Facebook xatırlatdı: 11 il əvvəl avqustun 23-də yaxın qohumlarım, dostlarım, həmyerlilərimlə Şəhidlər Xiyabanına getmişdik. Həmin gün şəhidlərimizi ziyarət edənlər arasında mərhum Xalq artisti Qəndab Quliyeva da vardi. Vətən uğrunda canlarını fəda edən igidlərimizin məzarlarını ziyarət edib Uca Allahdan onlara rəhmət diləyəndən sonra Qəndab xanımla xeyli söhbət etdik, keçmişdən, gələcəkdən danışdıq. Sağollaşıb ayrılanda Qəndab xanım belə dedi: "Yaman günün ömrü az olur. Bir gün Füzuli və Cəbrayılın isğaldan azad olunduğu günü də qeyd edəcəyik".
Bu ənənə 2020-ci ilə kimi davam etdi. Hər il avqust ayının 23-də elliklə Şəhidlər Xiyabanına axışıb göz yaşları içərisində isğal gününü qeyd etdik. Düz 27 il avqustun 23-də toya getmədik, şadyananlıq etmədik, sevinmədik, gülmədik...
Qəhrəman Azərbaycan Ordusu 2020-ci ildə reallaşan 44 günlük Vətən müharibəsi nəticəsində təqvimdəki bu qara ləkəni silib atdı, üzümüzü ağartdı. Müzəffər Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində düşmən basıldı, Qarabağ, Şərqi Zəngəzur isğaldan azad olundu, Vətən torpaqları azadlığa qovuşdu.
...Saday Səfərov Birinci Qarabağ muharibəsi veteranıdır. Saday yaxın qohumum, təəssübkeş həmkəndlimdir. Hər il avqustun 22-də zəng edib eyni sözləri deyirdi: "Sabah neçədə görüşək?"
Biz Sadayla əvvəlcədən danışdığımız yerdə görüşüb birlikdə şəhidlərimizin ziyarətinə gedirdik. Mən işlə əlaqədar hansısa rayonda, ya da xaricdə olanda Saday Səfərov övladları, yaxın qohumları ilə Şəhidlər Xiyabanına gedirdi.
Ötən 6 ildə olduğu kimi Saday dünən də zəng eləmədi. Əvəzinə xalaoğlu Elbək zəng etdi: "Sabah neçədə toya gedirik?"
Həmişə avqustun 23-də yas tuturduq, bu gün toya gedirik...
Böyüklüyünə şükür, İlahi!
Uca Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Gözün aydın olsun, bəy atası!
Seymur Verdizadə