir, nə zəifdir, nə də möhtac. Amma bunu dərk etmədikcə o hər zaman kimlərinsə gözündə zəif qalacaqdır. Bu gün qadınlara qarşı hər formada istismar var. Ailədə qadınlara elə öz həmcinsləri tərəfindən zorakılıq tətbiq edilib gözyaşları axıdılır. Boşanmış qadınlar potensial olaraq onlarla nəfsinə hakim ola bilməyən kişilərin cinsi istismarı hədəfindədir. İş yerlərində qadın əməyi düzgün qiymətləndirilmir, onlar əksər hallarda əks cinsdən daha az maaş alırlar. Geyiminə, düşüncələrinə, seçimlərinə görə qadınlar daima əks cins tərəfindən sıxışdırılırlar. Nəticədə nə baş verir? Həyatında kiçik bir şans olan kimi o qadınlar qaçmağa, arzularını həyata keçirməyə, sınamağa çalışırlar. Amma bunu düzgün formada edə bilmədiklərində isə yenidən qurbana çevrilirlər.

Utandırma, düşündür...

Yazmaqla bitməyəcək fikirlərimə sonluq kimi qeyd etmək istəyirəm ki, hər şeyin başında düzgün ailə tərbiyəsi dayandığı üçün övladlarımıza qarşı da son dərəcədə diqqətli davranmalıyıq. Onları keçmişə görə deyil, hazırki dövrə uyğun tərbiyə etməyi bacarmalıyıq. Bunun üçün isə hər şeydən əvvəl özümüzü dəyişməliyik. Ata və ananın ən böyük vəzifəsi övlada qayğıdır. Nə qədər yorğun olsaq da, nəfəssiz belə qalsaq uşaqlarımızla zaman keçirməliyik. Onlara örnək olacaq valideyn olmalıyıq. Yıxılanda “qalx, qorxma” deməyi, əziləndə “üzülmə, mən səni başa düşürəm” söyləməyi bacarmalıyıq. Övladlarımızı utandıracaq sözlərlə deyil, düşündürəcək və səhvlərindən dərs alacaq cümlələrlə tənbeh etməyi bacarmalıyıq. Onların hər uğrunda: ilk rəsm çəkməsi, şeir deməsi, rəqs etməsini dəyərləndirib, mükafatlandırmalıyıq. Ola bilər ki, biz onlara yaxşı geyim alıb, bahalı oyuncaq hədiyyə edə bilməyək. Amma verdiyim düzgün tərbiyə ilə sağlam bir gələcək qurmaqlarına qarant ola bilərik...

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI

Media Savadlılığı